Əsas Səhifə > Partiya > İSA QƏMBƏR TƏKLİF EDİR Kİ...

İSA QƏMBƏR TƏKLİF EDİR Kİ...


3-08-2013, 11:19
İSA QƏMBƏR TƏKLİF EDİR Kİ...
Azərbaycanda prezident seçkisinin oktyabrın 9-na təyin edilməsi demokratik düşərgə və Milli Şura tərəfindən narazılıqla qarşılanıb.

Müsavat başqanı İsa Qəmbər də narahatlığını ifadə edərək Milli Şuraya yeni təkliflə çıxış edib. Müsavat başqanı təklif edir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qalmaq şərti ilə digər bir intellektualı namizəd kimi müəyyənləşdirib avqustun 9-da seçki kampaniyası başlanan kimi həmin namizədin irəli sürülməsi işləri ilə məşğul olmağa başlayaq. O zamana kimi Rüstəm İbrahimbəyov öz işlərini həll edərsə, Azərbaycana gələr və artıq vahid namizəd kimi onun üçün nə lazımdırsa edərik.

“Qafqazinfo” Müsavat başqanının yeni təklifinə Milli Şura üzvlərindən münasibət öyrənib.

Milli Şura üzvü Eldəniz Quliyev bildirib ki, İsa bəy təklif edirsə etsin: “Onun təklifinə Milli Şuranın sessiyasında baxılar. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsi həll olunacaq. Hər hansı fors major təkliflərə də ehtiyac qalmayacaq. Qoy heç kim bu barədə narahat olmasın”.

Milli Şuranın üzvü Zəfər Quliyev isə İsa Qəmbərin narahatlığını başa düşür: “Seçki kampaniyası avqustun 9-da başlayır. Milli Şuranın Tiflis görüşündə də müzakirə edildi ki, Rüstəm bəyin 10-15 gün müddətində problemlərini həll edib Bakıya qayıdacaq. Milli Şura da burda seçki prosesinə ciddi hazırlaşmalıdır. İndi seçkilərin vaxtının dəyişməsi narahatlıq doğuran amildir. Amma İsa bəyin təklifi çətin ki, dəstək alsın. Bizim əvvəlki müzakirələrimizdə ehtiyat namizəd məsələsi müzakirə olunmuşdu. Milli Şura üzvlərinin böyük əksəriyyəti bu məsələni dəstəkləməyib. İndi yenidən bu məsələni gündəmə çıxartmağa ehtiyac yoxdur. Bu təklif bizi əsas işdən yayındıra bilər. Çünki Milli Şuranın seçki qərargahı da Rüstəm İbrahimbəyov üçün yaradılıb. Ortaya yeni namizədin irəli sürülməsi Milli Şurada ümumi iqlimi dəyişə bilər. Daxildə parçalanmağa, ziddiyyətlərin yaranmasına gətirib çıxara bilər. Narahatlığı başa düşsəm də, hesab edirəm ki, bu real təklif deyil”.

AXCP sədrinin müavini Razi Nurullayev isə Milli Şuranın növbəti sessiyasının tez bir zamanda çağırılmasının tərəfdardır: “ Milli Şura qərar qəbul etməlidir ki, prezident seçkisinə birmənalı olaraq Rüstəm İbrahimbəyovla gedir. Rüstəm İbrahimbəyovun probləmləri həll olunmasa da, düşünürəm ki Milli Şura seçkidə mütləq iştirak etməlidir. Bu zaman başqa bir namizədlə seçkiyə gedilməsi məqbul sayıla bilər. O elə bir namizəd olmalıdır ki, həm Milli Şura, həm də cəmiyyət tərəfindən qəbul olunsun”.

Geri qayıt