Əsas Səhifə > Güney Press, Araşdırma > AYAZ ORUCOVLA BAĞLI İLGİNC FAKTLAR

AYAZ ORUCOVLA BAĞLI İLGİNC FAKTLAR


25-07-2013, 12:58
AYAZ ORUCOVLA BAĞLI İLGİNC FAKTLAR
81 saylı Beyləqan seçki dairəsindən Milli Məclisə deputat seçilən və bir müddət əvvəl Nazirlər Kabineti yanında “Qaçqın və Məcburi Köçkünlərin Sosial Müdafiə Fondu”nun direktoru vəzifəsindən alınan Ayaz Orucov haqqında PİA.AZ-ın redaksiyasına maraqlı məlumat daxil olub.

Qeyd edək ki, PİA.AZ-a bir müddət əvvəl sensasion xarakterli məlumatda bildirilirdi ki, Ayaz Orucov Qaraçuxur ətrafında baş nazir Artur Rəsizadənin adına tikdirdiyi villanın güdazına gedib. Belə ki, həmin ərazidəki 6 sot torpağı bir xanımın əlindən zorla alıb «mən burda Baş Nazir üçün villa tikirəm», deyən millət vəkili qəzəbə tuş olub. Həmin məlumatda həmçinin o da qeyd olunurdu ki, Ayaz Orucovun keçmişi araşdırılır və bu keçmiş həddindən artıq qaranlıqdır.

PİA.AZ-a millət vəkili haqqında daxil olan yeni məlumatda isə bildirilir ki, deputatın qəzəbə tuş olmasının başqa bir səbəbi isə hazırda həbsdə olan Xalq Hərəkatının öncüllərindən biri olan Nemət Pənahlı ilə olan münasibətləridir. Belə ki, 1988-ci ildən Nemət Pənahlı ilə yaxın dost olan Ayaz Orucovu həmçinin Nemət Pənahlı ilə yaxın qohumluq münasibətləri bağlayır. Bildirilir ki, Nemət Pənahlının ikinci dəfə ailə həyatı qurduğu xanım Ayaz Orucovun yaxın qohumudur.

Məlumatda göstərilir ki, əslən Qərbi Azərbaycanlı olan və hazırda mandat sahibi Ayaz Orucov 1988-ci ildə «Meydan» Hərəkatı zamanı Nemət Pənahovun yaxın adamlarından biri olub. «Meydan» Hərəkatı dağıldıqdan sonra meydanda yığılan və sonradan yoxa çıxan pulları da məhz Ayaz Orucovun qaçırdığı iddia olunurdu. Həmin vaxt Nemət Pənahlı həbsdən çıxdıqdan sonra ətrafındakılara bildirib ki, Ayaz Orucov ona «atıb» və pullarla birlikdə yoxa çıxıb. Əslində isə mənbə bildirir ki, həmin vaxt Nemət Pənahlı yığılan pulları Ayaz Orucova özü verib və saxlamağı tapşırıb. Bir müddət yoxa çıxan Ayaz Orucov yenidən 1990-cı ildə erməni evlərinin dağıdılması zamanı ortaya çıxıb və həmin vaxt Ermənistandan qovulan qaçqın kimi 5-dən artıq erməni evini zəbt edib. Hazırda da həmin evlərin Ayaz Orucovda olduğu bildirilir. 20 yanvardan sonra isə Ayaz Orucov Ayaz Mütəllibovun qızğın tərəfdarlarından birinə çevrilib.

Məlumata əsasən 1993-cü ildə Nemət Pənahlı vəzifə aldıqdan sonra Ayaz Orucovu yanına çəkib və ona biznes şəbəkəsi qurmağı tapşırıb. Ayaz Orucov isə ona tanınan imkandan yayralanaraq böyük bir biznes sahəsi yaradıb. Onun biznes sahəsinə restoranlar, tikinti şirkəti və həmçinin «Hidromaş» şirkəti daxil olub. 2000-ci ildə isə Etibar Pirverdiyevlə isti münasibətlər quran Ayaz Orucov qardaşını Etibar Pirverdiyevin baldızı ilə evləndirməyə nail ola öilib və bundan sonra siyasi-iqtisadi elitaya ayaq açıb.

Həmin dövrdə Nemət Pənahlıdan uzaqlaşmağa cəhd etsə də, Pənahlının hədələri qarşısında yenidən onunla şərikli biznesini davam etdirib və hətta Pənahlının tam güvənini qazanmaq üçün yaxın qohumunu onunla evləndirib. Mənbə bildirir ki, Şamaxı rayonunda yerləşən quşçuluq fabriki əslində Nemət Pənahlının olub. Hazırda həbsxana da yatan Pənahlı həmçinin Ayaz Orucovla «Hidromaş» şirkətinin və bir sıra tikinti şirkətlərinin şərikidir.

Qeyd edək ki, «Azərenerji» ASC-nin prezidenti Etibar Piriverdiyevlə qardaşı vasitəsi ilə qohum olan Ayaz Orucov bu nəhəng şirkətin bütün texniki təchizatını «Hidromaş» şirkəti vasitəsi ilə həyata keçirir. Ayaz Orucovun «Hidromaş» şirkəti vasitəsi ilə ölkəyə gətirdiyi elekrik texnikası və avadanlıqlarının qiyməti adətən bir neçə dəfə şişirdirilir və bu yolla büdcədən hər il külli miqdarda pul mənimsənilir. Ölkəyə gətirilən bütün tansformatorlar, yüksək gərginlikli kabellər və böyük tutumlu soyuducular və başqa elektik texnikaları və avadanlıqları «Hidromaş» şirkəti vasitəsi ilə gətirilir və bu sahədə monopoliya birbaşa «Hidromaş» şirkətinə aiddir.

Mənbə bildirir ki, hazırda Ayaz Orucovun Nemət Pənahlı ilə bütün ortaq işləri hakimiyyət dairələrinə bəllidir və buna görə də o, «çıxdaş» olunur. Bildirilir ki, Qaraçuxurda baş verən məlum qalmaqaldan sonra baş nazir Artur Rəsizadəninin himayəsindən mərhum olan Ayaz Orucovun mülkləri və biznes sahələri ondan alınır. Nemət Pənahlının isə həbsxanadan davamlı olaraq üsyan səsini qaldırması onun vəziyyətini daha da çıxılmaz edir.

Mənbə iddia edir ki, bu üzdən korrupsiya ittihamları ilə millət vəkilinin toxunulmazlığının qaldırılması və həbs olunması istisna olunmur.

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq…

Geri qayıt