Əsas Səhifə > Güney Press, Araşdırma > AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT
AVROPA MƏHKƏMƏSİNƏ BAKIDAN DAHA BİR ŞİKAYƏT19-08-2013, 10:46 |
57 yaşlı Fatma Əsgərova uzun illər yaşadığı Səbail rayonu, Hacıbabayev qardaşları küçəsindəki evindən bir günün içində köçməyə məcbur olub. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri 2011-ci ildə ona evindən çıxmaq üçün 1 gün vaxt veriblər. Onlar səbəb olaraq, Bayraq Meydanının ərazisinin genişləndirilməsini göstəriblər. Qadın da gecəyə qədər evinin mebellərini şəxsi vəsaiti ilə tutduğu maşınla kirayə evə daşıyıb: “Köçəndən sonra mebellərimi satdım. 8-9 ay kirayə qaldım. Kirayə pulunu özüm ödədim. Indiyə kimi mən mebelsiz oturmuşam. Orada mən arxayın idim ki, mənim hər şəraitim var, bundan sonra ancaq xəstəliyimi müalicə etdirəcəyəm. Elə vəziyyətə gəlib çıxmışam ki, bilmirəm, evi düzəldim, yoxsa borca girim?” F.Əsgərovanın 39 kvadrat metrlik evinin hər kvadrat metrinə 1500 manat kompensasiya verilib. O, bu pulla razılaşmasa da, məcburi şəkildə evindən çıxarılıb. Fatma xanım 7-ci mikrorayonda təmirsiz evdə yaşayır. Indi onun nə mebeli, nə də təmir üçün pulu var. Deyir ki, yaxınlarda bankdan kredit götürüb evinin təmirinə başlayıb: “Bu evə qeydiyyata da düşməmişəm. Imkanım da çatmır ki, qeydiyyata düşüm. Hələ də sökülmüş evimdə qeydiyyatdayam”. Fatma xanım əvvəlki evindən danışanda şəraitindən razılıq edir. Deyir ki, günlərin birində 57 yaşında küçəyə atılacağını heç ağlının ucundan da keçirməyib: “Neft şirkətində çalışmasaydım, bəlkə yenə də küçələrdə idim. 50 yaşdan sonra şəxsiyyət vəsiqəsi dəyişilməlidir. Mən dəyişməmişəm deyə havadayam. Bu gün-sabah seçkilər olacaq, mən harada səs verəcəm, bilmirəm". Fatma Əsgərova evdə tək yaşayır. Deyir ki, bu günə qədər şəraitini yaxşılaşdırmaq üçün borca düşüb və hələ də borc ödəyir: “Şəhər adamı olasan, köçəri kimi yaşayasan... Heç olmasa, oradan çıxardıqlarını müvəqqəti qeydiyyata alsınlar”. Hacıbabayev qardaşları küçəsində yaşayan digər sakin Aytəkin Əliyeva da eyni səbəblə evindən çıxarılıb. O da bir günün içində mebellərini daşıyıb, yerləşməyə mənzil axtarıb. Evi 39 kvadrat metr olsa da, ona 37 kvadrat metrin pulunu veriblər: “Mən çıxarılanda məhkəmə qərarı yox idi. Mənim evimin 2 kvadrat metrinin pulunu kəsdilər, vermədilər. Texniki pasportda 39 kvadrat metr yazılmışdı, amma qeydiyyat şəhadətnaməsində 37 kvadrat metr qeyd edilmişdi deyə, pulumu vermədilər. Ev söküləndən sonra 2 ay kirayə qaldıq. Bir ayın pulunu dövlət verdi, o biri ayın kirayəsini mən verdim”. A.Əliyeva indi Dövlət Statistika Komitəsinin arxasındakı binada yaşayır. 40 kvadrat metrlik mənzili var, amma təmirsizdir: “Ora öyrəşmişdik, şəraiti daha yaxşı idi. Uşaq da istəyir ki, ora getsin”. F.Xoşginabi küçəsində yaşayan Natalya Vladimirovna qazı, suyu, işığı kəsiləndən sonra azyaşlı övladının xəstəliyinə görə evinin söküntüsü üçün təklif olunan məbləğlə razılaşmalı olub. Ona verilən 41 min manata 8-ci Kilometr qəsəbəsində 1 otaqlı mənzil alıb. Həmin mənzildə isə yalnız azyaşlı oğlu ilə yaşamaq məcburiyyətində qalıb. Digər iki övladına yaxın qohumu baxır. N.Polovinka sadəcə, kompensasiya istəyir. Bu pulla bir otaqlı mənzilini iki otaqlı edib digər övladlarını da yanına gətirmək üçün... N.Polovinka sökülən mənzilinin ona nənəsindən qaldığını deyir. Onun evinin sahəsi mənzilin qeydiyyat şəhadətnaməsində 29 kvadrat metr olsa da, evin sahəsi azaldılaraq 27 kvadrat metr hesablanıb. Verilən vəsait də məhz azaldılan sahəyə uyğun olub. Abdulxaliq Hüseynov Səbail rayonu, Aqil Quliyev küçəsi 5 ünvanında yaşayıb. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində evini itirən insanlardan biri də odur. Evinə gələn çoxsaylı bildirişlərdə adının və soyadının yazılmadığını deyir. Bayraq meydanı tikilən ərəfədə o, evindən köçürüləcəyindən xəbərsiz olub. Səbail rayon Aqil Quliyev 5, Hacıbabayev qardaşları və F.Xoşginabi küçəsinin 19 nəfər sakini Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Onlar təzyiqlər altında alqı-satqı müqaviləsini imzaladıqlarını bildiriblər. Sakinlər məhkəmədən xahiş ediblər ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, evin bərpası və dəymiş mənəvi zərərin əvəzi ödənilsin. Şikayətçilərin vəkili Şəfa Camalzadə “Azadlıq”a deyib ki, yerli məhkəmələrin heç biri sakinlərin iddiasını təmin etməyib: “Alqı-satqı müqavilələri məcburi şəkildə bağlanıb. Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndəsi Zülfəli Ismayılov dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxsləri təhdid edərək, razılaşmayacaqları halda, işlərini itirəcəklərini deyib. Sakinlərin evlərinin hər kvadrat metri 1500 manatdan hesablanıb. Bu müqavilələrin ləğvini və hər kəsə 20 min manat mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş etmişdik. Amma iddiamız təmin olunmadı”. Vəkil işlərin Avropa Məhkəməsinə hazırlandığını çatdırıb. Bakı Şəhər Icra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə “Azadlıq”a suallarımızı cavablandıra bilməyəcəyini dedi: “Hüquqşünaslarımız bu işlə məşğuldurlar. Onlar da məzuniyyətdədir deyə, cavab verə bilməyəcəklər”. Geri qayıt |