Əsas Səhifə > Hadisə > RÖVNƏQ ABDULLAYEVDƏN FIRILDAQÇI XƏBƏRDARLIĞI
RÖVNƏQ ABDULLAYEVDƏN FIRILDAQÇI XƏBƏRDARLIĞI2-08-2013, 11:18 |
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli əhaliyə müraciət edib. Lent.az-ın məlumatına görə, A.Bəkirli bildirib ki, ARDNŞ işə qəbul prosesini, xarici və daxili təqaüd proqramlarını, peşə məktəblərinə qəbulu müsabiqələr vasitəsilə həyata keçirir. Bunun üçün ARDNŞ-nin kifayət qədər texniki və intellektual imkanları vardır. İndiyədək bu proseslərdə iştirak etmiş minlərlə namizəd bunu təsdiq edə bilər ki, müsabiqələr zamanı əsas meyar yalnız və yalnız onların bilik və bacarıqlarıdır. “Buna baxmayaraq, rast gəlinən bəzi neqativ hallar da baş verir ki, onların ARDNŞ-nin kadr siyasətinə heç bir aidiyyəti yoxdur. Belə ki, bəzi fırıldaqçılar vətəndaşların sadəlövhlüyündən istifadə edərək onları ARDNŞ-də işə düzəldəcəklərini vəd edirlər. Nəticədə isə yalançı vədlərə inanan vətəndaşlar zərər çəkir. Son 2 il ərzində ARDNŞ-nin Hüquq İdarəsi tərəfindən 11 bu kimi hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Lakin bizi narahat edən məsələlərdən biri də odur ki, bəzi namizədlər əslində öz bilik, bacarıq və səriştələrindən irəli gələrək müsabiqədə uğur qazandığı halda, bu uğuru onlara yalançı vədlər verən fırıldaqçıların “işbazlığı” nəticəsində əldə etdiklərini zənn edə bilərlər. Bir daha bildiririk ki, bütün vətəndaşlar müsabiqələrdə hər hansı bir kənar faktorun təsirinin qeyri-mümkün olduğuna əmin olmalı və nəticəyə yalnız onların öz göstəricilərinin təsir etdiyinə heç bir şübhə etməməlidirlər. Bizim üçün ən ali meyar dövlətçilik, qanunvericilik və vicdanımızdır”. Qeyd: Hər bir vətəndaş həftənin 1, 3 və 5-ci günləri saat 16:00-da İRD-nin inzibati binasında (Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32A) şəxsiyyət vəsiqəsini təqdim etməklə vətəndaşlarla keçirilən görüşdə iştirak edə bilər və proseslə bağlı onları maraqlandıran suallara ətraflı cavab tapa bilərlər. Həmçinin bununla əlaqədar sualları [email protected] elektron poçtuna ünvanlaya bilərlər. Geri qayıt |