Əsas Səhifə > Şou-biznes > ƏLİ MİRƏLİYEVƏ KİM OXUMAĞI QADAĞAN EDİB?

ƏLİ MİRƏLİYEVƏ KİM OXUMAĞI QADAĞAN EDİB?


15-08-2013, 11:25
ƏLİ MİRƏLİYEVƏ KİM OXUMAĞI QADAĞAN EDİB?
Müğənni Əli Mirəliyev ANS televiziyasında yayımlanan “Xalqın artisti” müsabiqəsində münsif kimi iştirak etməməsinin səbəblərini açıqlayıb.

“Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, ona bu layihədə iştirak etməməsi ilə bağlı çox suallar verilir: “Mənə deyirlər ki, niyə “Xalqın artisti” verilişində münsif qismində yoxsan. Deyirəm ki, ANS-də dəyişiklik oldu. Mirşahin Ağayevlə Seyfullanın vəzifəsi dəyişiləndən sonra bu cür oldu. Bu işə rəhbərliyi ANS televiziyası və ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev edir. Hələ “Toylar kralı” gedən vaxtlarda Seyfulla məni çağırıb yanına dedi ki, Əli müəllim, siz artıq oxuya bilmirsiz. İran stilində oxumayın. Dedim bəs düzgün oxumayanda necə başa salım, sözü düz deməyəndə melodiyanı necə izah edim ki, düz oxumur? Oxumasan melodiyanı necə izah edə bilərəm axı? Dedi ki, yox biz sizə icazə vermirik. Siz kimsiz ki, qoymayasız? Qoymursunuzsa, onda məni bu layihəyə çağırmayın. Axırıncı “Toylar kralı” gedəndə belə bir söhbət olmuşdu.

“Xalqın artisti”ndəki münsiflər heyətinin iştirakçılara münasibətlərinə baxdım. Gördüm bunlar mahnılara yox, iştirakçıların geyimlərinə münasibət bildirirlər. Kim neçə dəfə ərə gedib, nə bilim başqa nələr. Mən bu gün səhnədə olan xalq artistlərinin bir çoxunu bəyənmirəmsə, hansısa rayondan gələn hələ oxumağı bacarmayan birini necə xalqın artisti kimi qəbul edim? ANS-lə mən 7-8 ildir əməkdaşlıq edirəm. Amma bu cür layihələri o televiziyaya yaraşdırmıram. Hətta məni çağırsalar da getmərəm. O layihəyə başqa ad verə bilərdilər. Amma “Xalqın artisti” yox”.

Əli Mirəliyev daha sonra əlavə edib ki, onun bu layihədə iştirak etməməsində müsabiqənin aparıcısı Çingiz Əhmədovun günahı yoxdur: “Çingiz mənim dostumdur, neçə ildir qonşuyuq. Mənim bu layihədə iştirakımı Çingizin adı ilə bağlayırlar. Amma bu düzgün fikir deyil. Çingiz aktyordur, aparıcıdır. Məsələni həll edən rəhbərlikdir. Çingiz kimdir ki, məni bu layihəyə salsın və ya xaric etsin”.

Geri qayıt