Əsas Səhifə > Güney Press > ELŞAD ABDULLAYEV MOSKVADA ERMƏNİ İLƏ ORTAQ İMİŞ
ELŞAD ABDULLAYEV MOSKVADA ERMƏNİ İLƏ ORTAQ İMİŞ16-07-2013, 17:02 |
Əməkdaşımız Moskvada oldu, Elşad Abdullayevin universitet üçün erməni Feliks Sarkisyandan 800 min dollara aldığı binada kirayədə qalan özbəklərlə görüşüb... Uzun zaman keçmiş ABU-nun Moskva filialı müəmması hamını məşğul edib. “Təzadlar” məsələyə bir az da yaxından aydınlıq gətirmək üçün 2008-2009-cu illərdə əməkdaşını Moskva şəhərinə ezam etmişdi və sensasiya doğuracaq məlumat və sənədlər əldə etmişdik. Həmin sənədlərin içərisində Bakıda evində yatıb bir neçə ildən sonra “yoğurmadım-yapmadım, hazırca... diplom tapdım” xəyalları ilə yaşayan məzlum Azərbaycan vətəndaşlarımızın ABU-nun Moskva filialına necə “qəbul olunduq”larını, həmin “tələbələr”in 1 ildən sonra necə ABU-ya “perevod” edildiklərini təsdiqləyən sənədlər və s. daxildir. Amma həmin sənədlərin sırasında həmin “tələbələrin” ABU-nun Moskva filialında “oxuduqları” 1 il ərzində Azərbaycan sərhədini necə keçmələrini təsdiqləyən heç bir sənəd yox idi. Bax elə “dünyanın 7 ən məşhur hüquq akademiki” olan Elşad Abdullayevin saxta diplom satışını da bu cür faktlar təsdiqləyirdi... Bu da ABU-nun Moskva filialı... O vaxtdan bir neçə il keçsə də, ABU narahatçılığı bitib-tükənmir... Bakıdan Moskva şəhərinə səfərimdə məqsəd də bəzi məsələlərə aydınlıq gətirilməsi idi. Bu sırada ABU-nun Moskva filialındakı vəziyyəti öyrənməyi qarşıma məqsəd qoymuşdum. Moskvanın səs-küylü yolları ilə paytaxtın Odinsova küçəsindəki əraziyə çatıram. Burada əvvəllər də olmuşdum. Elşad Abdullayev neçə il əvvəl ABU-nun Moskva filialını yaradanda erməni dostu Feliks Sarkisyanla alqı-satqı müqaviləsi bağlayıb bu mülkü əldə etmişdi. Bildiyimə görə E.Abdullayev ABU-nun Moskva filialı kimi fəaliyyət göstərmiş universitetin binasını, torpaq sahəsini yaxın dostu, erməni Sarkisyan Feliks Karlenoviçdən almışdı... Mən bu dəfə həmin erməni ilə də görüşmək qərarına gəldim. Mənim üçün çox maraqlı idi ki, F.Sarkisyan necə olmuşdu ki, həmin mülkünü Elşad Abdullayevə satmalı olmuşdu. ABU-nun Moskva filialının keçmiş direktoru Mehdiyev Malik Hüseynqulu oğlu hardadır? ...Mən həm də ABU-nun Moskva filialının keçmiş direktoru Mehdiyev Malik Hüseynqulu oğlunu tapmaq istədim. Çünki eşitmişdim ki, Malik Mehdiyev uzun illər ABU-nun Moskva filialına Elşad Abdullayevin ən yaxın adamı kimi rəhbərlik etmişdi... Məsələn, əlimdə sənəd var ki, 2005-2009-cu illərdə ABU-nun Moskva filialından hər il yüzlərlə tələbə Bakıya-ABU-ya köçürülüblər. Həmçinin sənədlər var ki, Malik Mehdiyevin məktub-sifarişi əsasında Bakıdan, yəni ABU-dan Moskva filialının adına milyonlarla dollar pul köçürülüb... Bəhanələr, yəni səbəblər də müxtəlifdir. Bütün bu suallar fonunda bir sual da cavab istəyirdi: niyə Azərbaycanın hüquq mühafizə orqanları Malik Mehdiyevi istintaqa cəlb etməyiblər? Axı Malik Mehdiyevin həmin saxta “perevod”ları əsasında Bakıda Elşad Abdullayev minlərlə gəncə saxta diplom verib. Həmin diplomlar isə indi heç bir yerdə işə keçmir, saxtadır... Azərbaycan sərhədini keçib Rusiyaya getməmiş gənc necə ola bilər ki, Moskvada oxuyub Bakıya “perevod” olunmasından sonra diplom alırdı??? Malik Mehdiyev Elşad Abdullayevə “atıb” Bu da başı