Əsas Səhifə > Sosial, Manşet > ŞİRVANDA BÜDCƏ PULLARINI KİMLƏR TALAN EDİR?

ŞİRVANDA BÜDCƏ PULLARINI KİMLƏR TALAN EDİR?


13-08-2013, 11:39
ŞİRVANDA BÜDCƏ PULLARINI KİMLƏR TALAN EDİR?
ARAN BÖLGƏSİNDƏ AT OYNADAN DÖVLƏTOV HƏTTA GƏMİNİ BELƏ SATA BİLİB

DİA.AZ: - Şirvanda fəaliyyət göstərən Gəmi Təmiri Zavodunda özbaşınalıqlar və korrupsiya hökm sürür. DİA.AZ bildirir ki, bu barədə “Tribuna” agentliyi (tia.az) məlumat yayıb. Portala verilən məlumata görə, zavodun direktoru Əliheydər Dövlətov rəhbəri olduğu quruma özünün gəlir mənbəyi kimi baxır.

Belə ki, bu zavodda çayların və göllərin lil və torpaqdan təmizlənməsi üçün istifadə olunan nasoslar da təmir etməlidir. Amma Dövlətovun sayəsində bu proses tamamilə dayandırılıb. Çünki bu məqsədlə ayrılmış vəsaiti xərcləməkdənsə, özünün cibinə qoymağı daha sərfəli bilir.

Məlumatlarda vurğulanır ki, suyun təmizlənməsi üçün nəzərdə tutulan boruların alınması üçün də maraqlı maxinasiyalar fikirləşilib. Belə ki, zavodun direktoru təzə adı altında aldığı boruları elə o cür də sənədləşdirir. Əslində isə istifadə olunan bu boruların hamısı köhnədir.

Amma Dövlətovun işləri bununla da bitmir. TİA.AZ-a çatan bilgilərdə vurğulanır ki, zavodun direktoru əlavə pul qazanmaq üçün xeyli sayda adamı işə götürüb. Lakin bu işə götürmə prosesi kağız üzərində həyata keçirilib. Belə ki, adları olan, amma özləri olmayan bu adamların əmək haqları isə direktora çatır. Hal hazırda Dövlətovda onlarla adamın əmək haqqı kartlarının olduğu deyilir. İddialara görə, zavodun direktoru maaş vaxtı həmin kartları üzə çıxararaq, onlardakı pulları özünə götürür.

Qəribə hallardan biri isə odur ki, Əliheydər Dövlətov heç nədən qorxmadan zavoda məxsus gəmilərdən birini bu yaxınlarda başqa adamlara satıb. Qanunla qadağan olunan bu addımı əhəmiyyətsiz hal kimi qəbul edən direktoru isə əsasən pul maraqlandırır. Bu azmış kimi, zavoda məxsus yüksək gərginlikli transformatorlar, zavodun balansındakı yük maşınları da ayrı-ayrı adamlara satılıb.

Ən acınacaqlı durumlardan biri də odur ki, Dövlətov hal hazırda zavodda işləyən şəxslərin də əmək haqlarına göz dikib. Onların maaş kartlarını özündə saxlayan direktor ayın sonunda maaşın 20 manatını özünə götürdükdən sonra yerdə qalanını sahiblərinə çatdırır.

Verilən məlumata görə, Dövlətov həmçinin şübhəli maliyyə maxinasiyalarında da gücünü sınayıb. Hələ bir müddət əvvəl onun Neftçala Suvarma Sistemləri İdarəsinə bir sıra müəmmalı maliyyə köçürmələri həyata keçirməsinin də üzəri açılmaq üzrədir. Hərçənd onun bu addımı ört-basdır edilir. İddialara görə, Əliheydər Dövlətovun maliyyə fırıldaqlarının örtülməsində yuxarıda oturan bəzi məmurlar maraqlıdırlar.

Məlumatda vurğulanır ki, Neftçala Suvarma Sistemləri İdarəsinin müdiri Elçin Əsədovla Əliyheydər Dövlətov yaxın dostdurlar və birgə bir çox işlər həyata keçiriblər. Həmin iddialara görə, Elçin Əsədov və onun tabeçiliyində çalışan şəxslər kəndlərin su ehtiyaclarını ödəyən subartezian quyularının ehtiyat nasos və su borularını söküb satmaqla məşğuldurlar: "Həmin su nasosları keyfiyyətsiz və köhnə olduğuna görə tez-tez sıradan çıxır və onların təmiri həftələrlə vaxt aparır. Həmin müddətdə isə əhali içməyə bir qram da su tapmır, çünki ehtiyat nasoslar qanunsuz olaraq satılıb. Elçin Əsədov isə Əliheydər Dövlətovla birlikdə ehtiyat nasos və boruları satıb pulunu mənimsəyiblər".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt