Əsas Səhifə > Güney Press, Araşdırma > BABA TAĞIYEVDƏN İLGİNC QİYMƏTLƏNDİRMƏ

BABA TAĞIYEVDƏN İLGİNC QİYMƏTLƏNDİRMƏ


23-07-2013, 14:27
BABA TAĞIYEVDƏN İLGİNC QİYMƏTLƏNDİRMƏ
““Ərəb baharı” dalğasında Misirdə baş qaldıran xalq etirazları Mübarək rejiminə son qoysa da, xalqın demokratik yolla seçdiyi şəxs hakimiyyətə gəlsə də, təəssüf ki, misirlilər bu tarixi qələbənin sevincini uzun müddət yaşaya bilmədilər. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “İrəli Azərbaycan” İctimai Birliyinin sədri, sabiq millət vəkili Baba Tağıyev deyib. Onun sözlərinə görə, özünün tarixi, mədəni ənənələri olan Misir üçün acı bir həqiqətdir ki, ilk dəfə demokratik yolla dövlət başçısı seçən misirlilər, onu sonadək qoruya bilmədilər. Xarici güclərin qurduğu məkrli ssenarilərin uğur qazanması ilə hakimiyyətdən salınan prezident Məhəmməd Mursi həbsə alındı:
“Bəs Misir xalqının “bahar” sevinci niyə bu qədər qısa oldu? Nədən 40 illik diktatoru yola salarkən, mütəşəkkil şəkildə, az itki ilə proses uğurla başa çatdı. Amma indi, bir illik demokratik idarəçilikdən sonra ölkədə qanlı hadisələr baş verir, ordu xalqa silah qaldırır?

Mursinin ordu tərəfindən güclə devrilməsi heç də bundan sonra hadisələrin sakit bir məcraya yönələcəyindən soraq vermir, əvəzində proseslərin bundan sonra daha da qızışıb sonu görünməyən qanlı müstəviyə keçəcəyindən xəbər verir.
Çünki, Mursini müdafiə edən “Müsəlman qardaşları” dünən yaranan güc deyil, onillərdir mütəşəkkil şəkildə formalaşmış, özünün konkret ideya-hədəfləri olan ciddi, əzmkar qüvvədir.

Təbii ki, Mursinin də səhvləri az olmadı. 10 ildə aparıla biləcək islahatları qısa zamanda həyata keçirməyə cəhd göstərdi. Bu isə cəmiyyətin müəyyən kəsiminin ona qarşı çıxmasına gətirib çıxardı.
Özünü demokratiyanın beşiyi və insan haqlarının keşikçisi adlandıran Qərb, son illər bir çox yaxın müttəfiqlərinin və siyasi çətirlərinin altında olan diktatura rejimlərinin daim onlara başqaxıncı gətirdiyini hesab edərək yeni oyun qaydalarını dövriyyəyə buraxdılar. “Ərəb baharı” fonunda ərəb ölkələrində inqilabi prosesə müəyyən qədər dəstək verərək köhnə “dostlarıyla” vidalaşıb meydanı yeni simalara verdilər.

Bu hadisələrdə Qərb dairələrinin Türkiyə amilinə olan qısqanclığını da unutmaq olmaz. Belə ki son illər Türkiyənin bölgədə və İslam dünyasında artan nüfuzu, bu ölkələrin birləşməsi yolunda atdığı addımlar, bu müstəvidə aparıcı qüvvəyə çevrilməsi də bu birliyə qarşı olan qüvvələri ciddi narahat edirdi. Ona görə də bu qüvvələr ilk növbədə bu birlikdə əsas söz sahibi olan Türkiyə və Misiri hədəfə aldılar.
Hazırda Misir xalqı özünün dünyada kimin istəyib-istəməməsindən asılı olmayaraq Islami-demokratik inkişaf dövrünü yaşayır. Ərdoğan və Mursi bu dalğanın önə çıxardığı adamlardı. Ancaq, Ərdoğanın 10 il müddətində həyata keçirdiyi islahat ları Mursi 1 ilə reallaşdırmaq istədi. Acı nəticə isə ortadadır.

Düzdür, bu kirli ssenarilər Türkiyədə iflasa uğradı, amma Misirdə işlədi. Bu gün Misirin acı reallığı belədir ki, bir çox analitiklərin “sabitlik qarantı” saydıqları ordu da, “Qərbin kadrı” hesab olunan Əl Bəradayi də xalqı düşdüyü durumdan çıxarmaq gücündə deyil. Çünki, baş verən çevriliş xalqın, çoxluğun iradəsinin əksinə baş verib. Ona görə də, çoxluğun iradəsi öz yerini tutmayınca Misir sakitləşməyəcək.
Mursinin bir üstünlüyü var ki, özü Demokratik-İslam Cəmiyyətinin inkişafı yolunda mübarizədə ağır yara alsa da, mənsub olduğu xətt çox güclüdür. O seçkini uduzmayıb və uduzmayacaq.

Misirdə əsil islamı ideyalar və demokratik ideyalar uğrunda mübarizə aparan, bu yara almış Mursinin mənsub olduğu xəttin qalib gələcəyi kifayət qədər inandırıcıdır, çünkü bu yol demokratiyanin və haqqın yoludur.
Bu gün Amerika Birləşmiş Ştatları Prezidentinin mətbuat katibinin , Misirdə bütün siyasi məhbuslar , o cümlədən Misir prezidenti Mursi həbsdən azad olunması fikrini ifadə etməsi, Qərb dünyasının da Misir xalqının haqlı etirazlarına tərəfsiz qala bilmədiklərinin göstərir.

Belə bir ifadə var “cin” şüşədən çıxıb. Xalqın gözündə olan qorxu hürkü və xof artıq yoxa çıxıb. Belə hallarda insan həyatı itkiləri, həbslər, silah işlədilməsi belə Misir xalqını öz mübarizəsindən döndərə bilməyəcək.

Geri qayıt