Əsas Səhifə > Sosial, Manşet > İKİ NAZİRİN BUFET QALMAQALI

İKİ NAZİRİN BUFET QALMAQALI


28-12-2011, 11:52
İKİ NAZİRİN BUFET QALMAQALI

ŞAHİN MUSTAFAYEV MİSİR MƏRDANOVU NİYƏ YOXLATDIRIR?

DİA.AZ: - Son zamanlar keyfiyyətsiz ərzaq məhsullarının satışına nəzarət gücləndirilib. Əvvəlcə mağazalarda saxlanma müddəti ötmüş ərzaq məhsullarının aşkar edilməsi üçün monitorinqlərə başlayan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti indi də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən yeməkxana və bufetlərin yoxlamasına başlayıb.

Belə ki, bu həftədən etibarən Dövlət Xidməti məktəblərdə şagirdləri keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli qida məhsullarından qorumaq məqsədilə nəzarət tədbirlərini həyata keçirməyə başlayıb. Sözsüz ki, bu çox zəruri tədbirlərdən biridir. Çünki məktəb bufetlərində və məktəb ətrafında pərakəndə şəkildə şagirdlərə keyfiyyətsiz, saxlama müddəti ötmüş qida məhsulları satılır. Bunun nəticəsi də heç ürəkaçan olmur. Belə bir acınacaqlı hadisə bu yaxınlarda Sumqayıt şəhər orta məktəblərinin birində də baş vermişdi və hər kəs bunun səbəblərini çox gözəl bilir. Buna görə də bu sahədə nəzarətin güclənməsinə ehtiyac vardı.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi bu manitorinqin nəticələri bir müddət sonra hər kəsə bildiriləcək.

Amma etibarlı mənbələrdən aldığımız məlumatda bildirilir ki, məktəblərdə aparılan yoxlamanın digər bir ciddi səbəbi var ki, bunu heç kim açıqlamır. Məlumatda bildirilir ki, bufetlər ictimai iaşə obyektlərinə aiddir və bura nəzarəti qanunla İİN-nin nəzdində Xidmət Departamenti etməlidir. Amma orta məktəblərdə fəaliyyət göstərən bufetlər isə təhsil nazirliyindəki şəxslərin nəzarətindədir, yığılan pullar bu şəxslərin cibinə gedir. Məlumat üçün bildirək ki, orta və ali məktəblərdəki bufetləri işlətmək üçün hər il əməlli başlı mübarizə gedir. Daha doğrusu bu bufetləri işlətmək üçün Təhsil Nazirliyindəki yuxarı dairələrlə razılaşmaq lazım gəlir. Digər tərəfdən onu da bildirək ki, orta və ali məktəblərdə fəaliyyət göstərən bufetlərdən hər ay üçün yığılan pullar ayırıca olaraq nazirlikdəki şəxslərə çatdırılır. Bu isə təbii ki, İİN başçısını rahat buraxa bilməz.

Mənbə bildirir ki, bir müddət əvvəl Şahin Mustafayev bu məsələ ilə bağlı araşdırma aparılmasını tapşırıb və məlum olub ki, hər ay bufetlərdən külli miqdarda vəsait toplanır, kimlərinsə cibinə gedir. Məlumata görə, bir neçə dəfə bu məsələ ilə bağlı Təhsil Nazirliyinə də müraciət olunub, amma nazirlikdə "yox" cavabı gəlib. İndi isə İİN başçısı yaranmış vəziyyətdən istifadə edərək orta məktəblərin bufetlərində yoxlama aparılmasını göstəriş verib və yəqin ki, sonluqda məktəblərdə fəaliyyət göstərən bufetlərin yararsız ərzaq satışı ilə məşğul olduğu bildiriləcək. Bununla da orta məktəblərdəki bufetlər Misir Mərdanovun əlindən alınaraq İİN tabeçiliyinə veriləcək. Bu isə Şahin Mustafayevin aşkar şəkildə Misir Mərdanovu vurması deməkdir.

Geri qayıt