Əsas Səhifə > Güney Press, Araşdırma > ZİYA MƏMMƏDOVUN İNTELLEKTUAL KORRUPSİYASI

ZİYA MƏMMƏDOVUN İNTELLEKTUAL KORRUPSİYASI


24-07-2013, 12:15
ZİYA MƏMMƏDOVUN İNTELLEKTUAL KORRUPSİYASI
MİLYONLAR XƏRCLƏNDİ, AMMA İŞLƏMİR Kİ, İŞLƏMİR

Artıq iki ildən çoxdur ki, Bakıda nəqliyyatın tənzimlənməsi, tıxacların aradan qaldırılması üçün İntellekual İdarəetmə Sistemi (İİS)yaradıldı. Sistemin yaradılmasına, tətbiqinə kifayət qədər vəsait ayrıldı və bunun üçün Azərbaycana xarici ölkələrdən mütəxəssislər də cəlb edildi. Bunun üçün Azərbaycana, Bakı və Bakıətrafı ərazilərdə quraşdırılmaq üçün xüsusi intellektual avtobus dayanacaqları da gətirilib quraşdırıldı. Nəqliyyat Nazirliyi və şəxsən nəqliyyat naziri Ziya Məmmədov bəyan etdi ki, sistem bir ilə işə düşəcək və paytaxtda marşrut pərakəndəliyi həllini tapacaq, tıxaclar tam aradan qaldırılacaq.

Əhəmiyyətli layihəni əhəmiyyətsiz edən qüvvələr

Əslində həyata keçirilən layihə olduqca əhəmiyyətli və Bakı üçün gərəklidir. Bu sistemin Azərbaycanda tətbiqinə ehtiyac var. Amma, görək bu sistem Azərbaycanda necə quraşdırılıb? Ümumiyyətlə iki il ərzində görülən işlər hansı səviyyədədir? Bu proses standartlara uyğundurmu?
Başlayaq avtobus dayanacaqlarının İntellektual İdarəetmə Sisteminə uyğunlaşdırılmasından. Nəqliyyat Nazirliyi ilk olaraq bu sistemə buradan başladı. Dayanacaqlar dəyişdirildi, köhnə dayanacaqlar yeniləndi və hər dayanacağa intellektual monitorlar quraşdırıldı. Nazirlik bəyan etdi ki, guya bir aya marşrut avtobusları intellektual idarə ediləcək. Hamı sevindi ki, tezliklə pərakəndəliyin qarşısı alınacaq. Amma, hadisədən iki il keçməsinə baxmayaraq monitorlar hələ də tam işlək vəziyyətdə deyil.

3 dəqiqəyə gəlməli olan avtobus yarım saata gəlmir

Əslində bu monitorlarda avtobusların hərəkət xətti, dayanacaqların sayı, hansı dayanacaqda hansı dəqiqədə olması və hansı dəqiqədə həmin dayanacağı tərk etməsi vaxtları göstərilməlidir. Bundan başqa, dayanacağın kənar sütununda havanın temperaturu göstərilir. Bu sadaladıqlarım demək olar ki, hamısı hazırda da var. Amma, necə? Bax bu bir az qaranlıqdır. Məsələn, hansısa dayanacaqda dayanıb marşrut gözləyən sərnişin bu monitorda gözlədiyi marşrutun gəlmə vaxtına baxır. Monitor göstərir ki, həmin marşrut avtobusu 3 dəqiqədən sonra dayanacaqda olmalıdır. Amma, sərnişin həmin marşrutu təxminən 20 dəqiqədən artıq gözləyəndən sonra bezib taksiyə müraciət etməli olur. Monitor isə dediyindən dönmür. Hətta elə hallar olur ki, avtobus dayanacağa çatdığı vaxt monitor göstərir ki, həmin avtobus 15 dəqiqədən sonra dayanacaqda olacaq. Bu da sərnişinlər arasında çaşqınlıq yaradır. Amma İntellektual Mərkəz rəhbərliyi hələ də bunu düşünmür.

Sərnişinləri vahiməyə salan dayanacaq hərarətölçəni

İkinci məsələ dayanacaqda insanları vahiməyə salan digər məsələdir. Bu isə havanın hərarətini göstərən tablodur. Bu tablo qış və yaz aylarında, yəni 12-20 dərəcə isti olanda havanın hərarətini 38-40 dərəcə göstərir. Təsəvvür edin ki, 20 dərəcə isti hava şəraitində dayanacağın hərarətölçəni 38 dərəcə göstərir. Bir az ürəyi zəif adam bəlkə də həmin vaxt elə oradaca infakt keçirər.

İntellektual dayanacaqlar tıxaclar yaradır

Başqa məsələ, əslində dayanacağın təhkim zolağı olmalıdır ki, burada yalnız və yalnız marşrutlar dayanmalıdır. Bir dayanacaq isə eyni vaxtda iki-üç avtobus qəbul etmək imkanına malik olmalıdır. Amma, bizim bu standartlara uyğun dayanacağım heç bir avtobusu da qəbul edə bilmir. Səbəb həm dayanacağın yerinin kiçik olmasıdır ki, bura heç bir avtobus da yerləşmir. İkinci problem isə həmin balaca yerə taksilərin dolmasıdır. Avtobuslar da gələndə düz yolun ortasında saxlayır. Nəticədə marşrut avtobusunun bir sərnişin düşürməsi yarım saatlarla tıxacın yaranmasına gətirib çıxarır.
İntellektual İdarəetmə Sisteminin fəaliyyəti üçün marşrut avtobuslarında quraşdırılan dalğaötürücü monitorlar da içşləmir. Artıq onlarla avtobuslarda quraşdırılan bu monitorlar çıxarılıb. Hazırda yenə də avtobuslar köhnə qrafiklə hərəkət edir.

Kart sistemi də yaddan çıxdı

Sistemin daha bir özəlliyi isə marşrut avtobuslarının kart sistemi ilə işləməsi idi. Ona görə idi deyirəm ki, bu proses də deyəsən alınmadı. Nəqliyyat Nazirliyi marşrutları bu sistemə uyğunlaşdıra bilmədi. Bu ilin əvvəlində nəqliyyat naziri Ziya Məmmədov bəyan etmişdi ki, bəs bu ilin may ayında bütün avtobuslar kart sistemi ilə işləyəcək. Hamı da əvvəlki vədlər kimi buna da inandı. Amma, artıq nəinki may ayı, iyul da arxada qalır. Amma nazirin vədindən əsər-əlamət qalmadı. Hamısını istəmirəm, nazirin dediyi vaxta heç olmasa sınaq üçün bir avtobusda kart sistemi tətbiq olunsaydı, bu sistemin nə vaxtsa işləməsinə sərnişinlərdə bir az da olsa inamfason bir şey formalaşardı. Amma çox təəssüf. Bu gün bəzi məmurların başı şəxsi maraqlarına qarışdığından İntellektual İdarəetmə Sistemi elə idarə kimi boş-boş fəaliyyət göstərməkdən başqa bir işə yaramır. Milyonlar xərclənir, amma, ortada heç nə yoxdur.
Bəli, bu gün Azərbayanın dövlət büdcəsindən ayrılan milyonların axırı belə nəticələnir. Nəqliyyat Nazirliyi bu sistemin tətbiqi üçün milyonlar xərcləsə də, baxımsızlıq və plansız iş sonucda nəticəsiz alındı. Bu barədə ictimaiyyətə heç kim də izahat vermir.

Geri qayıt