Əsas Səhifə > Siyasət, Manşet > OLİQARXLARIN KORRUPSİYA AYI
OLİQARXLARIN KORRUPSİYA AYI22-12-2011, 12:55 |
DEKABRDA MƏMURLAR BÜDCƏ ÜZƏRİNƏ HÜCUMA KEÇİR DİA.AZ: - Hər il dövlət büdcəsinin əhəmiyyətli hissəsi investisiya xərcləri üçün ayrılsa da, görülən işlərdə bu özünü o qədər də göstərmir. İri layihələrdə, bir qayda olaraq, korrupsiyanın yükü də kifayət qədər yüksək olur. Bundan gözü doymayan məmurlar ilin sonuna qədər xərclənməyən vəsaitlərin növbəti ilə keçməsinə imkan vermir. Müstəqil iqtisadçıların hesablamalarına görə, son illərdə investisiya xərcləri aylara nisbətdə bərabər bölünmür. Ən çox xərc isə, bir qayda olaraq, dekabr ayına düşür. Hətta bəzən təkcə dekabrda xərclənən vəsaitlər ilin bir neçə ayında xərclənən vəsaitlərdən çox olur. Büdcənin aylar üzrə icrasında müxtəliflik var. İnvestisiya büdcəsinin aylar üzrə proporsional həyata keçirilməsi isə mümkün deyil. Məsələn, 2010-cu ilin dövlət büdcəsinin 34 faizi, təxminən 4 milyard 147 milyon manat birbaşa investisiya xərcləmələrinə ayrılmışdı. Bu vəsait həm də ÜDM-də 11% təşkil edir. İnvestisiya sahəsinə çəkilən xərclər 2008-2010-cu illərdə təxminən 12 mlrd. dollar ətrafında olub. Bu da kifayət qədər böyük məbləğdir. Bu illərin büdcə icrasını aylar üzrə nəzərdən keçirəndə həmin dövrdə ilin əvvəlində büdcə xərcləmərində ciddi addımların olmadığını görmək olur. Hətta yanvarda cüzi məbləğdə büdcə icra olunur. Amma ilin sonunda, xüsusilə dekabr ayında birdən-birə büdcənin icra səviyyəsi yüksəlir. Məsələn, 2007-ci ildə xərclərin 20 faizi son ayda - dekabrda icra olunub. 2010-cu ildə bu xərclərin 28,5%-i dekabr ayında icra olunub. 2008-ci ildə - 2,5 mlrd. ancaq dekabr ayında «xərclənib». 2009-cu ildə dekabrda 2,7 mlrd. 2010-cu ildə 3,4 mlrd. büdcə vəsaiti «xərclənib». Bu illərin büdcəsini təhlil edəndə görürük ki, aylar üzrə büdcə daxilolmalarında proporsionallıq var. Yeganə 2010-cu ildə büdcə daxilolmaları dekabr ayında daha çox olub. 2010-cu ildə aylar üzrə büdcə xərcləməsinin 765,5 mln. manat olduğunu, amma dekabr ayında bir aylıq büdcə xərcləməsinin 3 mlrd 345 mln manat təşkil etdiyini deyir. Bu da orta büdcə xərcləməsi səviyyəsindən 4 dəfədən də çoxdur. Belə ciddi fərqlənmənin müəyyən obyektiv səbəbləri də var. Bəzən əvvəl xərclənən vəsait ilin sonunda rəsmiləşdirilir. Ancaq obyektiv səbəblərlə bu qədər böyük kənarlaşmanı əlaqələndirmək mümkün deyil. Burda daha çox subyektiv səbəblər var. İlin sonunda vəsaitlərin çox xərclənməsinin əsas səbəblərindən biri o vəsaitin növbəti büdcə ilinə keçirilməsi ehtimalının azaldılmasıdır. Geri qayıt |