Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOV NAZİR OLA BİLƏR
KƏRƏM HƏSƏNOV NAZİR OLA BİLƏR5-01-2012, 12:17 |
NK-DAKI QAYNAQ: «KOMİTƏ SƏDRİ ƏLİYEV QARDAŞLARINI MƏHBƏSDƏ SAXLADI» DİA.AZ: - Hələ bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir neçə gün əvvəl azadlığa çıxma ehtimalları müzakirə predmetinə çevrilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin məhbəsdə saxlanılması üçün dəridən-qabıqdan çıxıb. Xatırladaq ki, ABŞ-dan da Əliyev qardaşlarının müdafiəsi ilə bağlı Azərbaycan hakimiyyətinə ismarıclar ünvanlanmışdı və həmin mesajlarda məhbus qardaşların azadlığı tələb olunurdu. Lakin gözlənilənlərin əksinə olaraq prezidentin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə imzaladığı əfv fərmanı nəticəsində yalnız 3 siyasi məhbus azadlığa çıxdı. Həm 2 aprel məhbusları, həm cihab tutuqluları və həm də Əliyev qardaşları içəridə qaldılar. Doğrudur, ümidlər bitmir və son olaraq dövriyyəyə buraxılan məlumatlarda qeyd olunur ki, siyasi məhbusların, həmçinin Fərhad və Rafiq Əliyev qardaşlarının azadlığı ilə bağlı məsələlər hakimiyyətin menyüsündədir və ola bilsin ki, bu ilin may ayının 10-a nəzərdə tutulan amnistiya aktı ilə onların da üzü gülmüş olsun. Amma istənilən halda bu məsələyə Kərəm Həsənovun çox sərt reaksiya verməsi hər kəsə məlumdur. Bunun isə hansı səbəbdən yarandığı da sirr deyil. Zamanında Fərhad Əliyevin kadrı kimi karyera yüksəlişi dövrünə baş vuran və hakim komandada özünə yer etməyi bacaran Kərəm Həsənov yaxşı bilir ki, Əliyev qardaşlarının hansısa birinin azadlığa buraxılması onun üçün ən azından problemlərin yaranışının start düyməsinin basılması kimi qəbul edilir. Elə buna görə də, əlindəki imkanlarından və əlaqələrindən istifadə edən komitə sədri belə bir addımın atılmasını ciddi-cəhdlə önləməyə çalışır. Hətta onun bu işin baş tutmaması üçün mətbuatda məqsədli şəkildə kampaniya aparması da məlum olub. Bütün bunları xatırladan Nazirlər Kabinetindəki mötəbər mənbəmiz bildirdi ki, Kərəm Həsənov hazırda çox ciddi etimad sahibidir: «Bu hakimiyyətin hansı prinsiplərlə hərəkət etdiyini gərək hər kəs çoxdan anlamış olaydı. Xəyanət bağışlanmır, sədaqət isə qiymətləndirilir. Onlara görə, Fərhad Əliyev, Əli İnsanov və digər 2005-ci il 17 Oktyabr hadisələrinin qurbanları xəyanətkarlardır. Kərəm Həsənov və elə həm də təhsil naziri Misir Mərdanov isə sədaqətli fiqurlar hesab olunur. Hətta belə bir sədaqəti ortaya qoymağı bacarmayan Bakı Şəhər Baş Polis İdarəisinin sabiq rəisi Məhərrəm Əliyev də vəzifəsini məhz sözügedən prinsiplər əsasında itirmiş oldu». Ona görə də bu gün Kərəm Həsənovun məhbəsdəki Əliyev qardaşlarından daha üstün mövqedə dayandığını diqqətə çatdıran mənbəmiz qeyd etdi ki, komitə sədri bu gün hətta nazir postuna belə tədarük görür: «Onun kimin yerinə təyin edilməsi hələ dəqiqləşməyib. Amma Kərəm Həsənov bu il nazir təyin ediləcək. Əliyev qardaşlarının isə hətta amnistiya olsa belə, məhbəsdə qalacağı şübhəsizdir». Geri qayıt |