Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARIMIZA QƏNİM KƏSİLƏN «SAUNA MAFİYASI»

MƏMURLARIMIZA QƏNİM KƏSİLƏN «SAUNA MAFİYASI»


14-08-2013, 10:02
MƏMURLARIMIZA QƏNİM KƏSİLƏN «SAUNA MAFİYASI»
CİDDİ ŞƏKİLDƏ HİMAYƏ OLUNAN ŞƏBƏKƏNİN TƏHDİDİ ONLARI İFŞA EDİB

DİA.AZ: - Bir neçə il öncə qardaş Türkiyədə az qala «Ərgənəkon» həbsləri qədərində səs-küy yaradan bir həbslər silsiləsi həyata keçirildi. Ərdoğan iqtidarının ilk illəri idi və bu səs-küylü hadisələr Türkiyə ilə yanaşı, Azərbaycanda da diqqətlə izlənildi. Söhbət «sauna çetesi», «sauna mafiyası» kimi qələmə verilən bir qrupun həbsindən gedir.

Xatırladaq ki, həmin dönəmdə təxminən 100-ə yaxın şəxs ayrı-ayrı məmurların, tanınmışların, iş adamlarının gizli yolla saunalarda qeyri-münasib şəraitdə videoçəkilişlərinin həyata keçirilməsi və bu yolla şantaj edərək külli miqdarda pul əldə etməsi ittihamı ilə mühakimə olundu.

İndi isə anoloji situasiyanın Azərbaycanda da yaşandığı söylənilir. Hökumət içindəki bilgili qaynağın iddialarına görə, Azərbaycanda müəyyən bir qrupp var ki, eyni üsulla tanınmış şəxsləri təhdid edərək pul qazanmaqdadır.

Mənbənin DİA.AZ-a söylədikləri: «Onların Bakı ətrafında və eləcə də bir sıra kurort zonalarında istirahət mərkəzləri, saunaları, əyləncə yerləri var və bu yerlərdə əsasən məmurlar, tanınmış simalar dincəlirlər. Artıq 5 ilə yaxındır ki, həmin şəbəkə neçə-neçə tanınmışı gizli videoçəkilişlər hesabına təhdid edib, külli miqdarda qazanca nail olublar».

Mənbəmiz həmin şəbəkə ilə bağlı dövlətin müvafiq qurumlarının da yetərincə məlumatlı olduğunu da söylədi: «Artıq bu şəbəkə nəzarətə götürülüb. Amma onların arxasında ciddi fiqurlar da dayandığından, hərəkətə keçilməsi, tədbirlərin görülməsi üçün bir növ siyasi qərar verilməlidir».

Amma buna baxmayaraq, seçkidən sonra sözügedən şəbəkəyə ciddi zərbənin vurulacağını bildirən mənbəmiz onu da əlavə etdi ki, bu yaxınlarda həmin şəbəkə üzvləri ilə şantaj olunan məmur qohumlarından biri arasında silahlı insident də yaşanıb ki, bu da baş verənlərin üzə çıxmasına gətirib çıxarıb.

DİA.AZ bildirir ki, məlum şəbəkə və bu şəbəkənin himayədarları, həmçinin onların əllərindəki obyektlərlə bağlı redaksiyamıza dolğun məlumatlar ötürülüb. Yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt