Əsas Səhifə > Sosial, Manşet > MASALLIDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ

MASALLIDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ


3-07-2013, 13:44
MASALLIDA HAKİMİYYƏT UĞRUNDA SAVAŞ
HACI MAZANIN OBYEKTLƏRİNƏ QARŞI YENİ HÜCUM PLANI İŞƏ DÜŞÜR

DİA.AZ: - Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovla Şeyx Hacı Allahşükür Paşazadənin qudası Hacı Mazanla ədavəti yeni xəbər olmasa da, bu köhnə intriqa ilə bağlı DİA.AZ-a maraqlı məlumatlar daxil olub.

Rayondakı mənbələr bildirir ki, əslində tərəflər arasındakı düşmənçilik zamanında Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator vəzifəsini daşımış Rafil Hüseynovun Masallıda «asayişi bərpa etmə» niyyətinə düşməsindən sonra yaranıb.

Belə ki, kifayət qədər güclü fiqurların oylağı olmuş Masallıda keçmiş icra başçısı zamanında Əhəd Abıyev kimi bir fiquru zərərsizləşdirsə də, Şeyxə söykənən Hacı Mazan və onun şəbəkəsi ilə bacara bilməmişdi. Əslində sabiq başçının belə bir niyyəti yox idi də və Əhəd Abıyevin Masallıdakı məğlubiyyətinin arxasında dayananlardan biri də elə Şeyxin özü idi. Hətta Şeyxin adamlarının bir ara Əhəd Abıyevi ölümlə təhdid etməsi xəbəri də yayılmışdı.

İndi isə Rafil Hüseynov kifayət qədər gücü olan və həmçinin şübhəli biznesdə adları çəkilən sözügedən qüvvələrlə üz-üzə qalıb. Daha doğrusu, həmin qüvvələri Masallıda məğlub etməyə çalışır.

DİA.AZ-a daxil olan informasiyalardan bəlli olur ki, Rafil Hüseynovun belə bir təşəbbüsdə bulunması onun özbaşına şəkildə verdiyi qərar deyil: «Əslində icra başçısı Hacı Mazanı məhz arxasında dayanan, onu himayə edən qüvvələrin sifarişi ilə sıradan çıxarmağa çalışır. Hacı Mazan da kifayət qədər güclü və həm də səriştəli birisi olduğundan Rafil Hüseynovu necə susdurmağı bacarsa da, ədavət hələ də bitməyib».

Xatırladaq ki, keçən günlərdə Hacı Mazanın şantaj yolu ilə Rafil Hüseynova meydan oxuması barədə yerli KİV-lərdə də məlumat getmişdi. Məlumatı verən mənbənin son bildirdiklərinə görə, artıq tərəflər arasındakı ədavət daha da qızışıb: «Bir neçə gün əvvəl icra başçısı yenidən Hacı Mazanın obyektlərinin sökülməsi ilə bağlı göstəriş verib».

Hələlik bu şifahi göstərişin icrasına başlanılmasa da, mənbəmiz iddia edir ki, yaxın günlərdə Şeyxin qudasına qarşı real kampaniya start götürəcək.

Bütün tərəflərin münasibətini işıqlandırmağa hazırıq.

Geri qayıt