Əsas Səhifə > Dünya > DƏLİ PYOTRUN DƏLİ VARİSİ

DƏLİ PYOTRUN DƏLİ VARİSİ


22-12-2011, 12:24
DƏLİ PYOTRUN DƏLİ VARİSİ

RUSİYANI YENİDƏN DİRÇƏLDƏN PUTİNİN VARİDATI AÇIQLANDI

Rusiya Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd, baş nazir Vladimir Putinin varidatı barədə məlumat açıqlayıb.

“Media forum” saytı xəbər verir ki, rəsmi məlumatda Putinin 10 bankdakı hesablarında 5 milyon 722 min rubl vəsait olduğu göstərilir.

Putinin son dörd ildə əməkhaqqından, banklardakı əmanətlərindən və səhmlərindən (hərbi təqaüdü də nəzərə alınmaqla) ümumilikdə 17 milyon 700 min rubl (təqribən 600 min ABŞ dolları) qazandığı bildirilir.

Rəsmi məlumatda deyilir ki, Putinin Sankt-Peterburqda ümumi sahəsi 77,7 kvadratmetr olan mənzili, Moskva vilayətində 1500 kvadratmetr torpaq sahəsi var.

Putin “Bank Sankt-Peterburq” ACS-də 230 səhmin sahibidir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putinin həyat yoldaşı Lyudmila Putinanın hesablarında 8,8 milyon rubldan çox pul var.

Sənədlərə əsasən, Rusiyanın hökumət başçısının üç avtomobili var: 1960-cı ilin istehsalı olan “QAZ M21”, 1965-ci ilin istehsalı olan “QAZ 213” və bir ədəd “Niva”.

2012-ci il martın 4-də Rusiyada prezident seçkisi keçiriləcək. Vladimir Putinin namizədliyi dekabrın 20-də qeydə alınıb. Onu rəhbəri olduğu Vahid Rusiya Partiyası noyabrın 27-də Moskvada keçirilən qurultayında prezidentliyə namizəd irəli sürüb.

Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. Uzun illər dövlət təhlükəsizlik orqanlarında çalışıb.

Mərkəzi hakimiyyət orqanlarına ötən əsrin 90-cı illərinin ortalarında gəlib. 1996-cı ildə Rusiya prezidentinin işlər müdirinin müavini, 1997-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini olub. 1998-də Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə keçib. Həmin ilin yayında Federal Təhlükəsizlik Xidmətinin direktoru olub. 1999-cu ilin martından isə həm də Rusiya Təhlükəsizlik Şurasının katibi işləyib.

1999-cu il avqustun 9-da Rusiya Nazirlər Kabineti sədrinin birinci müavini, avqustun 16-da isə baş nazir təyin olunub. 1999-cu il dekabrın 31-də prezident Boris Yeltsin istefa verib və növbədənkənar seçkiyə qədər prezident vəzifəsinin icrası Vladimir Putinə tapşırılıb.

2000-ci il martın 26-da prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziridir.


Geri qayıt