Əsas Səhifə > Siyasət, Manşet > PREZİDENT SEÇKİSİNDƏ KİM QALİB GƏLƏCƏK?

PREZİDENT SEÇKİSİNDƏ KİM QALİB GƏLƏCƏK?


15-08-2013, 12:51
PREZİDENT SEÇKİSİNDƏ KİM QALİB GƏLƏCƏK?
MÜXALİFƏTİ BİTİRƏN NÖQTƏ: «RAZBORKA» MEYDANINDA ALƏTƏ ÇEVRİLDİ

DİA.AZ: - Prezident seçkilərinə kim nəynən gedir? Hər halda, bu sualın cavabını araşdırmaq üçün son günlərini əsas hadisələri yetərincə izahlayıcı rol oynadı. Söhbət Rusiyanın dövlət başçısı Vladimir Putinin Bakı səfərindən və bu səfərin nəticələrindən gedir.

DİA.AZ bildirir ki, əcnəbi mediada Putinin Bakıdan əliboş döndüyü iddia olunsa da, əslində bunu Azərbaycanda yaşayanlar daha yaxşı bilirlər. Yəni burada hansısa xarici mətbuatın təxəyyülündən daha çox yaşantılarımızda müşahidə etdiklərimiz ən etibarlı mənbə rolunu oynayır. Və gördüklərimiz də belə deməyə əsas yaradır ki, Bakıda çörək kəsən Vladimir Putin sırf olaraq qədim Qafqazın duz-çörək sədaqətinə söykənib. Yəni anlaşma olmasaydı, bu qədər səmimi pozlar da verilməzdi. Çünki nə Rusiyanın yürütdüyü ənənəvi xarici siyasət və nə də ki, Putinin xarakterik keyfiyyətləri imkan vermir ki, diplomatik gülüşə ehtiyac duysunlar. Onlara xoş olmayan yerdə dişlərini ağartmırlar.

Yəni Bakı ilə Moskva arasında bir anlaşmaya varılıb. Bunu Putinin Bakı səfərini müşaiyət edən dekorativ sənədli anlaşmalar da hiss etdirir.

Və bu hadisə də prezident seçkiləri ərəfəsində olan Azərbaycan üçün kifayət qədər həlleidici məqama malikdir. Hətta bu gün hakim partiyanın və hakimiyyətin nümayəndələrinin «Putinin Bakı səfərinin seçkilərə aidiyyatı yoxdur» şəklində verdikləri açıqlamalar belə heç nəyi dəyişmir.

Bəli, Putin Bakıya məhz prezident seçkiləri ərəfəsində rəsmi Bakı ilə münasibət aydınlaşdırması üçün gəlmişdi. Ruslar bunun adına «razborka» deyirlər. Və aydın olanı odur ki, «razborka» əslində Putinin Bakı səfərinə qədər olub, sadəcə olaraq bu siyasi münasibət aydınlaşdırmasının nöqtəsi Bakıda qoyuldu. Putin bu səfəri ilə əldə etdiyi anlaşmanı nümayiş etdirdi. Yəni Bakı yenə də Moskvanın yanındadır.

Təbii ki, burada Azərbaycanın xarici siyasətində bağlı bir sıra uzlaşmaların həyata keçirilməsi vacib şərtlərdən biri idi. Anlaşma əldə edilibsə, deməli, Azərbaycan rusları incidən addımı atmayacaqlar. Ruslar isə…

Ruslar isə həm «Milyarderlər İttifaqı» kimi tanıdığımız Rusiya Azərbaycan Təşkilatları İttifaqının timsalında Abbas Abbasov kartını işə salmayacaqlar, Rüstəm İbrahəimbəyovun timsalında isə Azərbaycan müxalifətindən planlarında istifadə etməyəcəklər. Bunu elə Milli Şuradakı ovqatdan da duymaq olar. RATİ isə Moskvada olduğundan Kremlin yeni siyasətinin mehini daha erkən hiss etmişdi. Elə buna görə də dünənə qədər asıb-kəsən Abbas Abbasov 13 avqust səfərinə tədarükün yaratdığı təəssüratların təsiri altında idi.

Bəli, artıq rəsmi Bakı böyük bir problemini geridə qoymuş hesab oluna bilər. Amma dəyişikliklər mütləq olacaq. Və özü də hakimiyyətin daxilində. Çünki hakimiyyət az qala iki ilə yaxındır ki, ikiləşmiş şəkildə mövcuddur və bu hal aradan qaldırılmalıdır.

Kimlər vəzifələrindən alınacaq? Bu sualın cavabını da müəyyən etmək olar. Amma əsas olanı odur ki, Azərbaycan müxalifəti hətta xəyanətə bərabər bir addıma baş vursa belə, Rusiyanın antiAzərbaycan siyasətində yer alması fonunda belə uğursuzluğa düçar oldu. Bu bir faktdır. Bəri başdan onların «seçkilər antidemokratik şəraitdə keçirilib» şəklində bəyanatlarını hazırlaması, altından imzalarını basmaları ən doğru addım olar. Çünki qatar getdi. Müxalifətin illərin müttəfiqi olan iqtidar-Kreml münasibətlərində «qəzəbləndirici alətə» çevrilməsinin bədəli isə ağır olacaq… Ən azından bunu millət bağışlamayacaq…

DİA.AZ Analitik Qrupu

Geri qayıt