Əsas Səhifə > Sosial, Manşet > ŞƏKİ SAKİNİ “ACCESBANK”LA PROBLEM YAŞAYIR
ŞƏKİ SAKİNİ “ACCESBANK”LA PROBLEM YAŞAYIR13-08-2013, 10:10 |
VƏTƏNDAŞ GÖSTƏRİLƏN XİDMƏTDƏN NARAZIDIR: TƏDBİR GÖRƏN YOXDUR DİA.AZ: - Şəki şəhəri, Çexov küçəsi ev 23-də yaşayan İbrahimov Xəyal Rahim oğlu “AccesBank” QSC-nin Şəki Filialındakı özbaşınalıqdan, müştərilərə sayğısızlıqdan giley-güzar edir. Bununla bağlı narazı vətəndaş müxtəlif aidiyyatı qurumlara müraciət etsə də, bir nəticəsi olmayıb. DİA.AZ olaraq Xəyal İbrahimovun Mərkəzi Bankın rəhbərliyinə, Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova ünvanladığı məktubu olduğu kimi diqqətinizə təqdim edirik: “Bildirirəm ki, mən “AccesBank” QSC-nin Şəki Filialının müştərisiyəm. Müxtəlif dövlərdə filialdan kreditlər almış və vaxtı-vaxtında öhdəliklərimi icra etmişəm. Sonuncu dəfə 2012-ci ilin oktyabr ayının 10-da filialdan 2000 AZN kredit almışam. Həmin kredit aldıqdan sonra da ödənişlərimi mütəmadi olaraq həyata keçirirəm. Lakin son iki ayda mən ödənişləri kassa vasitəsi ilə həyata keçirə bilməmişəm. Belə ki, filialın xəzinədarları ödənişi qəbul etməkdən imtina edirlər. 2013-cü ilin iyun ayında mən bununla bağlı bankın rəsmi saytına və 151 məlumat mərkəzinə şikayət etsəm də, şikayətimə heç bir münasibət bildirilməmişdir. 2013-cü ilin avqust ayının 10-da növbəti ödənişi etmək üçün Şəki filialın yaxınlaşdım.Həmin vaxt xəzinənin qarşısında məndən başqa müştəri yox idi. Ödənişi həyata keçirmək üçün xəzinədara yaxınlaşdım. Lakin o, ödənişi terminal vasitəsilə həyata keçirməli olduğumu bildirdi. Mən bunun məcburi olmadığını bildirdim və ödənişi qəbul etməsini xahiş etdim. Buna baxmayaraq o, təkidlə ödənişi qəbul etməkdən imtina etdi. Mən də ödəniş etməyərək filialı tərk etdim və 151 məlumat mərkəzinə zəng vurub şikayət etməyim üçün aidiyyəti şəxsə yönəltməsini xahiş etdim. Həmin şəxs-(Səadət xanım) şikayətimin nədən ibarət olduğunu soruşdu. Mən şikayətimi bildirdikdə o, mənə hüquq və vəzifələrimi izah etməyə başladı və ödənişi terminal vasitəsilə ödəməyin məcburi olduğunu bildirdi. Böyük ehtimal həmin şəxs ixtisasca hüquqşünas deyildi və onun vəzifəsi mənim şikayətimə cavab vermək deyil, şikayəti qeydə alaraq aidiyyəti bölməyə ünvanlamaqdır. Mən həmin şəxslə müəyyən vaxt danışdıqdan sonra hər hansı bir nəticə əldə edə bilməyəcəyimi görüb telefon danışığını bitirdim. Bildirirəm ki, mənimlə bank arasında bağlanan müqavilədə mənim üzərimə ödənişləri terminal vasitəsilə həyata keçirmək vəzifəsi qoyulmamışdır. Terminallar və onlayn ödəniş sistemləri ödəniş zamanı xoşagəlməz halların aradan qaldırılması və müştərilərə göstərilən xidmətin səviyyəsinin artırılması üçün tətbiq edilmişdir və bu ödəniş seçimləri müştərinin iradəsindən asılıdır. Əgər bu qayda məcburi xarakter daşıyırsa, onda