Əsas Səhifə > Sosial, Manşet > QUBA SAHİBKARLARI İCRA BAŞÇISINA HƏDƏ YOLLADILAR

QUBA SAHİBKARLARI İCRA BAŞÇISINA HƏDƏ YOLLADILAR


13-07-2013, 10:24
QUBA SAHİBKARLARI İCRA BAŞÇISINA HƏDƏ YOLLADILAR
«REKLAM SİYASƏTİ»NDƏN VAZ KEÇMƏZSƏ, BAKI-ROSTOV YOLU BAĞLANACAQ

DİA.AZ: - Keçən ilin 1 mart tarixində küçələrə axışaraq keçmiş icra başçısı Rauf Həbibovun evini yandıran, icra hakimiyyəti binasını daşqalaq edən qubalılar yenidən üsyan əhvalındadırlar. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar məlumat verib.

Rayon sakinlərinin redaksiyamıza bildirdiyinə görə, neçə gündür ki, Qubanın üsyandan sonrakı icra başçısı Mübariz Ağayev yerli sahibkarlarla kəllə-kəlləyə gəlib. Buna səbəbsə icra hakimiyyəti tərəfindən Quba rayon mərkəzində yerləşən dükan və digər iaşə obyektlərinin reklam şitlərini yığışdırma tapşırığıdır.

Sakinlər bildirir ki, əslində bu addıma özünün əlavə gəlir yeri kimi baxan icra başçısı sahibkarlardan reklam şitlərinin müqabilində az qala paytaxtdakı qədər pul istəyir: «Biz nə qədər qazanırıq ki, həm də icra başçısına haqq verək».

Məlumata görə iki gün əvvəl bir qrup sahibkar icra hakimiyyəti işçilərinin reklam sökmə əməliyyatına etiraz ediblər: «Bu zaman əraziyə polis qüvvələri yeridilib və sahibkarlardan bir neçəsi saxlanılaraq polis bölməsinə aparılıb. Sonradan onların ifadəsi alınaraq, sərbəst buraxılıblar. Adını da qoyublar ki, guya sahibkarlar hakimiyyətə qarşı çıxır».

Sahibkarlar DİA.AZ-a bildiriblər ki, əgər Quba icra hakimiyyəti «reklam siyasəti»ni durdurmazsa, Bakı-Rostov magistral yolunu bağlayacaqlar.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt