Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR İCRA BAŞÇISI TƏHLÜKƏDƏ

DAHA BİR İCRA BAŞÇISI TƏHLÜKƏDƏ


6-01-2012, 12:25
DAHA BİR İCRA BAŞÇISI TƏHLÜKƏDƏ

ZAKİR FƏRƏCOV 90 MİLYON MANATIN HESABINI VERMƏLİDİR

DİA.AZ: - Çoxdandır mətbuatın gündəmindən düşməyən Abşeron rayonunun icra hakimiyyətinin başçısı Zakir Fərəcov ən ağır günlərini yaşayır. Bu barədə redaksiyamızı bilgiləndirən hökumət içindəki qaynaqlarn iddiasın görə, hakim komanda icra başçıları ilə bağl növbəti tarama dalğasına məhz Zakir Fərəcovun istefaya göndərilməsi ilə başlaya bilər.

Qeyd edək ki, hakimiyyətin kifayət qədər güclü dairələri tərəfindən dəstəklənən Abşeronun icra başçısı ilə bağlı yayılan məlumatlarda həmçinin onun çox ciddi problemlərlə üz-üzə qaldığı da söylənilir. Mənbə bildirir ki, keçən ildən Zakir Fərəcov Abşeron rayonunun icra hakimiyyəti olaraq dövlətə 90 milyon manat həcmində borclanıb. Bu pulların böyük qisminin mənimsənildiyini iddia edən mənbə onu da vurğulayır ki, keçən ilin dekabr ayının ortalarından etibarən icra başçısı pulların ödənilməsi üçün küncə sıxışdırılıb.

Bu barədə mənbənin söylədikləri: «Hətta Zakir Fərəcovu himayə edən qüvvələr də ona yardım edəcək durumda deyillər. Kim onun əvəzinə bu pulları geri qaytarar ki?»

Mənbə bildirir ki, Zakir Fərəcova fevral ayının ortalarına qədər vaxt verilib: «Əks halda ona qarşı korrupsiya ilə bağlı cinaət işi də açıla bilər. Doğrudur, icra başçısının himayədarları belə bir aqibətin yaşanmaması üçün Fərəcovdan pulların qaytarılmasını tələb edirlər. Əks halda, onlar belə icra başçısını qoruya bilməyəcəklər. Çünki söhbət dövlətə məxsus olan pulların mənimsənilməsindən gedir».

Məlumatlarda o da qeyd olunur ki, Zakir Fərəcov da həmin vəsaitin geri qaytarılmasının mümkünsüz olduğunu bildirib və eyni zamanda pulun ödənməsi üçün əlavə vaxt da istəyib: «Bu gün başçı pulların yalnız çox cüzi hissəsini geri qaytara bildiyini bəyan edib. Yerdə qalan əhəmiyyətli hissənin ödənilməsi üçün na vaxt lazımdır. Və təklif edib ki, bu il Abşeron rayonuna ayrılan vəsaitdən həmin pul çıxıla bilər».

Onu da bildirək ki, bu kimi olaylar əksər rayonlarda yaşanılır. Məsələn, Samux rayonunun icra hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda abadlıq işlərini həyata keçirmiş Samux Asfalt Beton zavoduna 391 min manat borclanıb. Və həmin vəsaitin zavoda ödənməsi barədə məhkəmə qərarları olsa da, icra başçısı bu pulu ödəməkdən yaınır və bunun əvəzində zavoda təklif edir ki, 2012-ci il üçün rayona ayrılan vəsaitdən həmin pul götürülə bilər.

Həmin vəsaitin əvəzinə isə digər rayon sahibkarlarından pulun yığılması və yaxud da büdcədə nəzərdə tutulan təyinat üzrə işlərin sahibkarların, yerli idarə müdirlərinin hesabına görülməsi planlaşdırılır.

Eyni qaydada Zakir Fərəcovun da vəziyyətdən çıxmağa çalışdığını bildirən mənbəmiz icra başçısının bu təkliflərinin hansı səviyyədə nəzərə alınacağının hələ bəlli olmadığını da bildirdi. Bir sözlə, Zakir Fərəcov bu gün gərgin anlarını yaşayır və onun həbsi belə gözdən keçirilə bilər.


Geri qayıt