müqavilə şərtlərinə dəyişiklik getməli və ya müştərilərə rəsmi qaydada məlumat verilməli idi. Hər bir halda xəzinədarın ödənişi qəbul etməkdən imtina etməsi qanunsuzdur və müqavilə şərtlərinə ziddir. Mən heç vaxt bankla aramda olan müqavilə şərtlərini pozmamışam və intizamlı müştəriyəm. Lakin bütün bu hallar Şəki filialında nəzərə alınmır və bir müştəri olaraq mənim əsaslı narahatçılığıma səbəb olur. Mən bununla əlaqədar Accessbank QSC-yə və bankın Şəki filialına rəsmi qaydada müraciət etmişəm. Şəki filialı qanuni əsaslarla olmasa da, şikayətimə cavab yazaraq ödənişi qəbul edəcəklərini dolayısıyla etiraf etmişdir. Lakin Accessbank QSC hal-hazıradək şikayətimi cavablandırmamışdır. Mən növbəti dəfə Accessbank QSC-nin Şəki filialının məktubuna rəsmi etiraz edərək onları xəbərdar edib bildirmişəm ki, növbəti ayın ödənişi zamanı belə halla qarşılaşsam ödənişi ümumiyyətlə ödəməyərək, bu barədə ilk növbədə Mərkəzi Banka, daha sonra vəzifəli şəxslərin hərəkətləri(hərəkətsizliyi) barədə məhkəməyə müraciət edəcəyəm. Lakin bu məktubuma da cavab verilməmiş və bu gün yəni, 12 avqust 2013-cü il tarixdə ödənişi həyata keçirmək üçün Şəki filialının xəzinəsinə yaxınlaşdım. Xəzinədar əvvəlki ödənişi qəbul etməkdən imtina edən şəxs idi. Ondan ödənişi qəbul etməsini xahiş etdikdə məni tanıyaraq qərəzli olaraq ödənişi yan tərəfdə oturan xəzinədara verməyimi tələb etdi. Mən də etiraz edərək məni incitməməsini və ödənişi qəbul etməsini xahiş edim. O da xəzinənin digər bölməsindən "işləmir" yazılan birkasını xəzinənin önünə qoyaraq mənə hörmətsizlik etdi. Mən onun bu qanunsuz əməlləri barədə qaynar xəttə məluma vermək istəyərkən xəzinənin jalüzünü endirdi və dedi yan tərəfə keç. Bütün bunlar xəzinədəki təhlükəsizlik kamerasında qeydə alınıb. Mən yenidən 151 məlumat mərkəzinə zəng edərək baş verənləri bildirdim və ciddi araşdırma aparılmasına köməklik göstərilməsini xahiş etdim. Təbii ki, müraciət etsəm də, onların işə obyektiv yanaşmalarına inanmıram. Artıq 3-cü dəfədir heç bir reaksiya verilmədiyindən hazırkı şikayətimlə Mərkəzi Banka müraciət etməli olmuşam. Çünki bank fəaliyyətinə nəzarəti həyata keçirmək, ödəniş sistemlərinin fəaliyyətini təşkil etmək, əlaqələndirmək, tənzimləmək və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirmək Mərkəzi Bankın Funksiyalarına aiddir. Eyni zamanda Mərkəzi Bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını bu Qanuna, «Banklar haqqında» «Poçt haqqında», «Bank olmayan kredit təşkilatları haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunlarına, Mərkəzi Bankın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirir. Odur ki, qeyd etdiyim halları nəzərə alaraq obyektiv araşdırılma aparılmasını və aidiyyəti şəxslərin cəzalandırılmasını xahiş edirəm”. Geri qayıt |