Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FRANSIZ VƏ MONQOL JURNALİSTİKASI DƏRSLƏRİ...

FRANSIZ VƏ MONQOL JURNALİSTİKASI DƏRSLƏRİ...


15-07-2013, 12:24
FRANSIZ VƏ MONQOL JURNALİSTİKASI DƏRSLƏRİ...
(“Evitikilmişlər”,yoxsa, “qələmiqırılmışlar”silsiləsindən 5-ci yazı)

“Fransızlar deyirlər ki,19 yaşlı gənc jurnalist onillərlə təcrübə toplamış azman siyasətçinin kürəyini asanlıqla yerə vura bilər”. Bu sözləri Azərbaycan Mətbuat Şurasının ömürlük sədri Əflatun Amaşov özünün 50 illik yubileyi ilə əlaqədar ondan müsahibə götürən “Azərbaycan” qəzetinin müxbirinə demişdi.Qəzetin 26 aprel 2007-ci il tarixli nəşrində dərc olunmuş “Azərbaycan jurnalistikasının gələcəyinə nikbin baxıram” sərlövhəli həmin müsahibədə Şura sədri həm də belə bir statistikanı yada salmışdı ki, jurnalistlər ən az ömürlü insanlar arasındadır. Demişdi ki, kiçik bir qəzetin gördüyü iş bəzi hallarda on minlərlə insanı birləşdirən partiyanın işindən daha təsirli olur.

Ancaq nədənsə hörmətli Əflatun müəllim ev almağa namizədlər üçün kriteriyalar müəyyənləşdiriləndə bu prinsiplərinin üstündə möhkəm durmayıb.Xatırlamayıb, xatırlatmayıb ki, jurnalistlərin ömrünü gödəldən əsas amillərdən biri də pullarını dərman-davaya, kurorta-sanatoriyaya deyil, kirayə haqqına xərcləmələridir. Nədənsə cənab Amaşov heç fikirləşməyib ki, Azərbaycanda onillərlə təcrübə toplamış azman siyasətçinin kürəyini yerə vura biləcək qədər istedadı olan gənc jurnalistin KİVDF-nun tikdirdiyi evdən mənzil almaq şansı yoxdur. Çünki müəyyənləşdirilmiş kriterilərə görə həmin gəncin buna stajı çatmayacaq. Bu ayrı söhbətin mövzusudur ki, rahat, komfortlu evinnin olması bəlkə də gənc jurnalistin əmək məhsuldarlığına yaxşı deyil, əksinə, pis təsir edərdi. Bəlkə də onun məqalə hazırlaması üçün evdə yumşaq divanda oturub noutbuku qurdalamağındansa,ağacda yatması, ya da Əflatun Amaşovun gəncliyində ezamiyyətdə olduğu yerləri gəzməsi, məsələn, Monqolustanın Qobi səhrasında gecələməsi daha məqsədəuyğundur.

Amma mənə elə gəlir ki, Azərbaycan reallığında əlinə “onillərlə təcrübəsi olan azman siyasətçinin kürəyini asanlıqla yerə vurmaq” fürsəti düşmüş gənc jurnalist bu fürsəti dəyərləndirib həmin siyasətçi ilə “reketyolu” kompromat alverinə gedər ki, ev almaq arzusunu həyata keçirsin. Bu da həqiqətdir ki, Azərbaycan gerçşəkliyində azman siyasətçinin, yüksək çinli məmurun arxasını yerə vurmaq nəinki 19 yaşlı tələbə jurnalistin, heç yaşca iki dəfə ondan böyük, daha təcrübəli həmkarının da gücü çatan iş deyil. Əksinə, burası o Azərbaycandır ki, Elmar Hüseynov (Allah rəhmət eləsin) kimi azman jurnalisti ömrünün 38-ci baharında gətlə yetirdilər, cinayətin üstü açılmadı.

Belə bir məsəl var: “Oğul yaxşı oldu neyləyir atanın malını, pis oldu neyləyir atanın malını?” Bu məsəldə məntiq budur ki, oğul yaxşı olsa, özü hər şeyi qazana bilər. Hərgah pis olsa, atasından qalanı da israf eləyib əldən çıxarar. Eyni sözün üzünü də olmasa, astarını jurnalistə aid etmək olar:Yaxşı jurnalist hakimiyyətdən minnət götürüb qələmini boyunduruq altına salmaz. Pis jurnalist isə “reketçilik” yolu ilə özü üçün var-dövlət qazanar.

Pünhan Şükür

Geri qayıt