Əsas Səhifə > Güney Press, Araşdırma > NİZAMİNİN İCRA BAŞÇISI HARA BAXIR?
NİZAMİNİN İCRA BAŞÇISI HARA BAXIR?2-08-2013, 12:06 |
Paytaxtda fəaliyyət göstərən bazarların əksəriyyətində antisanitariya şəraiti hökm sürür. Zibillərin vaxtında yığışdırılmaması, kanalizasiya sularının küçələrə axıdılması, xarab meyvə-tərəvəzin hara gəldi atılması bunu yaradan əsas səbəblərdəndir. Bakının ən pinti bazarlarından biri də hamının «Vosmoy bazarı» kimi tanıdığı «8-ci kilometr bazarı»dır. Bazarda gigiyenik qaydalara qətiyyən əməl olunmur. Müvafiq qurumlar tərəfindən bununla bağlı bir neçə dəfə cəza növləri tətbiq edilsə də, vəziyyət düzəlmir ki, düzəlmir. Bura yaxın binalarda yaşayan insanlar dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə və bazar rəhbərliyinə müraciət etsələr də, təmizliyə riayət edən yoxdur. Bazarın səbəb olduğu kəskin üfunət iyi ətrafda yaşayanların gününü qara edib. Nizami sakinlərinin redaksiyamıza bildirdiyinə görə, yay fəsli olduğu üçün bazarda yaranan antisanitariya şəraiti onlar üçün ikiqat zərbə deməkdir: «Təəssüf ki, yaşadığımız binalara yol bazarın yaxınlığından keçir. Burdan keçib evə çatana kimi ödümüz ağzımıza gəlir. Natəmizlik baş alıb gedir, çürümüş meyvələri küçənin ortasına boşaldırlar, zibilləri vaxtında yığışdırmırlar. Bunun da nəticəsində pis qoxu gəlir. Biz hər gün bu iyi qəbul edirik. Buna məcburuq. Mənzil İstismar Sahəsinə, İcra Hakimiyyətinə və bazarın sahiblərinə normal qaydada bildirmişik ki, bu şəraiti səhmana salsınlar. Sözümüzü qulaqardına vururlar, bazardakı natəmizlik dəhşətli həddə çatıb. Kanalizasiya sistemi yaxşı işləmədiyindən çirkab suları yola axıdılır. İnanın elə pis iy gəlir ki, adamın beyni çatlayır. Nizami Rayon İcra Hakimiyyəti ilə bazarın arasında heç 500 metr məsafə yoxdur. İcra başçısı Tahir Budaqov nəyə görə bu vəziyyəti görmür? «Vosmoy bazarı» açıq-aşkar xəstəlik mənbəyidir. Vətəndaşlara məsləhət görürük ki, burda satılan mallardan almasınlar. Mal əti adı altında camaata camış, eşşək, at əti satırlar». Sakinlər onu da bildirdilər ki, bazarda işləyən satıcılar natəmizlik yaratdıqları azmış kimi, vətəndaşların gediş-gəliş yolunu da kəsiblər. Onların sözlərinə görə, satıcılar piştaxtaları yolun ortasına düzdüyündən burdan maşınla keçmək qeyri-mümkündür: «İcra Hakimiyyətinin nümayəndələri, polis əməkdaşları deyirlər ki, küçə ticarətinə qarşı mübarizə aparırıq. Onlar necə mübarizə aparır ki, bazarın yaxınlığında yüzlərlə qanunsuz şəkildə fəaliyyət göstərən ticarətçi var? Bazarın öz sahəsi var. Lakin bəziləri bazarın çölündə alver etməklə yaxınlıqda yaşayan vətəndaşlara maneçilik yaradır. Bir gün axşam bura gəlib müşahidə aparsanız görərsiniz ki, zibillər yığılıb təpə əmələ gətirib. Yolun ortası başdan-başa zibillə dolu olur. Bazara yaxın yaşayanlar nə etməlidir? Evimizi satıb gedək? Xarici ölkələrdə də yaşayış evlərinin yanında bazarlar fəaliyyət göstərir. Həmin ölkələrdə vəziyyət belə deyil. Bazar yerləri tez-tez zibildən təmizlənir. Bazarın sahibi satıcılardan aylıq icarə haqqı ala bilir, bəs nəyə görə gigiyenik qaydaları qorumur? İcra başçısına inamımız qalmayıb. Sizin vasitənizlə aidiyyəti qurumlardan xahiş edirik ki, «8-ci kilometr» bazarında yaşanan rəzaləti aradan qaldırıb, bazarın rəhbərliyini cəzalandırsınlar». Qeyd edək ki, bir neçə ay əvvəl Respublika Gigiyena və Epidemiologyia Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirmişdi ki, sözügedən bazardakı sanitar vəziyyət doğrudan da acınacaqlıdır: «Bu işin üstündə bazar rəhbərliyini inzibati qaydada cərimələmişik. Həm də o bazarda ərzaq satışını qadağan etmişik. Amma bu vəziyyət davam edir. Bunun da işini Dövlət Əmlak Komitəsinə vermişik. İş onlarındır. Faktiki olaraq biz tərəfdən tədbirlər görülüb. Bu işə görə məhkəməyə də vermişik. Addım atmışıq. İnzibati orqanlara da xəbər vermişik. Şöbə müdiri deyib ki, paytaxt bazarlarında belə vəziyyət var, amma bu dərəcədə deyil: «Nöqsanlar var, amma bu vəziyyətdə olan bazar yoxdur. Bazar rəhbərliyi işə başlayanda sanitariya qaydalarını özü bilməlidir». Yaxşı olardı ki, aidiyyəti orqanlar bazardakı vəziyyətlə bağlı təcili tədbirlər görsünlər. (ardı var) Geri qayıt |