Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ
ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ8-07-2013, 11:37 |
Azərbaycanın ən qədim, vətənin ərazi bütövlüyü uğrunda döyüşə oğullar yetişdirən diyarlarından biri - Şamaxıda rəzalət yaşanır. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı uzun müddət idi ki, baxımsız qalmışdı. Yerli camaat və mətbuat bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün addım atmırdı. Ötən ildən yaranan belə vəziyyət indiyə qədər davam edir. Hazırda Şəhidlər Xiyabanına giriş-çıxış bağlıdır. Qarşısında isə “ Şəhidlər Xiyabanı sürüşmə ilə əlaqədar təmirə bağlanıb” lövhəsi vurulub. Xiyabanın içi bərbad vəziyyətdədir. Demək olar ki, ziyarətgah dağılıb, daşlar qırılıb, hər yanı ot basıb. Şəhidlərin adına hörmətsizlik olan bu vəziyyətə isə son qoyulmur. Bir ildən çoxdur bu rüsvayçılıq davam etdi. Hamının gözü qarşısında Şəhidlər Xiyabanı dağılır. Hələ ötən il Şamaxı Rayon İcra Hakimiyyətindən bəyan olunub ki, rayonun investisiya planına Şəhidlər Xiyabanın yenidən qurulması salınıb, dövlət büdcəsindən vəsait ayrılmasını gözləyirlər. Yalnız bu il Şamaxı camaatının şikayətlərindən sonra nəhayət, xiyaban təmirə bağlanıb. O da necə? Ərazidə sürüşmə baş verməsindən sonra aidiyyəti orqanlar hərəkətə keçib. Şamaxılılar gileylənirlər ki, gərək sürüşmə olaydı, xiyabana təhlükəli vəziyyət yaranaydı, ondan sonra dövlət orqanları tədbir görməyə başlayardılar. Yerli sakin Füzuli Xanəliyev: “Şamaxı ziyalıları müraciət etdilər. Camaat hər yerdə şikayətlənməyə başladı. Dedilər, düzələcək. Bu qədər müddət keçib heç bir tədbir görülməyib. Şəhərdə muzey, mərkəz tikə bilirlər. Ancaq şəhidlərə gələndə iş uzanır”. Söhbətləşdiyimiz bir başqa şamaxılı Etibar Şirinov da bu sayğısızlığa etiraz edir: “Orada uyuyanlar bizim azadlığımız və vətənimiz uğrunda canını fəda edən övladlarımızdır. Onlara qarşı bu cür diqqətsizlik olmamalıdır. Milyonlarla dövlətin pulu var. Bir xiyabanı abadlaşdırmaq nə çətin işdir ki, bu qədər müddəti yubadırlar? Yolları hər ay qazıb təzədən asfalt sala bilirlər. Məgər icra başçısı bu yoldan ötəndə vəziyyəti görmürmü? Şəhidlərə biganəlik günahdır. İcra başçısı, dövlət adamları 20 yanvar günü, Xocalı və başqa tarixlərdə bu məkanı ziyarət edirlər. Heç olar ki, belə müqəddəs bir məkan dağılmış vəziyyətdə qalsın. Gözlədilər, uzatdılar axırda sürüşmə oldu”. Şamaxının sözügedən yerində olub müşahidələr apardıq. Burada nə tikinti gedirdi, nə bir təmir işləri. Ərazinin nə vaxt hazır olacağı da dəqiq bilinmir. Sakinlərdən öyrənirik ki, sürüşmə 7-8 ay əvvəl olub. Ondan sonra xiyaban bağlanıb və bu günə kimi heç bir tədbir görülməyib. Mahir Cəbiyev: “Şəhidlər Xiyabanı bərbad vəziyyət düşüb. Təbii fəlakətdən əvvəl aidiyyəti qurumlar fəlakət yaratdılar. Vaxtında tədbir görülsəydi belə olmazdı. Burada uyuyan şəhidlərin yaxınları, ailələri şikayətlənir. Gördülər ki, Bakıya şikayətə gedəcəklər camaatı sakitləşdirmək üçün ərazini bağlayıb qapalı elan etdilər”. Şəhidlər Xiyabanı kimi kənd yolları da acınacaqlı vəziyyətə düşüb. Şəhərin əksər kənd yolları çala-çuxurdur. Meysəri, Cabanı, Keçmədin, Qurdtəpə və digər kəndlərin yolları bərbaddır. Şamaxının beş addımlığı olan həmin kəndlərə yol çəkmək müşkül məsələ deyil. Kəndlilər çoxsaylı müraciətlər etsələr də, faydası olmayıb. Onlar daha teleqram vurmurlar. Çünki kənd yollarının təmiri proqrama salınmalıdır. Şikayət etməklə gəlib problemi həll etmirlər. Kəndlilər Şamaxının deputatı Elxan Süleymanovu “gündüz əldə çıraq gəzirlər”. Onların sözlərinə görə, deputatın başı Avropada kürü paylamağa qarışıb, camaatın problemləri yaddan çıxıb. Şikayətçi Hafiz Kərimov deyir ki, deputatın Milli Məclisdə kənd yolları ilə bağlı problemi dilə gətirən gün qurban kəsəcək: “Hörmətli deputatımıza yəqin hər seçkidə şamaxılılar yox, avropalılar səs verir. Onları daha çox istəyir. Ta nə edək, nə vaxt Elxan müəllim bizi yada salar, onda nəzirimizi kəsərik. İmkan olsaydı, ona kürü göndərərdik gedib xaricilərə qonaqlıq verərdi”. Şamaxılıları narahat edən ən ciddi problemlərdən biri torpaqların mənimsənilməsidir. Sakinlərə məxsus torpaq sahələrinin qanunsuz şəkildə bələdiyyələr tərəfindən saxta sənədlər əsasında satışı prosesi həyata keçirilir. Kəndlilərə aid pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. “Pirqulu” dövlət qoruğuna məxsus olan ərazidə məmurların bahalı mülkləri tikilib. Şamaxı camaatı suyu öz hesablarına alır, su xətləri isə ancaq məmurların evlərinə çəkilir. Hər hansı bir şəxs kiçik bizneslə məşğul olmaq istəyən zaman ondan elə məbləğdə rüşvət istənir ki, istər-istəməz fikrindən daşınır"- torpaqların zəbt olunmasından danışan Faiq bəy belə deyir... Geri qayıt |