Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SALYANDA RÜŞVƏT QALMAQALI

SALYANDA RÜŞVƏT QALMAQALI


5-08-2013, 11:46
SALYANDA RÜŞVƏT QALMAQALI
DİA.AZ: - Dövlət Yol Polisinin Salyandakı postunda rüşvət qalmaqalı yaşanıb. Rüşvət istənilən şəxs isə Azərbaycanın Milli Qəhrəmanı Səfərəli Məmmədovun atası Qurban Məmmədov olub.

Baş verənlərlə bağlı DİA.AZ-a danışan Qurban Məmmədov bildirib ki, Salyan Postunda polis serjantı Fərhad Nərimanov ( üzərində döş nişanı olmayıb) və Əhməd Əlibəyli (döş nişanı 1039) onları postda onlara məlum olmayan səbəbdən saxlayıblar.

Milli Qəhrəmanın atası bildirib ki, onunla birlikdə 99 DZ 099 dövlət nömrə nişanlı «Mersedes» markalı maşında olan Fərid Zeynalov, Kamran Sadıqov, Fəyaz Sadıqov və Mirsəməd Sadıqov da baş verənlərə şahid olublar. Hadisə isə iyulun 28-də gecə saat 3 radələrində baş verib. «Əhmədlə Fərhad bizi saxlayıb bildirdi ki, guya, maşınla qəza vəziyyəti yaratmışıq və maşını da ziqzaqvari sürmüşük. Bu isə avtoşluq sayılır. Ona görə də, bizim maşın cərimə meydançasına və oradan da məhkəməyə getməlidir. Bunun baş verməməsi üçün isə bizdən 400 manat pul istədilər».

Qurban Məmmədov daha sonra bildirdi ki, məcburiyyətdən həmin pulu polislərə verməli olublar. «Pulu alandan sonra bizə dedilər ki, həmin məbləğ onlara yox, postun rəisi Quluya çatacaq».

Milli Qəhrəmanın atası qeyd edib ki, DYP əməkdaşı Əhməd Əlibəylinin belə hərəkətlər etməsi onun qohumlarının yuxarı vəzifələrdə olması ilə bağlıdır. «Əhmədin dayısı Əzizağa Baş Prokurorluqda yüksək vəzifələrdən birini tutur. Digər dayısı Mahir Məmmədyarov isə Saray DYP Postunun rəisidir».

Qurban Məmmədov sonda DİN başçısı Ramil Usubova da müraciət edib. O nazirdən xahiş edib ki, baş verənləri araşdırmaq və günahkarların cəzalandırılması üçün göstəriş versin. «Mən əminəm ki, cənab nazir qanunsuzluq edən DYP əməkdaaşlarını cəzalandıracaq».

Geri qayıt