Əsas Səhifə > Sosial, Manşet > HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI
HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI9-01-2012, 10:24 |
FHN ŞEFİNİN GİZLİ İNŞAAT SÖVDƏLƏŞMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI DİA.AZ: - "GEN" MMC, "Mur-Ay" MMC, "Kamran - B.Ə" MMC, "Safari-N" MMC... Bu şirkətlərin adı çəkiləndə uzun müddət mətbuatın gündəmindən düşməyən hadisələr xatırlanır: sadə vətəndaşların aldadılması, külli miqdarda pulların mənimsənilməsi, açılan cinayət işləri, həbslər. Xatırladaq ki, ayrı-ayrı vaxtlarda bu tikinti şirkətlərinin hər biri vətəndaşlardan tikdikləri binalarda mənzil satmaq adı ilə böyük məbləğdə pullar almış, lakin sözlərinin üstündə durmamışdılar. Zərərçəkənlərin şikayətləri əsasında bu şirkətlərin bəziləri haqqında cinayət işi açılmış, bir neçə əməkdaşları həbs olunmuşdu. İş elə bununla da yekunlaşmışdı. Vətəndaşlara isə nə mənzil verilmiş, nə də ödədikləri məbləğ geri qaytarılmışdı. Təxminən, bir ay öncə isə "Mur-Ay" MMC-nin aldadıb pullarına sahib olduğu vətəndaşlara başqa bir şirkət tərəfindən yeni evlərin veriləcəyi söylənildi. Belə ki, "Şərur-inşaat" tikinti şirkəti hökumətlə olan anlaşmasına əsasən zərərçəkmişlərə itirdikləri evlərin əvəzində özünün inşa etdiyi və tikilməkdə olan binalardan yeni mənzillər verməyi öz öhdəsinə götürüb. Məlumat üçün bildirək ki, "Mur-Ay" MMC vətəndaşlarla imzaladığı müqavilə əsasında onlara 80 min 500 kvadratmetr mənzil sahəsi tikib verməli olduğu halda, cəmi 23 min 400 kvadratmetr tikib. Bundan əlavə, vətəndaşlardan yığılmış 21 milyon 269 min manat vəsaitin 17 milyon 310 min manatı mənimsənilib. Göstərilən rəqəmlər də "Şərur-inşaat"ın öz üzərinə nə qədər böyük məsuliyyətli iş götürdüyünü göstərir. İstər-istəməz, ortaya belə bir sual çıxır - "Şərur-inşaat"ın başqa şirkətin aldatdığı vətəndaşlara pul verməkdə marağı nədir? İlk versiya kimi ağıla gələn şirkətin özünü bu yolla reklam etməsi fikri olur. Belə ki, bu xəbər demək olar ki, bütün mətbuat orqanlarında dərc olundu, "Şərur-inşaat"ın indiyə qədər heç kimin görmədiyi bir iş görməsi - başqa tikinti şirkətinin fırıldağından əziyyət çəkənlərə pulsuz mənzil paylaması sensasiyalı bir xəbər kimi yayıldı. Əlbəttə, reklam fikri ağlabatan olsa da, o qədər də inandırıcı səslənmir. Çünki, heç bir şirkət öz reklamına 17 milyondan artıq pul xərcləməz. Başqa bir variant isə şirkətin bu addımından sonra dövlətin ona edəcəyi güzəştlərdən yararlanmasıdır. Çünki, razılaşmaya əsasən hökumət tərəfindən "Şərur-inşaat" şirkətinə Yasamal rayonunda 4 hektar torpaq sahəsi və güzəştli şərtlərlə - illik 12% olmaqla uzun müddətə 10 milyon manat kredit ayırılıb. Lakin şirkətin maraqları heç bununla da bitmir. Belə ki, "Mur-Ay" MMC-yə mənzillərinin haqqını tam ödəmiş şəxslərə evlər əvəzsiz şəkildə verildiyi halda, pulun yarısını ödəmiş vətəndaşlar ödəmədikləri hissəni "Şərur-inşaat"a verməli olacaqlar. Ən maraqlısı isə qalıq hissənin "Mur-Ay" MMC ilə razılaşdırılmış məbləğdən daha yüksək tələb olunmasıdır. Amma sadalanan səbəblər belə, "Şərur-inşaat"ın niyə bu cür "xeyriyyəçi" addım atmasına tam aydınlıq gətirmir. Əsas səbəb isə tamam başqadır. Artıq heç kimə sirr deyil ki, yazının əvvəlində adını sadaladığımız tikinti şirkətləri də "Şərur-inşaat"ın törəmə şirkətləridir. Bu isə o deməkdir ki, "Şərur-inşaat" heç də xeyriyyə məqsədli bir iş görmür. Əksinə, çoxdan atmalı olduğu addımı atır. Əhali isə bu qədər aldanışdan sonra yenə də öz mənzillərinə sahib olacaqlarına inana bilmirlər. Digər tikinti şirkətlərinin qurbanı olmuş vətəndaşlar isə hələ də ya mənzillərini ya da ödədikləri pulu alacaqları günü gözləyir. Qeyd edək ki, "Şərur" MTK-nın törəmə şirkəti olan "Kamran B.