Əsas Səhifə > Güney Press, Araşdırma > BİNƏQƏDİ YOL POLİSİNDƏN ŞİKAYƏT VAR

BİNƏQƏDİ YOL POLİSİNDƏN ŞİKAYƏT VAR


17-07-2013, 12:04
BİNƏQƏDİ YOL POLİSİNDƏN ŞİKAYƏT VAR
Azərbaycanın daxili işlər orqanlarında çalışan şəxslərin əksəriyyəti çox vaxt tutduqları vəzifənin öhdəsindən gəlməyə səy göstərirlər. Polis sistemində işləyən bəzi insanlar isə vəzifələrindən sui-istifadə edərək vətəndaşların qanunla müəyyən edilmiş hüquqlarını kobud şəkildə pozurlar. Bu, daha çox yol polis işçilərində müşahidə olunur. Belə ki, bəzi yol polisləri sürücüləri heç bir səbəb olmadan, yol hərəkəti qaydalarını pozmadıqları halda saxlayıb, onları cərimələyirlər.

Qeyd edək ki, Yol-Patrul Xidməti (YPX) Daxili İşlər Nazirliyi (DİN) Dövlət Yol Polisinin (DYP) tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir.

Yol-patrul xidməti öz fəaliyyətində "Polis haqqında" və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, DİN-in əmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də bu təlimatı rəhbər tutmalıdırlar. Ancaq polis şərəfinə söz gətirən bəzi şəxslər bilərəkdən qanunları pozurlar. Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsində çalışanların bir qismi də bu qəbildəndir.

Redaksiyamıza daxil olan məlumatlara görə, DYP-nin Binəqədi rayon Şöbəsinin əməkdaşları sürücülərə göz verib, işıq vermirlər. Hansısa maraqlar xatirinə, onları əsas olmadan saxlayıb cərimə edirlər. Hətta bir çox hallarda ənənəvi yolla sürücülər polis əməkdaşlarını razı salmağı bacarırlar. Hətta sürücülər bildirirlər ki, heç bir xəbərdaredici nişan olmadan radarlar quraşdırılır və bu yolla sürücülər «tora» salınır.

Dünya şöhrətli psixoloq Ziqmund Freyd deyərdi ki, keçid dövründə olan cəmiyyətlərdə insanların fərqlənmək ehtirasları olur. Onlar bahalı mənzillər, avtomobillər, o cümlədən möhtəşəm rəqəmlərlə diqqət mərkəzinə gəlmək istəyirlər. Görünür, bizdə də keçid dövrü tam başa çatmadığından insanlarda bir fərqlənmək ehtirası nəzərə çarpır və bu özünü yollarda daha çox büruzə verir. Daha dəqiqi desək, Binəqədi yollarında. Hətta o da bilidirilir ki, sürücülərin avtomobilləri bir çox hallarda «durma», «dayanma» işarələri olmayan yerlərdən də müvəqqəti saxlanma dayanacaqlarına aparılır. Bu hallar isə sürücüləri əməlli-başlı təngə gətirib. Maraqlıdır ki, Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin rəisi Cavanşir müəllim, öz işçilərinə bununla bağlı hansısa xəbərdarlıq etmir. Əgər belə olmasaydı, sürücülər əsassız yerə cərimə olunmaz, avtomobilləri dayanacaqlara aparılmazdı.

Mətbuat olaraq, Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayoru Ramiz Zeynalova müraciət edirik ki, Binəqədi rayonu ilə bağlı ölçü götürsün. Seçki ilində, insanları narahat etmək, onları narazı salmaq yolverilməzdir.
\ gundelik bakı \
Geri qayıt