Əsas Səhifə > Güney Press, Araşdırma > HANSI MƏMUR NƏYİN KOLLEKSİYASINI YIĞIR?

HANSI MƏMUR NƏYİN KOLLEKSİYASINI YIĞIR?


23-07-2013, 13:56
HANSI MƏMUR NƏYİN KOLLEKSİYASINI YIĞIR?
Azərbaycanda bəzi məmurların, müxtəlif postlar tutan və sərvətləri ilə aldıqları maaş arasında dərin uçurum olan müəyyən vəzifəli şəxslərin hansı dəbdəbə içərisində üzdüyü, nə dərəcədə bahalı həyat tərzi keçirdiyi çoxdan bəllidir. Bir çox məmurların və onların övladlarının təmtəraqlı həyat tərzinə dair az qala hər gün yeni hadisə və ya xəbər eşitmək mümkündür.
Artıq iş o yerə çatıb ki, bu barədə ölkə rəhbərliyi də sərt şəkildə tənqidlər səsləndirərək belə məmurlara xəbərdarlıq etməkdədir. Haqqında danışılan vəzifəli şəxslərin həmin tənqid və xəbərdarlıqlardan hansı nəticə çıxarıb özlərinə necə çəki-düzən verdikləri isə başqa bir söhbətin mövzusudur.
Bu gün sizə bəzi məmurlarımızın önəmli aludəçiliklərindən birindən bəhs edəcəyik. Söhbət müəyyən vəzifə tutan şəxslərin müxtəlif əşyalara hədsiz marağından, onlardan olduqca bahalı kolleksiyalar düzəltməsindən gedir.
Müşahidələr onu deməyə əsas verir ki, bəzi məmurların ən sevimli kolleksiyası avtomobillərdəndir. Azərbaycanda qarajlarında ən azı 8-10 xarici markalı, yüksək qiyməti olan avtomobili olan məmurların varlığından danışılır. Bildirilir ki, bizdə elə vəzifəli şəxs var ki, onların müxtəlif markalı və Avropa istehsalı olan avtomobillərinin dəyəri milyonlarla dollarla ölçülür. Son vaxtlar Azərbaycanda rastlanmağa başlayan "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili xatırlayaq. Onun qiyməti 1 milyon dollara yaxındır.
Məmurların daha bir önəm verdiyi kolleksiya saatlardan hazırlanır. Bizim vəzifəli şəxslərin bəzilərinin müxtəlif ölkələrə səfərləri zamanı oradan ən bahalı brendləri təmsil edən saatlar aldıqları deyilir. "Digər tərəfdən, bir maraqlı faktı xatırlatmaq yerinə düşər. Məlum olduğu kimi, Azərbaycana bahalı qol saatları əsasən İsveçrədən gətirilir. 2009-cu ildə belə məlum olmuşdu ki, bu ölkədən ölkəmizə satış məqsədilə 52 ədəd qiymətli metaldan hazırlanmış korpusu olan 52 ədəd, ümumi dəyəri isə 176 min dollar kimi yüksək rəqəmlə qiymətləndirilən qol saatları gətirilib. Orta qiyməti 3,4 min dollar bəyan edilən bu saatlar, təbii ki, daha baha qiymətlə satışa çıxarılıb. Nəzərə alsaq ki, Azərbaycanda bu qədər pulu qol saatına vermək hər vətəndaşın cibinə uyğun deyil, o zaman onların məmurların qollarını, ən əsası, kolleksiyalarını bəzədiyinə heç bir şübhə yeri qalmır" - bu mövzu ilə bağlı qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbə deyib.
Bizdə bəzi məmurların özünəməxsus kolleksiyalarından birini isə cins atlar bəzəyir. "Bakıdakı dövlət və özəl atçılıq təsərrüfatlarının əksəriyyətində bəzi vəzifəli şəxslərin ən azı bir neçə atının bəsləndiyi heç kimə sirr deyil. Mətbuatın bu istiqamətdə araşdırmalarından belə məlum olur ki, onların atlarının qiyməti 50 min manatdan başlayıb hətta 200 min manatadək çatır. Bu atların bəslənməsinə isə məmurlarımız əksər sıravi vətəndaşımızın qibtə edəcəyi, aylıq qazancından qat-qat yüksək məbləğdə pul xərcləyirlər. Məsələn, təkcə onu demək kifayətdir ki, müəyyən məmurlar kolleksiyalarındakı atları arpa, qoz, günəbaxan, qarğıdalı kimi yem məhsulları ilə qidalandırır, üstəlik, atlara hər gün alma da verilir. Bundan başqa, atlar dırnaq, əzələ üçün vitaminlərlə də təmin olunur. Təlimçilər bildirirlər ki, bir gün ərzində at 8-10 kiloqram otla, 5-6 kiloqram qüvvəli yemlə qidalandırılır. Tərkibində qoz və vitaminlərin olduğu qüvvəli yemlər isə xaricdən gətirilir. Ümumilikdə ay ərzində hər at bir kisə vitaminli yem yeyir. Təkcə bu yemin qiyməti 120 manatdır. Atların təlimçilərinə isə ən azı 300 manatlıq aylıq maaş verilir".
Müşahidələr onu da deməyə əsas verir ki, bəzi məmurlarımız ingilis atlar sürətli olduğu üçün onlara üstünlük verirlər. Amma ərəb atı olanlar da var. Onlar daha çox "Pinti" adlı atları seçirlər. Bu atlar hazırda bizim bəzi məmurlar arasında geniş yayılıb.
Məmurlarımızın maraq göstərdiyi kolleksiyalardan birini isə ətriyyatlar təşkil edir. Onlar bu ətriyyatları əsasən Avropa ölkələrinə səfərləri zamanı əldə edirlər. Bundan başqa, Azərbaycan məmurlarından bəzilərinin gün eynəklərinə həddən artıq aludə olduğu, belə eynəklər üçün yetərincə pul saydıqları da bildirilir.
Bir sözlə, bəzi məmurlarımız maaşları ilə müqayisədə necə əldə etdikləri şübhəli qalan sərvətlərini ən müxtəlif bahalı əyləncələrlə bərabər, həm də çeşidli kolleksiyalara xərcləyirlər. Xərcləsinlər, buna bir sözümüz yoxdur, necə deyərlər, varlığa nə darlıq?!
Amma onu da unutmamaq lazımdır ki, bu kolleksiyaların hər birinin özündə ehtiva etdiyi məbləğlə ölkəmizdə onlarla, bəlkə yüzlərlə ailə bir il ərzində qayğısız həyata keçirə bilərdi. \ unikal \

Geri qayıt