Ə" MMC mənzil-tikinti şirkətinin aldatdığı müştərilər bu günlərdə yenidən etiraz aksiyası keçirdilər. 250-yə yaxın aldadılan müştərini təmsil edən 60-a yaxın müştəri aksiyaya qatılıb. Aksiya iştirakçıları şirkət rəhbərliyinin müştəriləri aldatmasına, müqavilə şərtlərinə əməl etməməsinə, bir mənzili bir neçə müştəriyə satmasına etirazlarını ifadə edib. Bu barədə redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən informasiyada isə bildirilir ki, əslində «Şərur-inşaat»ın fırıldaqçı şirkətlərin qurbanı olmuş vətəndaşlarla bağlı yaranmış problemin həllinə cəlb edilməsində birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib. Xatırladaq ki, bu barədə hələ öncələrdən də məlumat vermişdik və bildirmişdik ki, birbaşa olaraq dövlət başçısı Kəmaləddin Heydərovu həm «Mur-AY» MMC-nin və həm də digər inşaat firmalarının aldatdığı sakinləri razı salmağa təhkim edib. Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, Kəmaləddin Heydərov əslində burada təsadüfən seçilməyib. Hər halda, onun bu gün inşaat sektorunda əsas fiqur olması hər kəsə məlumdur. Hətta digər oliqarx-məmurlar belə FHN şefi ilə bu məsələdə ayaqlaşa bilmirlər. Eyni zamanda Kəmaləddin Heydərovun həm də rəhbərlik etdiyi qurumun mahiyyəti səbəbindən inşaat sektorunda əldə etdiyi «təbii haqqları» da şərait yaradır ki, o, bu sahədə əsas fiqur kimi qabara bilsin. Bu da nəticədə Kəmaləddin Heydərova üstünlüklər verdiyi kimi, həm də problemləri həll etmə öhdəçiliyini də yaratmış olur. Onu da xatırladaq ki, Kəmaləddin Heydərovun ilk əvvəl «Mur-AY» MMC ilə bağlı yaranmış qalmaqalı hazırda Xətai rayonuna rəhbərlik edən Razim Məmmədova həll etməsi üçün göstəriş verdiyi və bu göstərişin icra başçısı tərəfindən qulaqardına vurulduğunu da diqqətinizə çatdırmışdıq. Bu səbəbin isə nəticədə icra başçısının FHN şefinin hədəfinə çevrilməsinə şərait yaratdığı məlum olmuşdu. Onu da bildirək ki, Razim Məmmədov birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasında olan fiqurlardan biri kimi dəyərləndirilir. Qayıdaq mövzumuza. Məlumatlı mənbələr bildirir ki, «Şərur-inşaat»ın fırıldaq nəticəsində aldadılmış vətəndaşların probleminin həllinə cəlb edilməsi ideyası da elə Kəmaləddin Heydərova məxsusdur. Bu barədə məlumatlı qaynağın söylədikləri: «Həmin şirkət bu vaxta qədər inşaat üçün lisenziya əldə edə bilmirdi. Amma bu ilin ilk günlərindəcə «Şərur-inşaat»ın lisenziya problemi həllini tapıb. Bundan əlavə, «Şərur-inşaat» məhz «fırıldaq problemi»ni çözəcəyi səbəbindən əlavə imtiyazlara da malik olacaq ki, bu imtiyazların başında gələni sözügedən şirkətin tikdiyi yaşayış evlərinin qazlaşdırılma probleminin həlli məsələsidir. Yni zamanda «Şərur-inşaat»ın dövlət layihələrindəki əksər tenderlərdə də qalib olacağı şübhəsizdir». Necə deyərlər, bu ölkədə heç nə təsadüfən baş vermir… Geri qayıt |