Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ İNSANOVUN KADRINDAN NARAZILIQ VAR
ƏLİ İNSANOVUN KADRINDAN NARAZILIQ VAR3-08-2013, 11:44 |
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyəti bəzi hallarda vətəndaşları qane etmir. Həkimlər çağırışlara vaxtında getmədiyi üçün vətəndaşların bu sahədə çalışan şəxslərə inamı azalıb. İşinə səhlənkar yanaşan, düzgün qurmayan təcili tibbi yardım stansiyaları və həkimlər kifayət qədərdir. Təcili yardım işçilərinin ünvanlara vaxtında çata bilməməsində yol, tıxac əngəli də öz sözünü deyir. Ancaq ümumilikdə problemin kökü sırf həkimlərlə bağlıdır. Həkimlər əksər hallarda xəstə vətəndaşlara qarşı soyuq münasibət göstərib çağırışlara vaxtında cavab vermirlər. Həm də ki, təcili yardım stansiyalarında işləyən həkimlərin savadı qaneedici olmadığına görə vətəndaşlar çox vaxt onların xidmətindən imtina edir. Məlumat üçün bildirək ki, hazırda Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tabeliyində olan bəzi tibb ocaqlarında problemlər bir-birini əvəz etməkdədir. Bakı şəhəri, Nərimanov rayonu 1 saylı Təcili Tibbi Yardım Stansiyasında da neqativ halların çoxluğu diqqət çəkir. Apardığımız araşdırmalara görə, stansiyanın baş həkimi Nazim Hümbətovdur. Əldə etdiyimiz məlumatlara istinadən deyə bilərik ki, uzun müddətdir təcili tibbi yardım sahəsində işləyən baş həkim rəhbərlik etdiyi kollektivin üzvlərinə qarşı çox kobud hərəkətlər edir, bəzən isə onların ünvanına təhqirlər yağdırır. Məlumatlı şəxslərdən gələn bilgilərə görə, baş həkim işçilərinə «nacins», «eşşək» və digər qeyri-etik ifadələr deyərək onların şəxsiyyətini alçaldır. Biz stansiya rəhbərinin işçiləri ilə hansı formada davranmasına göstəriş verə, bu məsələyə qarışa bilmərik. Hər halda, məmurların və digər peşə sahiblərinin etik davranış kodeksi deyilən bir şey var. Baş həkim buna əməl etmirsə, onun cavabını biz yox, aidiyyəti şəxslər verməlidirlər. Məlumatda deyilir ki, baş həkim işçilərinə qarşı o qədər aqressivdir ki, hətta özündən böyük olan şəxsləri belə təhqir etməkdən çəkinmir: «Stansiyada işləyən və ağsaqqal yaşında olan bir nəfərə deyib ki, səni tutub bura zənginləmək lazımdır. Bu nəinki həkimə, heç insana yaraşan söz deyil. Nə etmək olar ki, baş həkim özü kimi vəzifədə olan qardaşlarına arxayın olaraq stansiyada ürəyi istəyən şəkildə hərəkət edir». Mənbənin sözlərindən aydın olur ki, Nazim Hümbətov Elmi Tədqiqat Pediatriya İnstitutunun (əhali arasında «OMD» kimi tanınır) direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin qardaşıdır. Onların soyadları fərqli olsa da, ailədaxili məsələ olduğundan biz buna bir şey deyə bilmərik, öz işləridir. Məlumata görə, baş həkimin digər bir qardaşı Lətif Hümbətovdur ki, o, Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri işləyir: «Komissiya rəhbəri vəzifəsindən istifadə edir. O, yetkinlik yaşına çatmayan şəxslərə əlillik dərəcələri verir». Aldığımız ən ilginc xəbərə görə isə, Nazim Hümbətov və qardaşları sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun yaxın qohumlarıdır. Mənbənin dediklərinə əsasən, adıçəkilən qardaşlar əslən Qərbi Azərbaycandandır və vaxtilə sabiq nazirə çox yaxın olublar. Ki, hətta Nazim Hümbətov bir dəfə «mən Əli İnsanovun sağ cinah hücumçusuyam» deyərək kimlərəsə qıcıq verib. Lakin sağ cinahın, yəni Əli İnsanovun həbs olunmasına baxmayaraq, bu şəxs hazırda yüksək vəzifə tutmaqdadır. Görəsən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi ElmiraƏliyeva və səhiyyə naziri Oqtay Şirəliyev nəyə görə müxtəlif vəzifələrin başında duran qardaşların fəaliyyətinə xitam vermir? Çox güman ki, ən qısa zamanda Nazim Hümbətov, Nəsib Quliyev və Lətif Hümbətov qardaşları ilə bağlı qanunvericiliyin tələblərinə müvafiq olaraq cəzalar tətbiq olunacaq. \ gundelik-baki \ Qarşı tərəflərin də mövqeyini işıqlandıra bilərik. Geri qayıt |