Əsas Səhifə > Güney Press, Araşdırma > BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ

BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ


10-07-2013, 12:15
BÜDCƏ YEYİB BORCLU QALAN DÖVLƏT ŞİRKƏTLƏRİ
Dövlətin sahiblik etdiyi iri şirkətlər maliyyə şəffaflığı üçün böyük problemdir. Son illər investisiya layihələrinin dəstəklənməsi məqsədilə dövlət mülkiyyətində olan təsərrüfat hesablı müxtəlif müəssisə və şirkətlərə böyük məbləğdə əvəzsiz büdcə vəsaitləri ayrılır. Halbuki, məsələn, “Barmek”in dövründə hökumət Abşeron yarımadasının enerji sisteminin saxlanmasına büdcə dəstəyi vermədiyi halda həmin şirkətlə müqavilə pozulandan sonra eyni coğrafiyaya xidmət göstərən dövlət şirkəti “Bakıelektrikşəbəkə”yə böyük həcmdə maliyyə yardımları verdi. Nəticə isə göz qabağındadır: iri dövlət şirkətlərinin maliyyə intizamsızlığı məhz onların büdcədən aldığı milyonların yaratdığı arxayınçılıqdan qaynaqlanır.

2012-ci ildə “Azərenerji”, “Azərsu”, “Bakıelektrikşəbəkə”, AZAL, ARDNŞ kimi iri dövlət şirkətlərinə əsaslı vəsait qoyuluşu formasında 1,4 milyard manat vəsait ayrılıb. Həmin vəsaitlərdən “Azərenerji”yə 141,7 milyon, “Azərsu”ya 580 milyon, ARDNŞ-yə 330 milyon, AZAL-a 232,6 milyon, “Bakıelektrikşəbəkə”yə 90 milyon manat pay çatıb. Amma sadalanan şirkətlərin dövlət büdcəsinə ödənişləri birlikdə 1,7 milyard manatdan azca çoxdur. Bu o deməkdir ki, onlar dövlət büdcəsinə vergi kimi ödədikləri vəsaitin təxminən 82 faizini elə il ərzindəcə geri alıblar.

Ötən il dövlət büdcəsinə “Azərenerji” 140,4 milyon manat (əvvəlki ilə nisbətən 5,6 milyon manat çox), Rabitə Nazirliyinin müəssisələri 32,5 milyon manat (2,3 milyon manat çox), AZAL 22,9 milyon manat (2,7 milyon manat çox), “Azərsu” 11 milyon manat (1,7 milyon manat az), Azərbaycan Dövlət Dəmir Yolları 1,9 milyon manat (6,0 milyon manat az), Xəzər Dəniz Gəmiçiliyi 249 min manat (300 min manat az) vəsait ödəyib.

Rəsmi məlumatlardan aydın olur ki, iri vergi ödəyicisi hesab olunan dövlət müəssisə və şirkətlərinin dövlət büdcəsi qarşısında vergi öhdəliklərinin icrası ilə bağlı ciddi problemləri var. 2013-cü ilin yanvarın 1-nə olan 2,6 milyard manata yaxın vergi borclarının təxminən yarısı – 1,2 milyard manatı dövlət mülkiyyətində olan müəssisələrin payına düşüb. Bu, iri ödəyicilərin faktiki vergi ödənişlərinin təxminən 80 faizinə bərabərdir. Halbuki, məsələn, xarici və birgə mülkiyyətdə olan müəssisələrin 2012-ci il üzrə faktiki vergi ödənişlərinin (2,3 milyard manat) 8,5%-i həcmində vergi borcu yaranıb.

Hesablama Palatasının məlumatına görə, hesablanmış vergi və ödənişlərin Rabitə Nazirliyinin müəssisələri 80% hissəsini, “Azərenerji” 45,6%, AZAL 48%, “Azərsu” 39% hissəsini, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəmir Yolları isə 10%-dən də az hissəsini büdcəyə ödəyiblər.

Büdcədən böyük həcmdə vəsait alan bu şirkətlərin vergi öhdəliklərini yerinə yetirməməsinin səbəblərinə icra büdcəsinin parlament müzakirəsində aydınlıq gətirilmir. Halbuki təkcə fiskal orqanların deyil, bu şirkətlərin səlahiyyətli şəxslərinin də ictimai vəsaitlərin istifadəsinə dair parlamentə izahat vermək öhdəliyi olmalıdır.

Nazirlər Kabinetinin 9 iyun 2005-ci il qərarına əsasən, iri vergi ödəyiciləri hesab olunan dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dən gec olmayaraq hökumətə, sənədin son variantını və investisiya proqramlarını isə razılaşdırılmaq məqsədilə dekabrın 1-dək Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim etməlidir.

Azərbaycan Konstitusiyasına görə, dövlət büdcəsinə nəzarətin həyata keçirilməsi qanunverici hakimiyyətin müstəsna səlahiyyətidir. Odur ki, yanacaq-energetika, nəqliyyat və kommunal sektora daxil olan dövlət şirkətlərinə büdcə dəstəyinin verilməsi ilə bağlı hökumətin də parlamentə əsaslandırmalar təqdim etməsinə ehtiyac var.

İri dövlət şirkətləri büdcədən vəsait alıb-almamasından asılı olmayaraq həm gəlir və xərclər smetasının layihəsini, həm investisiya layihələrini, həm də maliyyə hesabatlarını qanunverici orqana təqdim etmək öhdəliyi daşımalıdır. Büdcədən maliyyə ayırmalarının isə hər il büdcə paketinə daxil edilən ayrıca qanunla tənzimlənməsi, həmin qanunda maliyyə yardımının məqsədinin aydın göstərilməsi effektiv nəzarət mexanizmi ola bilər.

Qanunvericilikdə dövlət şirkətlərinin büdcə hesabına maliyyə dəstəyi almasının şərtləri, belə dəstəyə qoyulan məhdudiyyətlər, hökumətin maliyyə yardımları müqabilində şirkətin hökumət qarşısında götürdüyü öhdəliklər dəqiq müəyyən olunmalıdır. Xüsusilə də beynəlxalq mühasibat standartlarına və zəruri maliyyə hesabatlılığı standartlarına əməl etməyən şirkətlərə dövlət dəstəyinin verilməsi dayandırılmalıdır.

Nəhayət, Hesablama Palatası Milli Məclisə hesabat verən qurum kimi hər il iri dövlət şirkətlərinin büdcə qarşısında öhdəliklərini yerinə yetirmə vəziyyətini qiymətləndirməli, onların xərcləmələrinin səmərəliliyini, təyinatı üzrə istifadəsini qiymətləndirib qanunverici orqana ayrıca rəy təqdim etmək səlahiyyəti qazanmalıdır.


Rövşən AĞAYEV
Milli Büdcə Qrupunun eksperti

Geri qayıt