Əsas Səhifə > Sosial > VƏKİLƏ QARŞI ABSURD İDDİA
VƏKİLƏ QARŞI ABSURD İDDİA26-09-2011, 14:38 |
GUYA O, DÖVLƏT ƏLEYHİNƏ FƏALİYYƏT GÖSTƏRİB Son zamanlar müstəqil vəkillərə qarşı təzyiqlər artıb. Belə ki, Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqovun bu təzyiqlərin qurbanına çevrilməsi təhlükəsi gözləyir. E.Sadıqovun Turan-a verdiyi məlumata görə, Bayram Əliyev adlı şəxs Vəkillər Kollegiyasının sədrinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edərək vəkili guya dövlətin əleyhinə fəaliyyətdə günahlandıraraq, barəsində ciddi tədbirlərin görülməsini istəyib. Guya, E.Sadıqov xarici ölkələrin səfirləri ilə birləşib, Milli Məclisin müxalifətyönlü deputatları ilə əlbir olub, əldə etdiyi külli miqdarda pulların hesabına hakimiyyətə qarşı güclü təbliğat apardır. Müraciətdə həmçinin qeyd olunur ki, E.Sadıqov müdafiə etdiyi jurnalist Eynulla Fətullayevi 2013-cü ildə keçiriləcək növbəti prezident seçkilərində prezident seçdirəcək, özü isə Vəkillər Kollegiyasının sədri olacaq. Vəkilin sözlərinə görə, bu ayın ortalarında kollegiyanın sədr müavini Fərhad Nəcəfov onu kollegiyaya çağıraraq B.Əliyev adlı şəxsin onun barəsində şikayətçi olduğunu bildirib. “Mən eyni zamanda kollegiyanın sədri Azər Tağıyevin qəbulunda oldum. Azər Tağıyev məndən 1 illik vəkillik haqqında sənədlərimi istəyərək, kollegiya tərəfindən bu məsələnin araşdırılacağını bildirdi” , E.Sadıqov əlavə edib. Vəkil hesab edir ki, bu, müstəqil vəkillərə və özünə qarşı planlaşdırılan ən çirkin təxribatdır. “Belə saxta, qeyri- əxlaqi yollarla məni təqib edirlər. Hesab edirəm ki, bu, gənc və azad fikirli vəkillərə qarşı həyata keçirilən repressiyanın tərkib hissəsidir. Bu yolla məni medianın hüquqlarını müdafiə etməkdən çəkindirmək istəyirlər”, - vəkil əlavə edib. Turan-ın Vəkillər Kollegiyasından şərh almaq cəhdləri baş tutmayıb. Bu qurumun sədri Azər Tağıyev “vəkillik sirri”ni əsas gətirərək şərh verməkdən imtina edib. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev isə bu barədə məlumatının olmadığını bildirib. Son ayda Vəkillər Kollegiyası iki vəkili cəzalandırıb: Xalid Bağırov 1 il müddətinə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb, Elçin Namazov vəkillik səlahiyyətindən məhrum edilib. Hər iki vəkil siyasi məhbusların hüquqlarını müdafiə edib. Vətəndaş cəmiyyətinin nümayəndələri hesab edirlər ki, bu, ölkədə azad düşüncəli və demokratiya istiqamətində çalışan insanları susdurmaq metodudur. Geri qayıt |