Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELEKTRON HÖKUMƏTİ ƏYALƏTƏ DAŞIMALIYIQ

ELEKTRON HÖKUMƏTİ ƏYALƏTƏ DAŞIMALIYIQ


27-07-2013, 10:38
ELEKTRON HÖKUMƏTİ ƏYALƏTƏ DAŞIMALIYIQ
İDEYA GÖZƏLDİR, HƏDƏFİNƏ ÇATDIRILSA…

DİA.AZ: - Hələ uşaqkən nağıllarda və yaxud da fantastik filmlərdə indiki elmi-texniki tərəqqinin ibtidai təsəvvür formalarını görən, təsəvvür edən bizlər, bu gün demək olar ki, möcüzələr aləmində yaşayırıq. Bura həm hamımız artıq yetərincə öyrəşdiyimiz mobil telefonları da əlavə edə bilərik, həm də orta əsrlərdə yaranmış nağıllarda «sehirli güzgü» kimi mifləşən televizorları və ondan törəyən digər elmi-texniki nailiyyətləri də.

Bəli, insan oğlu xəyallarını gerçəkləşdirməklə məşğuldur. Və elə bizlər də bir neçə il əvvəl, lap elə dünən xəyal edirdik ki, ən azından barəmizdə olan, yaxud hansısa dövlət qurumu haqqında olan və yaxud da ümumiyyətlə, bu qəbildən olan informasiyaları eyni qaynaqdan asanlıqla əldə etməyi bir xəyal kimi görürdük. Doğrudur, illərdir bu, dünyanın ayrı-ayrı inkişaf etmiş ölkələrində tətbiq olunan bir prosesdir. Amma elmi-texniki tərəqqi elə bir sürətlə inkişaf edir ki, hətta ABŞ, Yaponiya, Cənubi Koreya kimi ölkələr belə öz gəlişmiş sistemlərini az qala hər il yeniləmək zorundadırlar.

Azərbaycanda isə elektron hökumət ideyası yenidir. Amma yeni olmasına rəğmən kifayət qədər cəlbeidici olduğundan və daha çox vətəndaşın işinə yaradığından, həmçinin vətəndaşların rahatçılığı naminə həyata keçirildiyindən həm də populyar bir ideyadır.

Elektron hökumət və ya e-hökumət adlanan bu mexanizmanın Azərbaycanda tətbiqi hətta ənənəvi tənqidçi cameənin belə rəğbətini qazanması ilə də sübuta yetirdi ki, bu prosesin təşkilatçısı olan Azərbaycan dövləti sosial sifarişin icrası ilə məşğuldur. Yəni bu, əgər bir yandan inkişaf edən dünya ilə Azərbaycanın bir dövlət olaraq ayaqlaşması fonunda dövlətimizin imicinə müsbət divident gətirirsə də, digər yandan da birbaşa olaraq Azərbaycan vətəndaşlarının və elə həmçinin Azərbaycanın dövlət qurumlarının özlərinin fəaliyyətlərinin yaxşılaşdırılması, asanlaşdırılması üçün vacib bir hadisə kimi qəbul edilməkdədir.

Bununla bağlı aparılan araşdırmalar, keçirilən rəy sorğuları da elektron hökumət ideyasına sərf olunan və olunacaq büdcə pullarının cəmiyyət tərəfindən halallığının bəri başdan verildiyini təsdiqləyir. Təbii ki, bir dövlət və bir hakimiyyət üçün qeyd olunan məqam kifayət qədər vacibdir. Əgər bu gün elektron hökumət ideyası ictimai müzakirədə daha çox təftişedici tərzdə yanaşmaya məruz qalmırsa və insanlar «axı nə vaxt olacaq» deyə səbirsizliklə ideyanın gerçəkləşdirilməsini gözləyirlərsə, deməli, ideyanın Azərbaycanda tətbiqi ictimai alqışla müşaiyət olunmaqdadır.

Amma təbii ki, bütün işlərdə nöqsanlar da gözləniləndir. Və bu gün «elektron hökumət» ideyasının əyalətlərdə daha çox tanıdılması zərurəti mövcuddur ki, bu da vacib bir məqamdır. Məlumdur ki, paytaxtda və əyalət şəhərlərində məskunlaşan vətəndaşlarımız əyalət rayonları ilə müqayisədə kifayət qədər məlumatlı olmaları səbəbindən onların «elektron hökumət nədir» mövzusunda bilgiləndirilməsi o qədər də vacib hesab olunmaya bilər. Amma bu bir faktdır ki, ucqar yaşayış məntəqələrində yaşayan insanlarımızda «elektron hökumət» anlayışına hakimiyyət demək olar ki, sıfır səviyyəsində ölçülə bilər. Və bu səbəbdən ideyanın daha da kütləviləşməsi üçün onun təbliği birinci şərt kimi diqqətə gəlməlidir. Çünki vətəndaş onun rahatçılığı üçün nəzərdə tutulan hadisədən məlumatlı olarsa, demək, elektron hökumət ideyası da hədəfinə çatmış hesab oluna bilər.

İlahə HƏSƏNLİ - DİA.AZ

Yazı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "İKT ili" çərçivəsində “Respublikada “Elektron Hökumət: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Qeydiyyat nömrəsi: 053

Geri qayıt