Əsas Səhifə > Güney Press, Araşdırma > "QARASU" ƏMƏLİYYAT ŞİRKƏTİNDƏ ŞOK MAXİNASİYA

"QARASU" ƏMƏLİYYAT ŞİRKƏTİNDƏ ŞOK MAXİNASİYA


7-08-2013, 12:27
"QARASU" ƏMƏLİYYAT ŞİRKƏTİNDƏ ŞOK MAXİNASİYA
Bu günədək «Qarasu» Əməliyyat Şirkətilə bağlı həm biz, həm də digər mətbuat orqanları kifayət qədər tənqidi və araşdırma xarakterli materiallar hazırlayıb, əldə olunan faktlar isə siz oxucularla yanaşı, aidiyyəti qurumların, hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb. Lakin nədənsə hələ ki, şirkətdə olub-bitənlərə aydınlıq gətirən, müxtəlif qeyri-qanuni hərəkətlərə, külli miqdarda maxinasiyaya yol vermiş şəxslər barəsində ölçü götürən olmayıb. Lakin buna baxmayaraq, biz peşə borcumuzu yerinə yetirərək məsələ ilə bağlı araşdırmalarımıza davam edirdik.

Beləliklə, əldə etdiyimiz son məlumatlara görə, Arif Fərəcovun direktoru olduğu «Qarasu» Əməliyyat Şirkətində baş energetik vəzifəsində çalışan Rafiq İsmayılov nə az, nə çox düz 15 milyon manatlıq maxinasiyaya imza atıb. Bu barədə bilgilərini bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, şirkətin baş energetiki hər biri 100 min manat dəyərində olan 3 ədəd generatorun müxtəlif yollarla «Şəfəq» MMC-yə satılmasına şərait yaradıb: «Rafiq İsmayılov «Qarasu» Əməliyyat Şirkətində baş energetik olsa da, özünün az qala şirkətin rəhbəri, sahibi kimi aparır. O imkan düşən kimi şirkətə məxsus müxtəlif avadanlıqların müxtəlif yollarla satılmasına qol qoyur. Məsələn, bir müddət əvvəl hər birinin qiyməti 100 manata yaxın olan 3 ədəd generator oğurlanaraq «Şəfəq» MMC-yə satılıb. Təkcə bu «əməliyyat»dan «Qarasu»ya 300 min manat ziyan dəyib, Rafiq İsmayılov isə məhz bu qədər əlavə gəlir əldə edib». Mənbənin bilgilərində həmçinin, o da qeyd olunur ki, Rafiq İsmayılov «Qarasu» Əməliyyat Şirkətinə aid bütün dövlət əhəmiyyətli avadanlıqları öz xeyrinə işlədir: «Şirkətin baş energetiki olan Rafiq İsmayılov «Qarasu»ya məxsus zəruri və olduqca baha qiymətə olan müxtəlif texnikadan, eyni zamanda digər avadanlıqlardan şəxsi maraqlarının təmin olunması məqsədilə istifadə edir. Hələ bu azmış kimi, o, istifadə müddəti keçmiş texnikadan da əlavə gəlir götürməyi bacarır. Belə ki, o, istifadə müddəti keçmiş avadanlıqları müvafiq sənədlərdə şirkətin balansından sildirdikdən sonra onları təmir etdirib şəxsi avadanlığı kimi «Qarasu»ya icarəyə verir. Rafiq İsmayılov məhz bu kimi yollarla külli miqdarda gəlir götürməklə yanaşı, Arif Fərəcovun direktoru olduğu şirkətə bir o qədər də maddi ziyan vurub».

Rafiq İsmayılovun Arif Fərəcovun başının üstündən müəyyən işlər gördüyünü deyən məlumatlı şəxsin sözlərinə görə, «Qarasu» şirkətinin baş energetiki bəzi şəxslərlə əlaqəyə girərək şəxsi maraqlarının təmin olunmasına, eyni zamanda adıçəkilən şirkətin balansında olan bir neçə qiymətli texnikanı mənimsəməyə can atır: «Rafiq İsmayılov öz bildiyini edir. Onu nə şirkətin gələcək taleyi, nə gəlirləri, nə də ki, digər məqamlar maraqlandırır. Onu düşündürən əsas məsələ «Qarasu»nun hesabına gəlirlərini artırmaq, bir sıra maxinasiyalarla şirkətdən daha çox mənfəət əldə etməkdir. Məhz elə bu səbəbdən də ölkənin hüquq-mühafizə orqanları, əsasən də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi «Qarasu»da genişmiqyaslı yoxlama aparmalı, eyni zamanda Rafiq İsmayılovun fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Əgər bu baş verərsə, o zaman Rafiq İsmayılovun həbsi qaçılmazdır. Çünki o, indiyədək bir çox maninasiyaların ya birbaşa, ya da dolayısıyla iştirakçısı olub». \ gundelik-baki \

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt