Əsas Səhifə > Güney Press, Araşdırma > GORBAGOR HRANT DİNK İLƏ...

GORBAGOR HRANT DİNK İLƏ...


16-07-2013, 11:18
GORBAGOR HRANT DİNK İLƏ...
...RƏHMƏTLİK HƏSƏN BƏYİN QEYRİ-BƏRABƏR ŞANSLARI

(“Evitikilmişlər”, yoxsa, “qələmiqırılmışlar” silsiləsindən 6-cı yazı)

Mənzillə təmin olunacaqlarını qabaqcadan bilən jurnalistlərə “yuxarı”dan göstəriş verilib ki, “Jurnalistlərin Evi”nin açılış lenti qayçı ilə kəsilməyincə, sevinclərini büruzə verməsinlər. Ona görə də bu mövzuda yazdıqlarımın ən azı Mətbuat Gününədək cavablandırılmayacağını düşünürəm. Çünki ev verilənlər məhz o günü islanacaqlar və daha yağışdan qorxuları olmayacaq.

Odur ki, fürsətdən istifadə edib müsaidə istəmədən “bir kaç kelime” söyləmək istəyirəm: Əfəndilər, KİVDF-nun ayırdığı birdəfəlik və mütəmadi xarakterli yardımları basıb-yeyirsiniz. Azlıqmı edir sizə? Barmaq hesabına gələcək qədər sayda iri şirkətlərin də reklamlarını öz aranızda “pay-püşk” edibsiniz. Gözünüz doymurmu? Buna “ləlöyünlük”deyərlər, başqa adı yox!

“Jurnalistlərin Evi”nə 5 milyon manat xərc çəkilib. Hər mənzil orta hesabla 33 min manata başa gəlib. Gəlin görək, həmin o mənzillərə yiyələnəcək 150 nəfər dövlətə o vəsaitin onda biri qədər vergi ödəyiblərmi ki, indi də hazıra nazir olurlar? Göründüyü kimi burada artıq söhbət təkcə ev almağa daha çox ehtiyacı olan jurnalistlərin deyil, ümumən bütün vergi ödəyicilərinin mənafeyinin hesaba alınmamasından gedir.

150 nəfər seçilmişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış aliblar ki, həqiqətən adlarına ev yoxdur. Amma hansı tarixə?-2013-cü il vəziyyətinə! Bəs “Jurnalistlərin Evi”nin tikilməsinə qərar verildiyi 2010-cu ildə adlarına ev olubsa, xəbəri eşitcək, qohumlarının adına keçiribmişlərsə, necə olsun? Zənnimcə, bu müstəvidə aydınlıq gətirilməsi gərəkən qaranlıq məqamlar çoxdur.

Düşünürəm, rəhmətlik Həsən Bəy Zərdabi aramızda olsaydı, ev üçün müraciət etsəydi, verməzdilər. İmtinanı belə “əsaslandırardılar ki, “Əkinçi” qəzeti ayda iki dəfədən artıq çıxmayıb. Ola bilərdi ki, bəzi aqro-məmurlarımızın sifarişi ilə milli məfkurəmizin banisini “reketlər” sırasına daxil edərdilər. Çünki inanmıram ki, “Əkinçi” kənd təsərrüfatımızın hazırki süqutöncəki durumuna biganə qalmış olaydı.

Fərqli olaraq, gorbagor Hrant Dinkin bizim “Jurnalistlərin Evi”ndən mənzil almaq şansı çox olardı. Bəxti onda gətirməyib ki, sağlığında Azərbaycanın deyil, Türkiyənin vətəndaşı olub. Onu işlə təmin etməyə nə vardı- erməni dilində bir sayt açıb verirsən ixtiyarına. Qoy,Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini necə üstələdiyi barədə nə qədər yazır-yazsın. Xeyr, düşməni baltalayan Ramil Səfərovu şərəfləndirən Prezidentimiz əsla Hranta iltifat göstərməzdi. Di gəl,yan-yörədəki bəzi şəxslər Azərbaycanın zəngin sərvətindən Dinkə də pay düşməsinə çalışardılar. O kəslər ki, şabah prezident seçkilərində Qarabağ ermənilərini də Azərbaycan vətəndaşlığını qəbul etməyə dəvət edəcəklər:”Buyursunlar, səs verib-seçsinlər,seçilsinlər, keçsinlər yuxarı başa”.

Dərimin soyulmasına razıyam, Nəsimi olaydım, başımı dik tutaydım, təki Əmir Teymur o kəsləri bu ərəfədə bir yerə yığıb soruşaydı:”Var-dövlətimin yarısını sizlərə yedizdirirəm. Niyə susursunuz,hanı sizin kəlamınızın gücü?”

Pünhan Şükür

Geri qayıt