Əsas Səhifə > Sosial, Manşet > SƏRHƏD QOŞUNLARINDA BALIQ BİZNESİ

SƏRHƏD QOŞUNLARINDA BALIQ BİZNESİ


28-12-2011, 11:49
SƏRHƏD QOŞUNLARINDA BALIQ BİZNESİ

LƏNKƏRAN HADİSƏLƏRİNİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ

DİA.AZ: - Azərbaycan çox maraqlı ölkədir. Özünəməxsus mədəniyyəti, ənənələri və yazılmamış qanunları var. Bu, təkcə idarəolunan və olunmayanları deyil, hakimiyyəti, idarəetmə sistemini də əhatə edir. Yazılmamış qanunların öz sərhədi, təsir dairəsi və keçərliliyi mövcuddur. Bu »qanun»ların icad yeri cinayət aləmi, bir də »həcmindən» asılı olmayaraq hakimyyət ağacında oturan bəzi məmurlar toplusu, keçərliliyi isə sadə insanlardır. Hər iki zümrədə yazılmamış qanunlar idarəetmə üsuludur və haqsız »qazancı» hədəfləyir. Bir neçə gün öncə Lənkəranın Nərimanabad kəndində və digər kəndlərdə balıqçılıqla bağlı yaranmış qalmaqal dediklərimizi bir daha təsdiqləyir.

Nərimanabadda nə baş verib?

Nərimanabadda 4 mindən çox əhali yaşayır. 500-ə yaxın balıqçı var ki, onlar da çörəyini dənizdən çıxarırlar. Ancaq Sərhəd Qoşunlarının komandanı general Elçin Quliyevin maraqları sayəsində buradan »xəracsız» balıq tutmaq mümkünsüz hala gəlib. Belə ki, balıq tutmaq istəyirsənsə, qurşağa qədər suda olmalı və ayda 150 manat »xərac» verməlisən. Hər cür zəhmətə qatlanmağa hazır olan kənd camaatı çörək ağacını tutmaq üçün qurşağa kimi suya girmək kimi fədakarlığa hazırdır, amma bunu çətinləşdirən ayıq-sayıq sərhədçilərin qoyduğu »xərac»dır. Bu da azmış kimi, qiymət artımı və inflyasiya nəzərə alınaraq xəracın miqyasını 150 manatdan 200 manata qaldırıblar. Əsil narazılıq da bundan sonra başlayıb. Balıqçılar hər şeyin köhnə qaydada qaldığı halda »xəracın» miqyasının at belinə minməsini anlamır və etiraz edirlər. Yəni tutulan balıqların sayında getdikcə azalma müşahidə olunduğu, motorlu qayıqlarda istifadə üçün benzinin miqdarının minimuma - 20 litrə endirildiyi halda, »xəracın» 25 faiz qaldırılması balıqçı ailələrin büdcəsini vurur ki, bu da haqlı narazılıq yaradır.

Balıqçılardan alınan »xərac»

Təkcə Nərimanabad kəndindəki 500 balıqçının hər nəfəri adına 200 manat şərtilə sərhəd qoşunlarının rəhbərliyinə verilən »xərac»ın miqyası ayda 100 min manat təşkil edir. Ancaq bu son deyil. Çünki çörəyi balıqçılıqdan çıxan kənd təkcə Nərimanabadla məhdudlaşmır. Bu siyahıya Nərimanabad-2 Liman şəhəri, Göyşaban, Sutəmurdov Vel, Siyavar, Kənarmeşə, Qumbaşı, Şirinsu və bu kimi digər 10-a yaxın yaşayış məntəqəsi aiddir. Bunların toplamının Sərhəd Qoşunlarının rəhbərliyinə verdiyi »xərac»ı nəzərə alanda ortaya bu kəndlərin əhalisinin heç yuxuda belə görmədiyi məbləğ çıxır. Ortalığa çıxan gerçək həm də ondan ibarətdir ki, bir tikə çörəyi xatirinə dənizlə mücadilədə kəfənini boğazlarına sarıyan bu insanlar hər ay Sərhəd Qoşunlarının bosslarına 2 milyon manatdan artıq »xərac» göndərirlər. Bu rəqəm ildə toplam 24 milyon manat edər. İnsanlar bu »xərac»ı verməyə razı olmayanda isə nəsibləri avtomat, pulemyot, zirehli maşınlar, dubinka, döyülmək, təhqir olunmaq, həbs, ölümlə təhdid kimi kötək alətləri olur.

XXI əsrin təhkimli kəndliləri

Bu gün Lənkəranın Xəzər dənizilə əlaqəli olan bütün kəndlərinin əhalisini Sərhəd qoşunlarının təhkimliləri kimi qəbul etmək olar. Ancaq 21-ci əsrin təhkimlilərinin bu məsələdə də bəxti gətirməyib. Təhkimçilik quruluşunda kəndlilər feodalların şəxsi torpaqlarında çalışıb, məhsulun yalnız 70 faizini ağalarına verirdilərsə, bugünkü balıqçıların çörək ağacı olan dəniz kimsənin şəxsi mülkiyyətinə verilməyib və sərhədçilərin bu suların təkinə nə qədər haqqı çatırsa, bu nemətin həqiqi sahibləri olan sadə kəndlilərin də o qədər haqqı çatır və buradan qida tapdıqları üçün kimsəyə »töycü» verməməlidirlər. Bu dəniz sərhəd generallarına onu və ətrafındakı insanları qorumaq üçün əmanət verilib, daha qul olaraq istismar, qazanc mənbəyi deyil. Nə qədər qüsürlu olsa da da daha bir paralel: feodal təhkimliləri onların şəxsi torpaqlarını becərərkən feodallara məxsus qoşqu aparatlarından və alətlərindən istifadə edirdilər. Sərhədçilərin müasir təhkimlilər isə »xərac»ı verə bilmək üçün borcla alınmış öz qayıqlarını istismar edirlər.
Daha bir acınacaqlı gerçək ondan ibarətdir ki, istismar aləti olan, döyülüb, təhqir olunan bu insanların əksəriyyəti birinci Qarabağ savaşında qəhrəmanlıq, şücaət simvolu olmuş insanlardır.


Geri qayıt