Əsas Səhifə > Güney Press, Araşdırma > SAHİBKAR MƏMUR ZÜLMÜ İLƏ ÜZ-ÜZƏ QALIB
SAHİBKAR MƏMUR ZÜLMÜ İLƏ ÜZ-ÜZƏ QALIB6-08-2013, 13:49 |
İCRA BAŞÇISININ MÜAVİNİNDƏN ŞİKAYƏT VAR “İki il əvvəl “Qələbə” Kənd Təsərrüfatı Məhsulları İstehsal-İstehlak Kooperativi yaradıb qeydiyyatdan keçirtdim. Pilot layihə həyata keçirmək üçün həmkəndlilərimlə müqavilələr bağladım. Ancaq Oğuz rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə Azad Əliyev mənə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan vermədi. Bu adam torpaqları zəbt edib, kooperativ tərəfindən müqavilə ilə pilot layihəyə cəlb olunmuş torpaqların şumlanmasına imkan vermir”. Bunu Oğuzun Kərimli kəndində yaşayan Nadir İsmayılov deyir. O, sahibkarlıq fəaliyyətinə məmur əngəlləri yaradılmasından danışır. Deməsinə görə, başçının müavini Azad Əliyev onun kəndlilərlə müqavilələr əsasında birləşdirdiyi əkin sahələrini şumlamağa və toxum səpməyə imkan vermir: “Kooperativi qeydiyyatdan keçirdikdən sonra torpaqların könüllü birləşdirilməsi yolu ilə təsərrüfatımızı yaratmağa başladıq. Kəndimizdə 64 hektarlıq alma bağı var, torpaq islahatları aparılandan sonra həmin bağ kəndlilər arasında bölünüb, hazırda orda 674 təsərrüfat var. Bu təsərrüfatların hər birinin payına 3-14 sot arası torpaq sahəsi düşür. Bu torpaqlar əkilmədiyinə görə itirilmiş torpaq sahələri hesab olunur. Həmin torpaqlara görə kəndlilər vergi ödəsələr də, əkib-biçmədiklərinə görə xeyir götürə bilmirdilər. Məqsədimiz həmin torpaqları dirçəltmək və həm sahiblərinə, həm də kooperativimizə xeyir gətirmək idi. Torpaq yiyələri ilə müqavilələr bağlayıb şumlama işlərinə başlayanda, icra hakimiyyətinin başçı əvəzi Azad Əliyev təzyiqlərə başladı. Özümə birbaşa söz deməsə də, sahəyə gələn traktorçuya təzyiq göstərib ordan uzaqlaşdırırdı. İş o yerə çatmışdı ki, Oğuzda heç bir traktorçu qorxusundan sahəyə yaxın gəlmirdi. Məcbur olub Şəkidən traktorçu gətirdik. Sahənin 15 hektarı şumlandı. Ancaq traktorçu elə bircə gün işlədi. Sabahı gün Azad Əliyev zəng vurub onu necə hədələdisə, pulunu da almadı, qaçıb getdi”. Nadir İsmayılov deyir ki, təzyiqlərə baxmayaraq, şumlanmış 15 hektardan 10 hektarına toxum səpə bilib. Ancaq keçən ilin noyabr ayında Azad Əliyev toxum səpilmiş torpaqları şəxsi traktoru ilə şumlatdıraraq yararsız vəziyyətə salıb. Nadir İsmayılov onun hərəkətlərindən polisə və prokurorluğa şikayət edib. Ancaq Azad Əliyevin əməllərinin araşdırılmasına və hüquqi qiymət verilməsinə nail ola bilməyib. Çünki hər iki qurum ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edib. Nadir İsmayılov isə hesab edir ki, icra hakimiyyəti başçısını əvəz edən Azad Əliyevin hərəkətləri cinayətdir. Sahibkarlıq fəaliyyətinə məmur əngəlləri yaradıldığını iddia edən Nadir İsmayılov məhkəməyə müraciət edəcəyini deyir. Geri qayıt |