Əsas Səhifə > Partiya > İCTİMAİ PALATA YENİDƏN SİYASİ MEYDANDA

İCTİMAİ PALATA YENİDƏN SİYASİ MEYDANDA


6-08-2013, 14:36
İCTİMAİ PALATA YENİDƏN SİYASİ MEYDANDA
KEÇMİŞ BAŞ NAZİRDƏN XƏBƏRİ GƏLDİ

İctimai Palatanın toplanması təklifi ilə çıxış edən Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn avqustun 6-da “Media forum” saytına açıqlama verib:

- Bu təkliflə İctimai Palatanın bir neçə üzvü qurumun dönəm sədri İsa Qəmbərə müraciət edib. Çünki iclasın çağırılması barədə qərarı Koordinasiya Şurası verir. İctimai Palatanın sessiyası iki aya yaxındır toplanmır. Bunun obyektiv səbəbləri var: əsas fəaliyyət sahəsi olaraq Milli Şura nəzərdə tutulub.

Seçkinin keçiriləcəyi tarix bəllidir. Faktiki olaraq rəsmi seçki kampaniyası dövrü başlanıb. Belə bir vəziyyətdə hesab edirik ki, İctimai Palatanın da toplanması ümumi demokratik maraqlar baxımından faydalı olar. Rəsmən seçki kampaniyasının başlandığı bir dövrdə müxalifət düşərgəsində konkret müəyyənliyin olmaması bizi qayğılandırır. Amma İctimai Palatanın sessiyasının çağırılması, yaranmış ictimai-siyasi vəziyyətin müzakirə olunması təşəbbüsü Milli Şura ilə bağlı deyil. Şübhəsiz ki, Milli Şura hazırda ictimai-siyasi proseslərin tərkib hissəsidir, müzakirələrdə bu məsələ də gündəmə gələ bilər.

Mən ümumiyyətlə son zamanlar milli demokratik düşərgədə yürüdülən siyasətin tam tərəfdarı deyiləm. Baxmayaraq ki, mən və rəhbərlik etdiyim siyasi partiya Milli Şuranı müdafiə edirik. Amma qurumda hər şeyin doğru müəyyənləşdirilməsi fikrində deyiləm. Bununla bağlı öz mövqeyimi İctimai Palatanın iclaslarında və mətbuatda çıxışlarımda açıq ifadə etmişəm.

Seçki məsələsi daha çox Milli Şura çərçivəsində müzakirə edilir. Milli Şura da əslində seçkidə iştirakla bağlı yaradılıb. Milli Şuranın seçkidən sonrakı dövrdə də fəaliyyəti ilə bağlı fikirlər səslənir. Amma hamıya məlumdur ki, Milli Şura bu il keçiriləcək seçki ilə bağlı meydana gəlmiş bir təsisatdır. Milli Şura üzvü olmasaq da, şuranın bu proseslərdə prioritetliyini qəbul edirik və onun qəbul edəcəyi ümumi qərarların icrasında biz də iştirak edəcəyik. İndiki zamanda ümumi işə kömək etmək, bəzi məsələləri aydınlaşdırmaq, milli demokratik düşərgənin mövqeyini ifadə etmək üçün İctimai Palata ciddi bir mövqe ortalığa qoya bilər. İki aydan artıqdır iclas keçirilmir deyə İctimai Palatanın sessiyasını çağırılması müraciəti əsasnamənin tələbidir.

Geri qayıt