Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QAŞ DÜZƏLTDİKLƏRİ YERDƏ GÖZ ÇIXARIRLAR...

QAŞ DÜZƏLTDİKLƏRİ YERDƏ GÖZ ÇIXARIRLAR...


30-07-2013, 10:34
QAŞ DÜZƏLTDİKLƏRİ YERDƏ GÖZ ÇIXARIRLAR...
Ölkə vətəndaşlarının içməli su ilə təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən məsul qurum «Azərsu» Açıq Səhmdar Cəmiyyətidir (ASC). Səhmdar Cəmiyyət suyun mənbələrdən götürülməsi, emalı, nəqli və satışını təşkil edir, tullantı sularının təmizlənməsini həyata keçirir. Sutəmizləyici qurğuların, anbarların, nasos stansiyaların, su kəmərlərinin, kanalizasiya kollektorlarının layihələndirilməsi, inşası, istismarı ilə məşğul olur, onlara texniki xidmət göstərir.

ASC dövlət büdcəsindən ən çox maliyyə dəstəyi alan qurumlardan biridir. Cəmiyyətin başına Qorxmaz Hüseynov keçəndən sonra «Azərsu»ya ayrılan vəsaitlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Təkcə son iki il ərzində qurumun büdcəsinə milyardlarla vəsait ayrılıb ki, bunun da bir hissəsi təyinatı üzrə xərclənməyib. Qeyd edək ki, hazırda ASC nümayəndələri vətəndaşların içməli su ilə təminatını yaxşılaşdırmaq üçün bəzi layihələr həyata keçirirlər. Ötən saylarımızdan birində qeyd etdiyimiz kimi, eyni tədbirlər paytaxtın Suraxanı rayonunda, daha konkret desək, Yeni Günəşli qəsəbəsində də aparılır. Qəsəbə sakinlərindən aldığımız məlumatlara görə, «Azərsu» rəsmiləri qaş düzəltdikləri yerdə göz çıxarıblar: «Artıq bir aydan çoxdur ki, qurumun əməkdaşları qəsəbədə su borularının çəkilişini aparırlar. Amma bu öz növbəsində problemlərlə yadda qalır. Qəsəbənin əsas yollarını qazıb bərbad vəziyyətə salıblar. Hər tərəf toz-duman içindədir. Qəsəbənin ana yolu qazıntı işləri ucbatından daralıb, maşınların hərəkətində sıxlıq müşahidə olunur. İş icraçıları ancaq yeyinti ilə məşğuldurlar. Yolları qazıb pis hala salıblar, amma asflaltlamaq istəmirlər. «D» massivində yaşayan insanlar bütün günü toz-torpaq udmalı olurlar. Gərək mütləq sakinlər etiraz səslərini qaldırsınlar ki, bundan sonra gəlib qazdıqları yerləri təmir etsinlər. Qəzet vasitəsilə əlaqədar orqanlardan xahiş edirik ki, bu biabırçı vəziyyətə son qoysunlar». Əldə etdiyimiz məlumatlara görə, problem təkcə Suraxanı rayonunda mövcud deyil. Məlumatlı şəxslərin bildirdiyinə görə, Nizami rayonunun bəzi qəsəbələrində də analoji hal yaşanmaqdadır. Yəni cəmiyyətin işçiləri yeni su xətlərinin çəkilişi ilə əlaqədar vətəndaşların gediş-gəliş üçün istifadə etdiyi yolları qazıb keçilməz vəziyyətə gətiriblər. Məsələn, « Baku Medical Plaza» ilə üzbəüz yolda bir neçə aydır ki, su borularının dəyişdirilməsi prosesi həyata keçirilir. Bu səbəblə «Azərsutikinti» xəstəxanasına gedən yol tamamilə bağlanıb. Məlumatlara görə, qurumdan işlərin tezliklə yekunlaşacağı bildirilsə də, bu günə kimi hələ də işi təhvil verə bilmirlər. Bizə çatan məlumatlarda deyilir ki, işlər qəsdən yubadılır. Belə ki, təmir-tikinti işlərinə cəlb olunan bütün növ texnikalara hər ay dövlət tərəfindən yanacaq ayrılır. İş icraçıları isə həmin yanacağın bir hissəsini sataraq qanunsuz əməllərə yol verirlər. Belə olan təqdirdə də bilərəkdən işləri gecikdirirlər. Çanaq isə həmişə olduğu kimi, yenə də vətəndaşların başında çatlayır. Qeyd olunan ərazidə axşam saatlarında yaranan tıxac nəticəsində sürücülər saatlarla ləngiməli olurlar. Bəs, görəsən, «Azərsu» rəsmiləri vətəndaşların etirazına səbəb olan məsələlərdə nə fikirləşirlər? Qazıb yararsız hala saldıqları yolları nə vaxt təmir edəcəklər? Suallarımıza cavab tapmaq ümidi ilə ASC-nin 431 47 59 nömrəli telefonu ilə əlaqə saxladıq. Dəstəyi qaldıran xanım bizi mətbuat xidməti ilə birləşdirdi. Ancaq xidmətin işçilərindən heç kim yerində olmadığı üçün münasibət öyrənə bilmədik. Buna rəğmən, qarşı tərəf mövqe ortaya qoymaq istəsə, dərc etməyə hazırıq.

Geri qayıt