Əsas Səhifə > Güney Press, Araşdırma > BİLƏSUVARDA KANALİZASİYA FIRILDAĞI

BİLƏSUVARDA KANALİZASİYA FIRILDAĞI


14-08-2013, 11:38
BİLƏSUVARDA KANALİZASİYA FIRILDAĞI
BAŞÇI PREZİDENTİ ALDATMAĞA HAZIRLAŞIR

Xəbər verildiyi kimi, yaxın günlərdə prezident İlham Əliyev bir sıra rayonlara səfərə çıxacaq. Həmin səfərlərdən biri isə Biləsuvardır. JAM.AZ xəbər verir ki, bu rayonda son bir neçə ildə bəzi işlər həyata keçirilib. Yeni kanalizasiya sistemi və rayon mərkəzinin yenidənqurulması ilə əlaqədar bəzi açılışların da həyata keçiriləcəyi nəzərdə tutulub.

Amma Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev büdcədən ayrılmış vəsaitlərin böyük bir qismini öz şəxsi məqsədləri üçün istifadə etdiyindən, dövlət başçısını aldatmaq qərarına gəlib. JAM.AZ-a daxil olan məlumatlara görə, rayon mərkəzində yenidən qurulmuş kanalizasiya sistemi üçün sərf olunan vəsait mövcud reallıqla üst-üstə düşmür. Bu azmış kimi, çəkilən xərclərlə göstərilən rəqəmlər arasında da ziddiyyət var. Üstəlik, bu işlərin bir çoxu yerli idarə və müəssisələrdən alınmış pullar hesabına reallaşdırılıb.

Məlumatda vurğulanır ki, ən böyük yalan isə küçələrin abadlaşdırılması və yenidənqurulması ilə bağlıdır. JAM.AZ xəbər verir ki, Biləsuvarda faktiki olaraq bir neçə əsas küçə asfaltlanıb və yol kənarındakı evlər kosmetik yeniliyə məruz qalıblar. Belə ki, Mahir Quliyevin göstərişinə əsasən yolun kənarındakı evlərin yalnız yola baxan hissəsi təmir olunub. Bina və evlərin daxilə açılan hissələri isə ümumiyyətlə, təmir edilməyib. Bunu azacıq müşahidə aparan kimi görmək də elə çətin iş deyil.

Məlumatlarda o da deyilir ki, Mahir Quliyevin yarımçıq işlər görməsinin ən əsas səbəbi büdcə pullarının silinməsi ilə bağlıdır. Yəni, «üstü bəzək, altı təzək» prinsipi ilə hərəkət edən icra başçısı bununla dövlət başçısını aldatmağa çalışır.

Geri qayıt