Əsas Səhifə > Cəmiyyət, Manşet > TOVUZUN MÜLKÜLÜ KƏNDİNDƏ YEZİD PEYDA OLUB

TOVUZUN MÜLKÜLÜ KƏNDİNDƏ YEZİD PEYDA OLUB


6-08-2013, 16:56
TOVUZUN MÜLKÜLÜ KƏNDİNDƏ YEZİD PEYDA OLUB
KƏNDLİLƏR PREZİDENTƏ MÜRACİƏT ETDİ

DİA.AZ: - Redaksiyamıza Tovuz rayon Mülklü kənd sakinlərinin şikayət məktubu daxil olub. Məlumat üçün bildirək ki, Mülklü kəndi rayon mərkəzinə yaxın kəndlərdən biridir və Bakı – Qazax magistral yolundan 3-4 kilometr məsafədə yerləşir. Bu kəndə girər – girməz problemlər az qala adamın gözünə girir. Magistral yoldan kəndə olan 3-4 kilometr yolu 1-2 saata güclə getmək olur. Kəndin su, işıq və qaz problemi bitib-tükənmək bilmir. Tovuz rayon İcra Hakimiyyətinin Mülkülü kənd üzrə icra nümayəndəliyi, Mülkülü kənd Bələdiyyəsi sanki kənd sakinlərinə qənim kəsilib. Özləri də bu kənddən olmaqlarına rəğmən. Bu barədə bir qədər sonra yazmaq imkanlarımız olacaq və yazacağıq da… Keçək mətləbə.

DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur ki, kənd camaatının böyük əksəriyyəti təsərrüfat işləri ilə, əkib-becərməklə məşğul olur. Həmin əkin sahələrini vaxtı-vaxtında suvarmaq çətinliyi ilə üzləşən sakinlərin sözlərinə görə, Mülkülü Sudan istifadə edənlər birliyinin sədri Rasim İsayev su kanalını ancaq öz əkin sahəsinə istiqamətləndirir. Başqa heç kimə sudan yararlanmağa imkan vermir. Nəticədə kənd sakinlərinin məhsulları məhv olur. Kənddə ona “yezid Rasim” də deyirlər. Hətta o, yararlı vəziyyətdə olan su borularını belə sataraq pulunu mənimsəyib. Mülklü kənd sakinləri baş verən bu qanunsuzluqlar barədə rayon rəhbərliyinə dəfələrlə məlumat versələr də, mövcud problem həllini tapmır.

Tovuz rayon Mülkülü kənd sakinləri redaksiyamız vasitəsilə kəndin problemləri və vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı müraciətlərinin sonunda bildirirlər:

“Möhtərəm cənab Prezident!

Biz Tovuz rayon Mülüklü kəndindən olan bir qrup sakin hər yerdən əlacımız kəsildiyi üçün, Ali qanunlarımızı rəhbər tutub Sizə müraciət edirik. Çünki, bizləri heç kim dinləyib yaranmış problemimizi həll etmək istəmir. Bizim vətəndaşlıq və digər hüquqlarımız bir neçə rüşvətxor, korrupsioner soyğunçular tərəfindən ayağlar altına atılıb. Rayonlarda, ən çox da kəndlərdə insanlar ağır həyat şəraiti yaşayır.

Möhtərəm cənab Prezident!

Biz Tovuz rayon Mülkülü kənd sakinləri inanırıq ki, məhz Sizə müraciətimizdən sonra bizim problemlərimizi dinləyib həlli üçün müvafiq addımlar atılacaq. Bununla yanaşı bu günə kimi bizim hüquqlarımızı pozan vəzifəli şəxslər barədə də qanunu ölçü götürüləcəkdir. Əvvəlcədən Sizə təşəkkürümüzü bildiririk”.

Geri qayıt