Əsas Səhifə > Cəmiyyət, Manşet > ELŞAD ABDULLAYEV MƏHKƏMƏLƏRİ DƏ ƏLƏ SALIR

ELŞAD ABDULLAYEV MƏHKƏMƏLƏRİ DƏ ƏLƏ SALIR


25-07-2013, 18:57
ELŞAD ABDULLAYEV MƏHKƏMƏLƏRİ DƏ ƏLƏ SALIR
ARZU KAZIMOVUN MƏHKƏMƏSİNDƏ ŞOU

DİA.AZ: - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

DİA.AZ-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi proses şahid, Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyevin ifadəsi ilə davam etdirilib. Bildirək ki, Azad Mürsəliyev prokurorla, Arzu Kazımovun vəkilinin suallarını cavablandırdıqdan sonra istintaqın şahid kimi müəyyənləşdirdiyi «İnşaat-2002» MTK-nın direktoru Vilayət Əmirov sorğu-suala tutuldu.

Elə əsl tamaşa da bundan sonra başladı. Məhkəmə prosesində iştirak edən DİA.AZ-ın əməkdaşının bildirdiyinə görə, 2009-cu ildən qeyd olunan inşaat şirkətində çalışdığını söyləyən Vilayət Əmirov nədənsə ona verilən 2003-cü illə bağlı sualları da cavablandırdı. Yəni şirkətin ona aid olmayan, sonradan da özünün etiraf etdiyi kimi, onun xəbəri olmadığı dönəmə aid fəaliyyətilə bağlı prokurorun suallarını cavablandırması nəhayətdə Arzu Kazımovun vəkilini əsəbiləşdirdi. Və bu səbəbdən hakimlə vəkil arasında yaranmış mübahisə hakimin fasilə qərarı çıxarması ilə nəticələndi.

Bildirək ki, proses iyulun 31-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

DİA.AZ bildirir ki, əslində Arzu Kazımova qarşı elan olunan ittihamın gülünclüyü və bu işdə Elşad Abdullayevin qardaş davasından çox, pul davasına çıxdığı elə bugünkü məhkəmə istintaqından da aşkar surətdə göründü. Əgər belə olmasaydı, daha çox «mən bilmirəm» kəlməsini işlədən Vilayət Əmirov kimi şəxslər məhkəməyə şahid kimi gətirilməzdilər. Halbuki Arzu Kazımov məhz onun kimi «şahidlərin» ifadəsi ilə həbsə atılıb. Təsəvvür edin, 2009-cu ildən «İnşaat-2002» MTK-nın direktoru vəzifəsini tutan Vilayət Əmirov şirkətin 2003-cü ildəki fəaliyyətindən danışır. Eyni zamanda MTK-nın idarə heyətinin sədrinin kim olduğunu bilmir. Və vəkilin israrlı suallarının qarşılığında çaşan şahid hətta Bakı şəhərini yaxşı tanımadığını, «Passaj» bazarının belə harda yerləşdiyini bilmədiyini də söyləyir ki, əslində bütün bunlar da bir tamaaşının kobud ssenarisindən başqa bir təəssüratı yaratmır.

Bu barədə DİA.AZ-a açıqlama verən Arzu Kazımovun vəkili Ramiz Zeynalov da məhkəmə istintaqının bugünkü iclasında baş verən bu şounu gülərək qarşılayıb: «Vilayət Əmirova gəlincə isə o, 2003-cü ildə su idarəsində zibillikləri, tullantıları təmizləməklə məşğul idi. İndi isə məhkəmə qarşısında həmin ildə baş verən hadisələrə şahidlik edir».

Onu da bildirək ki, bu arada DİA.AZ-a Elşad Abdullayevin Arzu Kazımova qarşı ədavətinin kökündə əslində şəxsi qərəzin dayanması ilə bağlı da ilginc faktlar daxil olub. Və yaxın günlərdə həmin şok məlumatları diqqətinizə təqdim edəcəyik. Hələliksə yalnız bir məqamı vurğulamaq olar: BU GÜNKÜ MƏHKƏMƏ RƏSMƏN BİR TAMAŞA, ŞOU İDİ…

Qurtarın, komediyanı…

Geri qayıt