Əsas Səhifə > Siyasət, Manşet > ABU REKTORUNA QARŞI İTTİHAM

ABU REKTORUNA QARŞI İTTİHAM


6-01-2012, 13:50
ABU REKTORUNA QARŞI İTTİHAM

ELŞAD ABDULLAYEV ELMİ OĞURLUĞU ÜZƏ ÇIXIB

DİA.AZ: - Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin plagiatlığı barədə yeni məlumat yayılıb. ABU rektorunun rus, habelə fransız alimlərinin əsərlərinin üzünü köçürməsi, elmi oğurluğu rusiyalı elm adamlarına da məlum olub.

Moskvanın ayrı-ayrı universitetlərinin, akademiyalarının apardıqları araşdırmalar zamanı Elşad Abdullayevin elmi dərəcə almaq üçün əl atdığı ən müxtəlif üsullar aşkar edilib. Ötən həftənin sonlarında biabırçı elmi oğurluqla bir araya gələn rusiyalı alimlər Azərbaycanın öz qalmaqalları, plagiatlığı ilə ad çıxarmış, üstəlik, «zavallı», «zərərçəkmiş» görkəmində adı və şəkli mətbuatın gündəmindən düşməyən Elşad Abdullayevin böyük ustalıqla etdiyi köçürmələrini müəyyənləşdiriblər. Moskvanın mərkəzində bununla bağlı keçirilən müzakirələr bir sıra təəccüb doğuran məqamların, xoşagəlməz faktorların üzə çıxması ilə nəticələnib. rusiyanın tanınmış elm adamları, ayrı-ayrı universitetlərinin, akademiklərinin nüfuzlu xadimləri ABU rektorunun plagiatlığı ilə əldə etdiyi elmi dərəcələrindən məhrum edilməsi istiqamətində fəaliyyətə başlamaq qərarını veriblər.

Beləcə, Elşad Abdullayevin heç vaxt ağlına gətirmədiyi şeylər onun başına gəldi. ABU rektoru heç yuxusunda da görməzdi ki, onun əsərlərinin üzünü köçürdüyü mənbələr bir gün ictimaiyyətə açıqlayacaq və hamı ABU-nun keçmiş rektorunun elmi sahədəki oğurluqlarından agah olacaq. Bu günlərdə isə aldığımız daha bir xəbərə görə, başqalarının nailiyyətlərindən sui-istifadə yolu ilə yararlanan Elşad Abdullayevə verilmiş elmi dərəcə və elmlər doktoru diplomu ləğv edilib. Elşad Abdullayevin «Müqayisəli inzibati hüquq» mövzusundakı doktorluq işi Bakı Dövlət Universitetində yerinə yetirilib, rusiya Dövlət Humanitar Universitetində 2000-ci ilin 22 noyabrında müdafiə olunub və 2000-ci ilin 22 dekabrında rusiya Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq elmlər doktoru diplomu verilib. Lakin sonradan bəlli olub ki, Elşad Abdullayevin doktorluq işi Kozırinin «İnzibati Hüquq»undan köçürülüb.

Bu günlərdə Rusiyada aparılan araşdırmalar başa çatdıqdan sonra diplomun ləğvi barədə qərar verilib. Hələ 2001-ci ilin mayında Azərbaycan Ali Attestasiya Komissiyasının Humanitar və İctimai Elmlər Şöbəsinin rəisi BDU-nun rektoruna ünvanladığı məktubunda yazıb ki, Elşad Abdullayevin müdafiə elədiyi doktorluq işi plagiatdır. Bu baxımdan Azərbaycan Ali Attestasiya Komissiyasının rəyasət Heyətinin 2011-ci ilin 27 aprel tarixli 15 saylı qərarı ilə həmin işin təkrar attestasiyadan keçirilməsi qeyri-mümkün hesab edilib. Göründüyü kimi, əvvəlcə Bakıdakı saysız-hesabsız villalarından, avtomobillərindən, habelə biznes obyektlərindən əli üzülən Elşad Abdullayev daha sonra vətəni Azərbaycanı, külli miqdarda pulunu, rüşvət, habelə digər qanunsuzluqlar mənbəyi sayılan Azərbaycan Beynəlxalq Universitetini, daha sonra isə saxta yollarla əldə etdiyi elmi dərəcəsini itirdi. Abdullayevin saxta yollarla alimlik dərəcəsi aldığını indi yaxın Rusiyada, habelə uzaq Fransada da çox yaxşı bilirlər.

Daxil olan daha bir xəbərə görə, Elşad Abdullayevi sığındığı Fransada da ciddi sınaqlar gözləyir. Belə ki, ABU-nun keçmiş rektorunun əsərinin üzünü köçürdüyü fransız alimin qohumlarının təkidli tələbilə Elşad Abdullayevin plagiatlığı ilə bağlı bu ölkədə də ciddi araşdırmalara başlanılıb.


Geri qayıt