Əsas Səhifə > Partiya > "SİZ NİYƏ RAMİZ MEHDİYEVDƏN SORUŞMADINIZ Kİ?"..

"SİZ NİYƏ RAMİZ MEHDİYEVDƏN SORUŞMADINIZ Kİ?"..


2-07-2013, 10:22
"SİZ NİYƏ RAMİZ MEHDİYEVDƏN SORUŞMADINIZ Kİ?"..
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində yatan İslam Partiyası Astara rayon komitəsinin sədri Rufulla Axundzadə “Media forum” saytına göndərdiyi məktubda İran İslam Respublikasının rəhbərlərini qınayıb.

Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. Bu ilin mayında o, kəskin miokard infarktı keçirib.

Məhbus islamçı yazır ki, İran İslam Respublikasının rəhbərlərinə giley-güzar, irad bildirməklə Azərbaycanın dindar təbəqəsini düşündürən bir sualla müraciət etmək istəyir. O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadənin may ayında İrana işgüzar səfər etdiyini xatırladır: “İran İslam Respublikasının rəhbərləri, eləcə də bəzi müctəhid, alim və ruhanilər! Siz niyə Ramiz Mehdiyev və Allahşükür Paşazadədən soruşmadınız ki, Azərbaycanda həbs edilən dindarların, ruhani alimlərin günahı nədir? İran rəhbərliyi Azərbaycanda tutulan dindar təbəqəyə harada, necə, nə qədər silah-sursat verib? Harada, necə bunlara təlim keçib ki, İlham Əliyev hakimiyyətini yıxıb yerinə keçsinlər, Qubada, digər bölgələrdə yaşayan yəhudiləri ölkədən qovsunlar, terror etsinlər?

Əgər sual etmişsinizsə, onda cavabları niyə ictimaiyyətdən gizlədilir? Axı “Quran”da buyurulduğu kimi, heç bir şey, hərəkət və əməl Allahdan gizli deyil...

Biz dindarlar “Quran”da əmr edilənləri hakimiyyətin yadına salır və deyilənlərə əməl etməyənlərə həddini tanıtdırmaqla dünyəvi borcumuzu yerinə yetirir, şərlənir, həbs edilir və ya ölkədən qovuluruq. Sizlər isə heç bir şey olmamış kimi öpüşüb, qucaqlaşır və elə bil ki, bizlərə gözdağı verməklə nə demək istəyirsiniz?”

Geri qayıt