Əsas Səhifə > Sosial, Manşet > İLK HƏDƏF: ƏHMƏD ƏHMƏDZADƏ

İLK HƏDƏF: ƏHMƏD ƏHMƏDZADƏ


4-01-2012, 11:01
İLK HƏDƏF: ƏHMƏD ƏHMƏDZADƏ

KOMİTƏ SƏDRİ KEÇMİŞƏ GÖRƏ CAVAB VERMƏK ZORUNDADIR

DİA.AZ: - Redaksiyamıza daxil olan məlumatlara görə, hakimiyyət bu il ilk kadr islahatına tədarük görür və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əhməd Əhmədzadə vəzifəsindən istefaya göndəriləcək.

Əhməd Əhmədzadənin öz postuna əlvida deməsinə əsas səbəb son illər Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, Kür və Araz çayları sahillərində bəndvurma və sahilbərkitmə işlərinin aparılması, bu istiqamətdə ayrılan vəsaitlərin həcmi və xərclənməsi barədə ətraflı məlumat əldə etmək üçün ictimaiyyətə ətraflı məlumatın verilməməsi, ictimai birliklərin sorğularını cavablandırmaması, ən başlıcası isə onun yaşının 65-dən artıq olmasıdır. Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatının sorğuya verdiyi natamam cavabın qanunsuz hesab edilməsi, habelə sorğunun tam cavablandırılmaması ASC-nin 1 saylı Bakı İnzibatı- İqtisad məhkəməsinə verilməsilə nəticələndi.

İddia ərizəsində qeyd olunurdu ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC informasiya sorğusu ilə istənilən bilgilərə sahib olduğundan İnformasiya əldə etmək haqqında Qanunun 9-cu maddəsinə əsasən, informasiya verməyə borclu olan informasiya sahibi sayılır. Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, o cümlədən Kür və Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə və bənd vurma işlərinin yerinə yetirilməsi, ehtiyat su anbarlarının təmir edilməsi və s. istiqamətdə 2003-cü ildən bu günədək nə qədər vəsait ayrılması, bu vəsaitlərdən hansı hissəsinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə xərclənməsi qeyri-hökumət təşkilatlarının sorğusuna cavab kimi, göstərilməyib. Bu suala ümumiyyətlə cavab verilməyib.

Ayrılan vəsaitlərlə konkret hansi işlər görülməsi və ayrı-ayrı istiqamətlərə hansı həcmdə vəsait xərclənməsi ilə bağlı məlumatlar təqdim olunmayıb. İctimai birliklərin daha bir sorğusu - 2010-cu ilin yazında Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197 saylı sərəncamının tələblərinə uyğun olaraq Meliorasiya və Su Təsərrüfatı ASC konkret olaraq hansi işlər görüb, bu işlər harda görülüb və bu məqsədlə nə qədər vəsait xərclənməsi sualına tam cavab verilməməsi ilə bağlı heç bir məlumat verilməməsi Əhməd Əhmədzadənin fəaliyyətinə olan şübhələri daha da artırıb. Onu da nəzərinizə çatdıraq ki, ötən ilin mayında baş vermiş sel fəlakətindən sonra dövlət büdcəsindən dəymiş zərərin aradan qaldırılması üçün 300 milyon manat vəsait ayrılıb. Bu vəsait seldən zərər çəkmiş insanlara yardım məqsədi ilə ayrılmışdı. Lakin elə həmin müddətdə vətəndaşlar yardımlarını ala bilməməsi ilə əlaqədar şikayətlər etməyə başladılar. Üstündən 1 il 9 aya yaxın vaxt keçməsinə baxmayaraq, görülən işlər nə yuxarı dairələri, nə də seldən əziyyət çəkən əhalini qane edir. ASC rəhbərinin fəaliyyətindəki bu cür qaranlıq məqamlar - onun məhkəməyə verilməsi, ictimai birliklərin sorğularını tam, dolğun şəkildə açıqlamaması, habelə Əhməd Əhmədzadənin yaşının 70-dən çox olması bu şəxsin fəaliyyətinə dair birmənalı münasibətin formalaşmasını reallaşdırıb.

Meliorasiya sistemində yerli və mərkəzi idarə sistemində çalışan bir sıra rəhbər işçilərin Bakı ətrafında tikdirdikləri bağ evlərinin görünüşü uzun müddət qəzetlərin manşetində yer aldı, villaların dəbdəbəli olması diqqəti cəlb etdi. Məlumatlara görə, ASC-yə rəhbərlik edən şəxsin nəinki respublikamızda, hətta Londonda da yaşadığı şəxsi evi var. Əlavə edək ki, meliorasiya sahəsində çalışanların orta əməkhaqqı respublika üzrə orta əməkhaqqından 2 dəfədən də çox aşağıdır.

Aldığımız məlumatlara görə, Əhməd Əhmədzadənin qiyməti milyonlarla manat ölçülən villaları Balakən, Qax və digər rayonlardadır. Bu malikənələrin hansı vəsaitlərlə inşa edildiyi bir inşaatçılara, bir də onun sahibinə məlumdur.


Geri qayıt