Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEVİN “QAZ”ANCI

RÖVNƏQ ABDULLAYEVİN “QAZ”ANCI


22-12-2011, 12:52
RÖVNƏQ ABDULLAYEVİN “QAZ”ANCI

NEFT FONDU XARİCƏ SATILAN MAVİ YANACAQDAN DAXİL OLAN VƏSAİTİ AÇIQLAMIR

DİA.AZ: - 2010-cu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 101,2 milyon, büdcə xərcləri isə 2 630,2 milyon manat təşkil edib. Bu dövrdə fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 089,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 000,1 milyon manat, Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə dividendlərdən 83,2 milyon, tranzit gəlirləri 4,3 milyon, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,9 milyon, akrhesabı ödənişlər 0,8 milyon manat təşkil edib. Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir cəmi 11,9 milyon manat olub.

Məlumdur ki, həmin gəlirlər sırasında neft satışından əldə olunan pullarla yanaşı, qaz satışından gələn vəsaitlər də yer alıb. Dövlət Neft Fondunun hesabatlarında gəlirlər neft və qaz olaraq ayrı-ayrılıqda deyil, birgə təqdim edirlər.

Ən maraqlı məqamlardan biri də odur ki, Dövlət Gömrük Komitəsinin də hesabatlarında ölkədə ixrac olunan enerji resurslarına dair məlumatlarda «Şahdəniz I» yatağından hasil olunan qazın nəzərə alınmadığı göstərilir. Halbuki, qaz təbii resrurs olaraq, dövlətə və xalqa məxsusdur. DGK-nın hesabatı da dövlətə məxsus sənəddir. Bu istiqamədə gəlirlərin gizlədilməsi isə şübhələrə yol açır.

Aparılan monitorinqlərdən məlum olub ki, 2010-cu ildə Türkiyə mətbuatı Azərbaycandan idxal olunan qazın həcmi barədə 6 müxtəlif rəqəm səsləndirib. «Şahdəniz» layihəsi üzrə 4,3 milyard kub\metrdən 5,1 milyard kub\metrə qədər Türkiyəyə qazın ixrac edilməsi barədə müxtəlif statistikalar göstərilir. Bununla bağlı heç bir rəsmi statistika yoxdur.

Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri də qaz ixracı ilə bağlı məlumatı verməkdə maraqlı deyillər. Onlar bəhanə gətirir ki, hasilatçı şirkət olaraq hesabatlarına ixrac məsələlərini salmaq hüquqları yoxdur. «Şahdəniz» layihəsi üzrə kommersiya operatoru olan «Statoyl» isə açıq şəkildə bu rəqəmi ictimaiyyətə təqdim etməkdən imtina edir.

Dövlət Gömrük Komitəsinin sərhəd-keçid məntəqəsində xüsusi sayğaclar quraşdırılıb ki, orada ölkəyə idxal və ixrac olunan məhsullar qeydiyyata düşür. Lakin hakimiyyətin yuxarı dairələrində gələn göstərişlər əsasında «Şahdəniz-1» layihəsi üzrə ixrac olunan qaz buraya salınmır. Bir sözlə, rəsmi sənədlərdə Azərbaycanın ixrac etdiyi nə qaz, nə də ondan əldə olunan gəlirlər barədə məlumat verilir və bu ciddi cəhdlə gizlədilir.


Geri qayıt