Əsas Səhifə > Dünya > DEVRİLMİŞ PREZİDENTİN TƏRƏFDARLARI DİNC DURMUR
DEVRİLMİŞ PREZİDENTİN TƏRƏFDARLARI DİNC DURMUR5-07-2013, 11:23 |
Misir ordusunun prezident Məhəmməd Mursini devirərək ev həbsində saxlandığını elan etməsindən sonra vəziyyət gərgin olaraq qalır. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ölkənin bir çox yerlərində meydanlara axışan Məhəmməd Mursi tərəfdarları cümə namazını gözləyir. Məhəmməd Mursinin minlərlə tərəfdarı paytaxt Qahirədə Nasir City rayonundakı Rabiatul Adeviyye meydanı və Qahirə Universitetinin önünə toplaşıb. Əyalətlərdə də sabiq prezidentin tərəfdarları meydanlardan ayrılmır. Dünən Məhəmməd Mursiyə tam dəstək verən Marsa Matruh şəhərində yaşanan qarşıdurmadan sonra polis və hərbçilər şəhərin küçələrini tərk edərək dövlət binalarına sığınıb. Bölgədəki bədəvi tayfaları Məhəmməd Mursiyə birmənalı dəstək verəcəklərini bəyan ediblər. Şimali Sinanın mərkəzi şəhəri El Arişte də faktiki Məhəmməd Mursi tərəfdarlarının nəzarətinə keçib. Bu şəhərdə də polis və hərbçilər dövlət binalarından kənara çıxmağa cəsarət etmir. Bu gün şəhərdə Məhəmməd Mursi tərəfdarlarının böyük aksiyası keçiriləcək. Beni Suef, Asvan, Asyut və Luksorda da meydanlarda Məhəmməd Mursini dəstəkləyən minlərlə insan toplaşıb. Məhəmməd Mursinin anadan olduğu Zakazitdə sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalarda isə yüzlərlə insan yaralanıb. Polis aksiyaların qarşısının alınmasında aciz qaldığı üçün ordu rəhbərliyi şəhərə zirehli bölüklər göndərib. Əyalətdəki şəhərlərə nəzarəti itirməkdə olan ordu rəhbərliyi isə Qahirədə Təhrir meydanı və Prezident Sarayı ətrafında toplaşan Məhəmməd Mursi əleyhdarlarına vertolyotlardan bayraq atır. Geri qayıt |