qalmaqallı ABU-nun Moskva filialı... Artıq burada ABU ab-havası hiss olunmur. Qapılar bağlıdır, gözətçi isə gözə dəymir. Amma özümü nabələd adam kimi təqdim edərək guya burada işləmiş bir dostumu axtarırmış kimi bəhanələrlə universitetin darvazasını döydüm... Moskvanın Odinsovski rayonunun Marfino küçəsi-25 a-l küçəsində yerləşən universitetdə artıq qapının üzərindəki adı götürüblər. Burada adını güman edirəm ki, fərqli deyən qapıçı isə maraqlı məsələləri danışdı. Bəzi məsələlər istintaq üçün maraqlı olduğundan bu barədə növbəti yazılarda bəzi dəqiqləşdirmələr apardıqdan sonra təqdim olunacaq... Lakin həmsöhbətim olduqca maraqlı məsələləri danışırdı. Məlum olur ki, universitet son illərə kimi “ABU-nun Moskva filialı” adlanıb: - ...Elşad Abdullayevin məlum qalmaqalından sonra filialın adını “ABU-nun MDB filialı” qoydular... Həmin vaxtlar buranın rəhbəri Malik Mehdiyev idi. Səhv etmirəmsə, oğlu Azərbaycan MTN-də işləyir... Bilmirəm, indi işləyir, yoxsa yox... Malik Mehdiyev bizə belə deyirdi. Amma Elşadla Malik Mehdiyevin qalmaqalı yaşandı... - Niyə? - Bilirəm ki, Elşad Adinsovski rayonda özünə ev almışdı. Çox baha qiymətə. Universitet burda yerləşdiyindən istəyirdi ki, bura yaxın olsun... Buranı da ermənilərdən almışdı. Və o, ev almaq istəyəndə ona bildirdilər ki, başın qalmaqallıdır, həm də adında Moskvada çoxlu mülk, ev və s. var, başqa adam tap. Bunu ona bir erməni vəkil başa salmışdı. Onlar universitetin yerini Feliks Sarkisyandan alanda tanış olmuşdular... Dəyəri təxminən 1 milyon dollar olan həmin evi Elşadın inandığı Malik Mehdiyevin adına aldılar. Çünki universitetin binası da alınanda Malik Mehdiyev inanmış adam kimi notariusda etibarnamə ilə çıxış etmişdi... Və həmin ev Malik Mehdiyevin adına alınmalı olmuşdu. Amma həmin vaxt Malik Mehdiyev nə bəhanəsə gətirib Elşada bildirdi ki, ən yaxşısı, Moskvada üzdə olmayan qaynının adına alınsın. Malik Mehdiyevin qaynı Dağıstandan idi. Adını unutmuşam, onun adına sənədləşmə aparılmışdır... Lakin 2011-ci ildə Malik Mehdiyev filialı tərk edəndə Elşad ona təhvil-təslim aktı imzalamağı, onun qaynının adında olan evin geri qaytarılmasını bildirimişdir. Bu zaman Malik Mehdiyev universitetlə bağlı hər şeyi təhvil verdi, öz payını da götürdü, amma ev məsələsində sözü konkret oldu: “Nə ev? Sənin evin olubdur ki?!” - Bəs Malik Mehdiyevi əvəz etmiş ABU-nun Moskva filialının direktoru Tatarenko ilə Elşad Abdullayev arasında niyə qalmaqal baş verdi? - Elşad Abdullayevin ABU-nun Moskva filialı ilə üzbəüzdəki mülkündə yaşayan oğlu barədə nələri danışdılar? - Filialın yuxarı mərtəbələrində kirayədə yaşayan özbək və türkmən mühacirlər nələri söylədilər? - Ermənilər Elşad Abdullayevə hansı güzəşti edirlər və onun Moskvaya gəlib-getməyində hansı rolu oynayırlar? - ABU-nun Moskva filialının keçmiş direktoru(sonuncu) Tatarenko Viktor Titoviç indi hardadır? - Necə olub ki, filialda süpürgəçi işləmiş Valentina Tixonovna sonradan ABU-nun Moskva filialında Malik Mehdiyevin direktor müavini oldu? - Necə olmuşdur ki, Malik Mehdiyevin həyat yoldaşı Bakıdakı dövlət uiniversitetlərinin birində kafedra müdiri işlədiyi halda, ABU-nun Moskva filialında da direktorun köməkçisi vəzifəsində çalışıbdır? (Ardı var) “Təzadlar”ın Araşdırma Qrupu Geri qayıt |