Əsas Səhifə > Cəmiyyət, Manşet > YEVLAX SÜRÜCÜLƏRİ ETİRAZ AKSİYASI TƏDARÜKÜNDƏ

YEVLAX SÜRÜCÜLƏRİ ETİRAZ AKSİYASI TƏDARÜKÜNDƏ


5-07-2013, 15:17
YEVLAX SÜRÜCÜLƏRİ ETİRAZ AKSİYASI TƏDARÜKÜNDƏ
NAZİR DƏ ONLARI EŞİTMİR

DİA.AZ: - Keçən günlərdə Yevlax rayonunda fəaliyyət göstərən bir qrup marşrut avtobus sürücüləri Bəkirov Coşqun Xalıddin oğlu, Nəsibzadə Ehtimat Fərhad oğlu, Nəsibzadə Nısib Fərhad oğlu, Cabbarov Sakit Səyyaf oğlu, Abbasov Əliyar Hümmər oğlu və Şirinov Həmid Davud oğlu tərəfindən imzalanmış şikayət ərizəsi əsasında hazırladığımız materialı diqqətinizə təqdim etmişdik.

DİA.AZ-a daxil olan ərizədə sürücülər Yevlax rayon 5 saylı nəqliyyat departamentinin rəhbərliyi və əməkdaşları tərəfindən onların hüquqlarının kobud şəkildə pozulmasından, rayonun sərnişindaşınma sistemində məmurlar tərəindən inhisarçılıq yaradılması cəhdlərindən bəhs edirdilər. Eyni zamanda məktubda sürücülərə qarşı basqıları bilavasitə həyata keçirən departament əməkdaşının adı da qeyd olunmuşdu:

“Bizim şikayətimiz Yevlax rayon 5 saylı nəqliyyat departamentinin əməkdaşı İsmayılov Adildəndir. Bu adamdan yüzlərlə şikayət məktubları yazmağımıza baxmayaraq, heç bir nəticə yoxdur. İsmayılov Adil küllü miqdarda pul alıb guya ki, sahibkarlıq fəaliyyəti göstərən Cəbiyev Yavəddin və onun şəriki Nemət Maarif oğlu üçün rayonun nəqliyyat sistemində monopoliya yaratmaq istəyir. Biz sahibkar olduğumuz halda bizi nəzərə almırlar. Bütün maşınlar biz sürücülərə aiddir. Bu “sahibkarların” 2 ədəd mikroavtobusları olduğu halda bizi məcbur edirlər ki, siz bunların alası olduqları lisenziya ilə müqavilə bağlayıb, onlar deyən gündəlik pulu ödəyin. İsmayılov Adil biz sürücülərdən fərqli-fərqli olaraq 1200-1500 manat almışdır ki, sizə lisenziya verəcəm. Hələ də nə puldan, nə də lisenziyadan xəbər var. Hər ay biz sürücülərdən dövlət rüsumu olan 23 manat əvəzinə 60 manat alır. Bu adam haqqında hər yerə şikayət etmişik, hətta pul istədikdə səsini disk köçürərək korrupsiyaya qarşı mübarizə üzrə komissiyaya göndərdik. Şikayət məktubları Nəqliyyat naziri Ziya Məmmədova ünvanlansa da, bütün bunların nəticəsi olmadı.”

Diqqət edirsinizsə, şikayətçilər onların etirazlarına yuxarı instansiyalarda məhəl qoyulmadığını da xüsusi qeyd etmişdilər. Hətta onlar yeganə çıxış yolu kimi radikal tədbirlərə əl atmaq istədiklərini də gizlətmirdilər:

“Əlacımız kəsilib ipək yolunu kəsəcəyimizi bildirdikdə, bizi icra hakimiyyətinin iclas zalına topladılar. İcra başçısı, prokuror, milli təhlükəsizlik və polis müavinləri bizimlə görüşdülər. İcra başçısı xeyli danışdıqdan sonra dedi ki, indi bazar iqtisadiyyatıdır. Yekə balıq, balaca balıqları yeyir. Mən təzə avtobuslar gətirsəm nə edəcəksiniz? Gedin hələ ki, başınızı aşağı salıb işinizi işləyin. Üstündən bir neçə ay keçdikdən sonra bütün tapşırılanlara baxmayaraq “sahibkarlar” bizim işimizə mane olmağa başladılar. Mikroavtobuslarını 1 və 2 nömrəli marşurutun qarşısına çıxararaq yeni xətt yaratmışıq deyib, bizi işləməyə qoymayırlar. Bütün bunların başında duran Adil İsmayılovdur. O, şəxsən bizə deyir ki, sizin şikayət məktublarınız baxılması üçün üstü yazılaraq mənim əlimin altına gəlir. Özünüzü nəyə görə yorursunuz? Onsuzda savadsız sürücülərin sözünü eşidən olmayacaq. Siz yazdıqca tanışlarım, gücüm artır. Biz ondn şıkayət etdikdə o, bizə sağ olun deyir ki, məni icra başçısı, prokurorla tanış etdiniz...”

Lakin DİA.AZ-a daxil olan son məlumatlardan belə qənaətə gəlmək olar ki, bu tanışlıqların heç də hamısı Adil İsmayılovun xeyrinə olmaya bilər. Misal üçün, məlumatı təqdim edən mənbələr Ağdaş rayon prokurorluğu ilə yaxından tanışlığın A.İsmayılov üçün qətiyyən arzuedilən olmayacağını ehtimal edirlər. Bildirilir ki, sürücülərin şikayətləri əsasında hazırda Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Bu hal isə təkcə Adil İsmayılovun deyil, həmçinin Yevlax rayon 5 saylı nəqliyyat departamentinin rəhbərliyinin də ciddi narahatlığına səbəb olmuşdur.

Geri qayıt