Əsas Səhifə > Hadisə > İRAN GETSİN OVUCUNU YALASIN

İRAN GETSİN OVUCUNU YALASIN


6-01-2012, 13:26
İRAN GETSİN OVUCUNU YALASIN

MOLLA REJİMİNİN HƏDƏLƏRİNƏ BAKIDAN REAKSİYALAR

Azərbaycanın siyasi icmalçıları İran İslami Şurası Məclisində Türkmənçay müqaviləsinin gündəmə çıxarılması ilə bağlı açıqlamaları əsassız sayırlar.

Politoloq Vəfa Quluzadə APA-ya açıqlamasında deyib ki, İran İslam Şurası Məclisində Türkmənçay müqaviləsinin gündəmə çıxarılması və bununla bağlı layihənin hazırlanması kimi açıqlamalar adi şantajdır: “Onların bu şantajlarına getməmək lazımdır. İran heç bir şey edə bilməz. İran öz dərdi ilə məşğul olmalıdır. Çünki bu gün, sabah onunla bağlı məsələ həll olunur. İran nüvə silahı hazırladığına görə, Qərb bu ölkəyə zərbə endirəcək. Yaxşı olar ki, İran bu barədə düşünsün, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmək barədə yox”. Vəfa Quluzadə beynəlxalq hüquq normalarına əsaslanaraq Türkmənçay müqaviləsinin ləğvinin mümkünsüzlüyünü vurğulayıb.

Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu şöbəsinin sabiq müdiri, keçmiş deputat Qulamhüseyn Əlibəyli isə deyib ki, İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələri Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb: “Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilməmiş dövlət strukturu yox idi. Bu hər iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.

Q. Əlibəyli qeyd edib ki, bu baxımdan müqavilələrə İran tərəfindən yenidən baxılıb-baxılmamasının Azərbaycan üçün heç bir hüquqi nəticəsi yoxdur: “Beynəlxalq hüquq baxımından da İran parlamentində səslənən fikirlərin əsası yoxdur. Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti olan dövlətdir və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb. Ölkəmizə qarşı ərazi iddiaları da əslində təcavüz kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaəddin Bürucerdinin başçılığı ilə keçirilən mətbuat konfransında İran parlamentinin Urmiyadan seçilmiş deputatı Nadir Qazipur deyib ki, Azərbaycan Respublikası İrana qarşı siyasətində düzəliş etməsə, iranlı deputatlar parlamentdə Türkmənçay müqaviləsini gündəmə çıxaracaq, ona yenidən baxılmasını tələb edəcək: “Əgər Azərbaycan rəsmiləri münafiqlərə sığınacaq versə, Ərdəbil, Təbriz və Urmiyadan seçilmiş azərbaycanlı deputatlar bununla bağlı hazırladıqları birgə layihəni İran parlamentinə təqdim edərək, Türkmənçay müqaviləsinə yenidən baxılmasını tələb edəcək. Əgər qanunlara yenidən baxılsa, Azərbaycan Respublikasının ərazisi İrana aiddir”.

Xatırladaq ki, 1813-cü il oktyabrın 12-də Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında Gülüstan müqaviləsi, 1828-ci il fevralın 10-da isə Türkmənçay müqaviləsi imzalanıb. Hər iki müqaviləyə əsasən tarixi Azərbaycan əraziləri Araz çayı sərhəd hesab olunmaqla adıçəkilən ölkələr arasında bölüşdürülüb.


Geri qayıt