Əsas Səhifə > Sosial, Manşet > JURNALİSTLƏRƏ EV ADI ALTINDA BÖYÜK MAXİNASİYA
JURNALİSTLƏRƏ EV ADI ALTINDA BÖYÜK MAXİNASİYA20-07-2013, 12:53 |
HƏR HALDA, BU MƏSƏLƏYƏ DÖVLƏTİN MÜDAXİLƏSİ ARTIQ VACİB ŞƏRTDİR DİA.AZ: - Məlum olduğu kimi, prezident tərəfindən jurnalistlərin mənzil probleminin həll edilməsi üçün ayrılan 5 milyon manata ərsəyə gələn binada evlər artıq paylaşdırılıb. Bildirək ki, evlərin paylanmasında xüsusi qərarverici tərəf kimi çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov əslində dövlətin KİV-lərə qayğısından bu dəfə də şəxsi maraqları üçün istifadə etməyə müvəffəq olub və indidən evlərin kimə veriləcəyi də məlumdur. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu gündən etibarən iqtidar mətbuatından olan jurnalistlərə evlərin paylanmasında iştirak etmələri üçün dəvətnamələr göndərilib. Və proses davam edir. Məlumatı verən mənbə maraqlı bir faktı da açıqladı: «İlk əvvəl Mətbuat Şurası və eləcə də bu barədə danışan digər dövlət rəsmiləri, ələlxüsus Əli Həsənov bəyan etmişdi ki, həmin binadan mənzillər evi olmayan jurnalistlərə veriləcək. İndi isə bu prinsipi yada salan belə yoxdur. Artıq özləri üçün yeni kriteriya müəyyənləşdiriblər. Yəni «evi olmayan jurnalistlər» ölçüsünün əvəzinə «jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması» prinsipini irəli sürüblər ki, bunun özü də absurd olmaqla yanaşı, «jurnalistlərə ev veririk» adı altında cərəyan edən böyük maxinasiyanın sübutu kimi qəbul olunmalıdır. Çünki ev alacaqlar sırasında adı olanların əksəriyyətinin evi var və hətta onların bəzilərinin adına iki ev var. Yəni Əli Həsənovun ədaləti o həddədir ki, məsələn, onun hansısa mirzəsinin iki evi olmasına rəğmən əlavə olaraq bir ev də alması onun ev şəraitinin yaxşılaşdırılması üçün vacib faktordur, amma hansısa binəva jurnalistin kirayədə ömrünü çürütməsi heç bir əhəmiyyət daşımayan bir prinsipdir». Mənbəmiz iddia edir ki, artıq bununla bağlı bir sıra jurnalist birlikləri prezidentə müraciət də hazırlayırlar: «Bu şikayətlərin qarşısının alınması üçün Əli Həsənov və onun mətbuatdakı adamları orta bəhanə də atıblar ki, bəs ikinci bina da tikilir, narazılıq edənlərə də həmin ikinci binadan ev veriləcək. Bu, yalnız bəhanədir. Çünki əgər ikinci bina tikilsə belə, əgər Əli Həsənovun media üzərindəki hökmranlığı qalırsa, yenə də Əflatun Amaşovun təbirincə desək, «oğlunu köçürməyə hazırlaşan baş redaktorlara» öncəlik veriləcək». Geri qayıt |