Əsas Səhifə > Gündəm, Manşet > RƏSUL QULİYEVİN MƏMURLARLA İŞ BİRLİYİ

RƏSUL QULİYEVİN MƏMURLARLA İŞ BİRLİYİ


6-01-2012, 13:34
RƏSUL QULİYEVİN MƏMURLARLA İŞ BİRLİYİ

EKS-SPİKERİ AKTİVLƏŞDİRƏN MALİYYƏ MƏNBƏLƏRİ HANSILARDIR?

DİA.AZ: - 2011-ci il dekabrın 2-də Milli Məclisin sabiq sədri, ABŞ-da yaşayan Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Müqavimət Hərəkatı yaratmaq niyyətində olduğunu açıqlayıb. Sonra Hərəkatının proqramını cəmiyyətin müzakirəsinə çıxarıb.

Sözün düzü, nəinki cəmiyyətdən, hətta Rəsul Quliyevin keçmiş müttəfiqləri olan müxalifət partiyalarından da ona dəstək gəlməyib. Hətta keçmiş müttəfiqləri rəsul Quliyevi qeyri-ciddi olmaqda, Amerikada oturub inqilab etmək eşqinə düşməkdə ittiham ediblər.
Eks-spikeri dəstəkləməyənlər bunun üçün ciddi səbəblər də gətirirlər. Doğrudan da, Rəsul Quliyev bir neçə il əvvəl özünün az-çox tərəfdarlarını aldadaraq Bakıya gələ bilməmiş və Ukraynadan geri qayıtmışdır. Bu da onun nüfuzuna ciddi təsir etmişdir. Sonrakı illərdə isə Rəsul Quliyev bir müddət susmağa üstünlük vermiş və sanki siyasətdən çəkildiyini öz partiyadaşlarına mədəni şəkildə çatdırmağa çalışmışdır. Düzdür, Azərbaycan Demokrat Partiyasından uzaqlaşdırılandan sonra eks-spiker Açıq Cəmiyyət Partiyası yaratsa da, cəmiyyət tərəfindən heç bir dəstək ala bilməmişdir. Belə olan halda Rəsul Quliyev özünü yazıçılıqda sınamaq qərarına gəlmişdir. Və ACP sədri Rəsul Bayram imzası ilə bir-birinin ardınca yeni romanlar yazaraq bu yolla nəyəsə nail olmaq, cəmiyyətin yaddaşında qalmaq istəmişdir. Məhəbbət və detektiv, tarix və siyasət mövzularında yazdığı serial-romanlar Rəsul Quliyevə nəinki şöhrət gətirmiş, əksinə, olub-qalan hörmətini də puç etmişdir. Bütün gedişləri fiasko ilə nəticələnən eks-spiker «Ərəb baharı» deyilən olaydan sonra yenidən meydana atılmaq qərarına gəlmişdir. Onun son vaxtlar elan etdiyi Müqavimət Hərəkatına öz partiyasından başqa heç bir partiya qoşulmayıb. Cəmiyyətdən və ölkənin mövcud siyasi spektrindən heç bir dəstək ala bilməyən ACP sədri yeni taktikaya əl atmış, bəzi indiki və keçmiş məmurlarla danışıqlara başlamışdır. Mətbuatda gedən məlumata görə, ilk danışıqlar Naxçıvan Muxtar respublikasının keçmiş baş naziri, hazırda Türkiyədə yaşayan Becan Fərzəliyevlə olub. Rəsul Quliyev digər keçmiş məmurlarla da, hətta həbsxana həyatı yaşayan keçmiş səhiyyə naziri Əli İnsanovla da əlaqə yaratmağa cəhd edib. Ancaq məlumata görə işbirliyi hələ ki, alınmayıb.

Keçmiş spikerin danışıq apardığı şəxslərdən biri də Azərbaycan Naminə Forumun sədri Eldar Namazovdur. Ancaq hiss olunan odur ki, keçmiş məmurlar tərəfindən hələ ki, eks-spikerə ciddi dəstək görünmür. Vaxtilə haqqında cinayət işi qaldırılmış, 15 ildir ölkədə olmayan, hər dəfə tərəfdarlarını aldadan bir şəxsin ciddi dəstək qazanması müşkülə çevrilib.

«Hər ay, hər il Azərbaycana qayıtmaq barədə düşünürəm, lakin bunu həyata keçirməyi, sadəcə olaraq, bacarmamışam» deyən partiya sədrinin hansısa ciddi qərar qəbul edəcəyinə heç onun yaxınları da inanmır.

Ancaq buna baxmayaraq, Rəsul Quliyev uzun müddət fəaliyyəti hiss olunmayan Açıq Cəmiyyət Partiyasının (ACP) rayon təşkilatlarının sədrləri, partiya fəalları və gənclərin iştirakı ilə Amerikada oturub konfrans keçirir, indiki məmurların bəzilərini özünə qoşmağa çalışır.

İndiki bəzi məmurlarla aparılan iş deyəsən, öz nəticəsini verir. Mötəbər mənbədən redaksiyamıza daxil olan məlumata görə, 2012-ci ilin başlanğıcında aparılması gözlənilən köklü kadr islahatları zamanı vəzifəsini itirməyə real namizəd olan bəzi məmurlar Rəsul Quliyevin yaxın ətrafı ilə danışıqlara başlayıblar. Onsuz da yaxın aylarda vəzifəsi ilə vidalaşacağını bilən məmurlardan biri hətta keçmiş spikerə maliyyə yardımı edib. Hətta həmin məmurun ACP sədrinə ilkin olaraq müəyyən miqdarda maliyyə yardımı etdiyini də mənbəmiz söylədi. Həmin məmurun adı bizə bəlli olsa da, müəyyən səbəblərdən açıqlamağı hələ düzgün hesab etmədik. Mənbəmiz yaxın günlərdə Rəsul Quliyevlə gizli işbirliyinə gedən daha bir neçə məmurun adını açıqlayacağını bildirdi.


Geri qayıt