Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI RAYON SAKİNİNİ DÖYMƏKLƏ HƏDƏLƏDİ

İCRA BAŞÇISI RAYON SAKİNİNİ DÖYMƏKLƏ HƏDƏLƏDİ


28-06-2013, 15:51
İCRA BAŞÇISI RAYON SAKİNİNİ DÖYMƏKLƏ HƏDƏLƏDİ
SİRAQƏDDİN CABBAROVDAN MESAJ : «ELƏ ETMƏSİN Kİ, ONU ŞİL-KÜT EDİM»

DİA.AZ: - Seyid cəddinə arxayın olan kimi, arxasında dayanan qüvvələrə güvənən Saatlının icra başçısı Siraqəddin Cabbarov barəsində, onun əməlləri ilə bağlı mətbuatda kifayət qədər informasiyalar verilib. Elə keçən günlərdə də icra başçısının rayonu Rusiyada yaşayan iş adamlarından birinə peşkəş etməsini xəbər vermişdik.

Bildirək ki, təxminən 3 ilə yaxın müddət əvvəl icra başçısının adam döyməsi xəbəri də yayılmışdı. Hadisə o zaman icra hakimiyyətinin binası qarşısında baş vermişdi. Rayonun Dəlilər kəndindən olan sakinləri şikayət üçün gəldikləri icra hakimiyyətinin binası qarşısında şəxsən Siraqəddin Cabbarov tərəfindən şil-küt edilmişdilər. Hətta həmin zaman 4 kənd sakini həbs edilmişdi.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, Siraqəddin Cabbarov deyəsən, özünə çox güvəndiyindən yenə də qolunun gücünü sınamaq fikrinə düşüb. Bu barədə məlumatı verən Saatlıdakı mənbə iddia edir ki, iki gün əvvəl icra hakimiyyətinin başçısı ondan Prezident Administrasiyasına şikayət edən sakinlərdən birinə təxminən bu şəkildə bir ifadəni ismarıc kimi göndərib: «Elə etməsin ki, onu təpiyin altına salım».

Məlumatı verən rayon sakini DİA.AZ-a onu da bildirdi ki, şikayətçi düşən vətəndaşı incidirlər: «Bu səbəbdən şikayətçi vətəndaş rayondan da başını götürüb qaçmaq istəyir. Prezident Administrasiyasına şikayət etdiyinə peşman olub».

Geri qayıt