Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞIX ÇİMƏRLİYİNDƏ QANUN QUMA BASDIRILIR

ŞIX ÇİMƏRLİYİNDƏ QANUN QUMA BASDIRILIR


4-07-2013, 11:01
ŞIX ÇİMƏRLİYİNDƏ QANUN QUMA BASDIRILIR
DİA.AZ Day.Az-a istinadən bildirir ki, daimi oxucularımızdan biri Taleh Əhədov yazır: "Valideynlərimlə birlikdə Şıx çimərliyinə, "1001 gecə" istirahət mərkəzinə yollandıq. Çimərlik ərazisinə keçmək istəsək də, oranın işçisi girişin pullu olduğunu, adambaşına 3 manat ödəməli olduğumuzu dedi.

Atam, anam və mən bu pulu vermək istəmədik, narazılığımızı bildirdik. Şıx çimərliyindəki başqa istirahət mərkəzinə yollandıq. Çimərliyə girən kimi oranın əməkdaşı dedi ki, giriş pulludur. Masa sifariş etsək, 15 manat, sadəcə qumda oturmaq istəsək, 2 manat verməliyik.

Bu dəfə razılaşdıq və adambaşına 2 manat verdik. Atamla dənizdə çiməndə gördük ki, anam çimərliyin işçisi ilə mübahisə edir. Sən demə, anam termosu masaya qoyubmuş. Buna görə anamdan 15 manat tələb edirdilər".

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov bildirdi ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Şıx qəsəbəsindəki çimərlikdə dəniz suyunun laborator tədqiqatını aparıb. Bu çimərlik çimmək üçün yararlı deyil.
Bibiheybət icra nümayəndəliyi də çimməyin qadağan edildiyinin yazıldığı lövhələr quraşdırıb.

"Çimərlik ərazilərində göstərilən xidmətlərə görə qiymətlərə nəzarət etmək səlahiyyətlərinə rayon icra hakimiyyəti malik deyil. Onlar bu və digər xidmətə qiyməti özləri müəyyənləşdirirlər. Bəhs etdiyimiz məsələ başqa müvafiq strukturların səlahiyyətindədir", - İ.Kərimov dedi.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə çimərliyə giriş üçün pul tələb olunması faktları ilə bağlı "qaynar xətt"ə (566-83-71) zəng vurmağı məsləhət bildi.

Geri qayıt